Fitrə zəkatı adambaşına 3 manatdır

“Əgər bayram axşamı bir kəsin evində qonaq olarsa, ailə başçısı onun üçün də fitrə pulu verməlidir”





Mübarək Ramazan ayının sonlarına yaxınlaşırıq. Ramazan ayının oruc tutmaqla yanaşı, daha bir vacib əməli də fitrə zəkatının çıxarılmasıdır. Ramazan bayramının digər bir adı da elə Fitr bayramıdır. Məlumdur ki, fitrə zəkatı Ramazan bayramından öncə - bayram axşamı çıxarılmalıdır. Amma din xadimləri belə məsləhət görür ki, fitrə zəkatı bir neçə gün əvvəldən çıxarıla bilər və bu, daha yaxşıdır. Burada məqsəd fitrə pulunun veriləcəyi şəxsin evi, ailəsi üçün bazarlıq etmək imkanlarına sahiblənməsidir.

Bəs fitrə zəkatı necə hesablanmalıdır? Bununla bağlı məlum şər hökmlər mövcud olsa da, istehlak səbətinin qiymətinin dəyişməsi, insanların gündəlik tələbat xərclərinin yüksəlməsi müəyyən suallar ortaya çıxarır. Fitrə zəkatının dəyəri 3 kiloqram buğda və ya xurma, kişmiş və s. çox istifadə olunan qida məhsullarının dəyəri ilə ölçülür. Ancaq nəzərə alsaq ki, günümüzdə buğda çox ucuzdur, 3 kiloqram buğdanın pulu ilə bayram etmək mümkün olmaz.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı Hacı Fuad Nurullayevə müraciət etdik. H.F.Nurullayev "Şərq”ə açıqlamasında bildirdi ki, fitrə zəkatı çıxarmaq hər bir müsəlman ailə başçısının borcudur:

- Hər bir ailə başçısı borcludur ki, Ramazan bayramı öncəsi, bayram namazından əvvəl fitrə zəkatı versin. Bunu bayram axşamı da etmək olar, bayram axşamından öncəki günlərdə də. Fitrə zəkatının hikməti budur ki, Allahın əmri ilə bir ay oruc tutaraq, həm də bədəninin zəkatını vermiş müsəlman, malının da zəkatını versin və bununla da Allahın hökmlərinə tam tabe olsun. Oruc tutmayan adam da fitrə zəkatı çıxara bilər. Bu onun üçün daha yaxşıdır. Fitrə pulunun dəyəri adətən 3 kiloqram ən çox yeyilən qidanın pulu dəyərində hesablanır. Azərbaycanda da ən çox yeyilən çörəkdir. Bu da minimum 3 manat eləyir. Ancaq biz həmişə tövsiyə edirik ki, fitrə zəkatı adambaşına 5 manatdan hesablansın. Bu da Ramazanın fəzilətidir. Azı yox, çoxu seçmək. 3 manat çıxarılsa da, məqbuldur. Amma müsəlman öz müsəlman qardaşının daha yaxşı, daha üstün qidalanmasını təmin etmək istəyirsə, bir az artığa meyl etsin və fitrə pulunu 5 manatdan hesablasın. Ailə başçısı himayəsində olan ailə üzvlərinin sayına görə, adambaşına 5 manatdan fitrə zəkatı çıxarsa yaxşıdır.

H.F.Nurullayev bildirdi ki, əgər bayram axşamı bir kəsin evində qonaq olarsa, ailə başçısı onun üçün də fitrə pulu verməlidir. Evlənmiş, ailə qurmuş övladlar isə artıq ailənin üzvü sayılmır. Evin xanımı da fitrə zəkatının çıxarılmasında iştirak edə bilər. Evin xanımı işləyir və əmək haqqı alırsa, o da öz pulundan fitrə zəkatının üzərinə qoya və ya ailədən çıxarılacaq ümumi zəkata əlavə edə bilər. Bu, artıq istəyə bağlı məsələdir. Ailə başçısının - kişininsə fitrə zəkatı çıxarmaq birbaşa vəzifəsidir. Valideynlər əsgərlikdə və ya səfərdə olan ailə üzvləri üçün də fitrə pulu çıxara bilər. Ancaq bu, vacib deyil, müstəhəbdir. Vacib olan bayram axşamı günü evdəki adamların sayı qədər adambaşına pul çıxarmaqdır.

Fitrə zəkatı imkansız insanlara verilməlidir. Fitrənin çıxarılmasından da vacib onun düzgün istiqamətə yönəldilməsi, həqiqi ehtiyaclıya verilməsidir. Müsəlman ilk növbədə yaxın qohum-əqrəbasından, qonşusundan bir fəqirə fitrə pulunu verməlidir. Əgər qohum-əqrəbada, qonşuluqda belə adam yoxdursa, o zaman soraqlaşıb, ehtiyaclı birisini tapmaq və pulu ona vermək lazımdır.

Məlahət