Cümşüd Nuriyev: "Tək-tük adamların çıxışları vəziyyəti düzəltmir"
Anar İmanov: "Ərazilərimizə qanunsuz səfər edənləri beynəlxalq məhkəmələrə vermək mümkündür"
Məlum olduğu kimi, ötən ay Fransanın bir neçə bələdiyyə başçısı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər. Bununla kifayətlənməyən fransalı rəsmilər Qarabağda mövcud olan qondarma separatçı rejimlə birgə "bəyannamə” imzalayıblar. Fransalı siyasətçilərin təxribatçı addımları ictimaiyyət nümayəndələrinin kəskin etirazına səbəb olub. Ekspertlərə görə, həmsədr Fransanın dəfələrlə baş verən hadisəyə göz yumması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyannamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən bir qrup var. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, ikili əlaqələri pozmağa çalışır.
Bu şəxslərdən biri də Fransua Roşebluandır. Qanunsuz səfərdə iştirak edənlərdən biri - Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşebluan həmişə erməni lobbisinin təsirində fəaliyyət göstərib, ermənilərdən daha artıq erməniliyi ilə seçilib. O, Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərdiyi dövrdə də daima ermənilərin maraqlarından çıxış edib.
Qanunsuz səfərlərlə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, dünya ermənilərinin 40 faizindən çoxu Fransada yaşayır. Ən güclü erməni lobbisi məhz həmin ölkədədir:
"Əgər ABŞ-da 1 milyon erməni varsa, Fransada 4 milyondan artıq erməni məskunlaşıb. Xarici İşlər Nazirliyimizdə Avropa ilə bağlı şöbə var. Qitənin bir çox ölkəsində səfirliklərimiz fəaliyyət göstərir. Ancaq onların işi qənaətbəxş deyil. Azərbaycanın Fransadakı səfirliyi qanunsuz səfərlərlə bağlı tədbir keçirməli, mühüm şəxslərlə əlaqə qurmalıdır. İnanın, siyasətçilərimizin əksəriyyəti Fransadakı səfirin adını bilmir. Çünki həddindən artıq fəaliyyətsizdirlər, daha doğrusu, başqa işlərlə məşğuldurlar. Bundan əlavə, Milli Məclisdə Azərbaycan-Fransa dostluq qrupu fəaliyyət göstərir. Parlament bu barədə qərar çıxartmalı, Fransaya müraciət etməlidir. Tək-tük adamların çıxışları vəziyyəti düzəltmir. Cavabları verilmir deyə, bəzi ermənipərəst fransızlar qudururlar”.
Professor bəyan edib ki, ölkəmizdə çoxlu partiyalar, xeyli qeyri-hökumət təşkilatları, o cümlədən bələdiyyələrin birgə təmsil olunduğu ictimai birliklər var: "Niyə heç birinin səsi çıxmır? Bir yerə toplaşıb bəyanat versinlər. Müxalif təşkilatlar oturub gözləyirlər ki, xaricdəki bəzi qüvvələr Azərbaycana təzyiq göstərsinlər, bizi pisləsinlər. Belə şeylər eşidəndə sevindiklərindən hamısı danışmağa başlayır. Başa düşmürlər ki, burada söhbət Azərbaycan dövlətinin və xalqının ümumi maraqlarından gedir. Təəssüflər olsun ki, heç kim öz işi ilə məşğul olmaq istəmir. Xaricdə təhsil alan və bir neçə əcnəbi dil bilən gənclərimiz var. Ancaq onların da bəzisi müxtəlif siyasi oyunlara cəlb olunduqları üçün belə məqamlarda susurlar”.
Siyasi şərhçi Anar İmanov da "Şərq”ə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə, Qarabağa razılaşdırılmamış səfərlər həyata keçirənlərə qarşı ən uyğun seçim, hazırda tətbiq olunan "qara siyahı” məsələsidir:
"Bundan başqa, ərazilərimizə qanunsuz səfər edənləri beynəlxalq məhkəmələrə də vermək mümkündür. Presedent yaranan kimi, aqressorlar bu fikirdən də daşınacaqlar. Hesab edirəm ki, həmsədrlər institutu effekt vermədiyi üçün qurumun fəaliyyətini dayandırmaq lazımdır. İllərlə fəaliyyət göstərməsinə rəğmən, ortada heç bir nəticə yoxdur. İşğalçıya son xəbərdarlığı edərək, müharibəyə hazırlaşmağın vaxtıdır. Hələ ki başqa çıxış yolu görünmür. Bir an öncə əzəli torpaqlarımızda anti-terror əməliyyatı keçirmək lazımdır”.
İsmayıl