Gecikmişik: “İdman Azərbaycan” olsun, niyə “Qarabağ TV” olmasın?

“Bir halda ki, Gürcüstanın “Alaniya” telekanalının timsalında bu təcrübə artıq var”
“Bu saat dünyada nəticəsi əvvəlcədən bəlli olan proqramları sevmirlər. Bu, heç kəsə maraqlı görünmür”

"Qarabağ TV”nin yaradılması hələ ki, arzu olaraq qalır. Bu niyyətlə ilk dəfə xanım millət vəkili Flora Qasımova çıxış etmişdi. Millət vəkili "Qarabağ” adında telekanalın fəaliyyət göstərməsinin Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayacağı fikrindədir. F.Qasımova bu telekanalın bir neçə xarici dildə, hətta erməni dilində də yayımlanmasını təklif edirdi. Onun fikrincə, hazırda Ermənistanın gənc nəsli Qarabağ haqqında həqiqətləri bilmir.

Erməni gəncliyini yalnız intiqam ruhunda tərbiyə edir, beyinlərini Qarabağın guya erməni torpaqları olmasına dair cəfəngiyyatlarla doldururlar. "Qarabağ TV” yaradılsa və proqramları xarici dillərdə, o cümlədən erməni dilində də yayımlansa, dünya ictimaiyyəti ilə yanaşı, ermənilərin özü də xülyalara qapıldıqlarını başa düşər və həqiqəti bilərlər.

Millət vəkili ideyası ilə bağlı fikirlərini KİV-də bölüşüb və bunun üçün lazımi instansiyalarla iş aparılmalı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tezlik alınmalı, vəsait ayrılmalıdır:

- "Qarabağ TV” yaradılması mənim arzumdur və bunun reallaşması üçün müvafiq qurumlarla əlaqələr yaradılmalı, perspektivlər öyrənilməlidir. Bu təkcə mənim istəyimə bağlı məsələ deyil. Hazırda ATV telekanalının nəzdində ermənicə veriliş gedir. Bu sevindiricidir. Amma bu verilişi neçə insan izləyir? Mənim bir məqsədim var. Əgər həqiqətən də Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, baxmayaraq ki, özləri belə demir, biz onlara Dağlıq Qarabağın tarixini, həqiqətlərini öz dillərində çatdırmalıyıq. Yaxşı haldır ki, AzTV və İctimai Televiziyada "Xəbərlər” proqramı ingiliscə, rusca da yayırlar. Amma yeni yetişən ermənilər bu dilləri bilmir. Ermənilər onların beyninə yeridir ki, Qarabağ əzəli olaraq onların torpağı olub. Biz isə öz-özümüzə danışırıq. Ölkə daxilində Qarabağ üçün telekanal yaradılmalıdır. Azərbaycanın inkişafını məhz ermənicə təqdim etməliyik. Çünki televiziya ən yaxşı təbliğat vasitəsidir. Kiminsə qəzet almaq, sayta daxil olmaq imkanı olmaya bilər. Amma televiziya hamının əli çatdığı təbliğat vasitəsidir”.

Flora Qasımova bu işdə hər kəsi birliyə çağırmışdı: "İşğal altında olan torpaqlar geri alınanda kimin ora getməyə mənəvi haqqı olacaq? Zənnimcə, bu suala cavab tapmaq üçün hər kəs öz-özünə hesabat verməlidir. Bu sual veriləndə nə qədər insan cavab verməyə hazır olacaq? Ən azı bunu düşünərək hər kəs əlindən gələni etməlidir”.

Milli Teleradio Şurası isə bu məsələdə tələskənlik nümayiş etdirmir. Şuranın qənaəti belədir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən kifayət qədər teleradio yayımçısı var və onların hər biri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində öz töhfələrini verir, bu işə həssaslıqla yanaşırlar.

MTRŞ-nin monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov Modern.az saytına açıqlamasında qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar:

- Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə "Caspian İnternational Broadcasting Company” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli-mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir.

Təvəkkül Dadaşov bu sahədə hər zaman işlərin görüldüyünü diqqətə çatdırıb və əlavə edib ki, "ehtiyac olacağı təqdirdə bu istiqamətdə yenə də tədbirlər görüləcək”.

Televiziya mütəxəssisi Zeynal Məmmədli xanım millət vəkilinin təklifini bəyəndiyini bildirdi:

- Mən bu ideya ilə tam razıyam. Amma burada iki önəmli məsələ var. Birincisi, niyə bu təklif belə gec edilib?.. Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır davam edir. Bunun 10 ilini qoyaq bir kənara. Azərbaycan müstəqilliyini tam bərpa etdikdən, iqtisadiyyatımız inkişaf etdikdən sonra, ayrıca "İdman Azərbaycan”, "Mədəniyyət” kanalları olduğu halda niyə "Qarabağ TV” olmamalıydı? Özü də bir halda ki, Gürcüstanın "Alaniya” telekanalının timsalında bu təcrübə artıq vardı. Gürcüstan bu telekanalı sırf Osetiya problemini işıqlandırmaq üçün yaratdı. Məlumdur ki, osetinlərin böyük hissəsi Rusiyada yaşayırdı. Və "Alaniya” telekanalında rus dilində çox gözəl proqramlar efirə verirdilər. Düzü, bilmirəm, indi də bu telekanal yayımlanır, ya yox, amma həmin vaxt üçün bu, çox müsbət bir iş idi. Gürcülər vaxtında tərpəndilər. İkinci məsələ, "Qarabağ TV” adlı telekanal yaranacağı təqdirdə orada hansı məzmunlu, hansı ruhlu verilişlərin yayımlanacağıdı. "Alaniya”da ifşaedici ruh yox idi. Problemləri araşdırırdılar, kökünə gedirdilər. Bu, çox önəmlidir. Əsas diqqət proqram tiplərinə, proqram formatlarına yönəlməlidir. Bilirsiz, bu saat dünyada nəticəsi əvvəlcədən bəlli olan proqramları sevmirlər. Bu, heç kəsə maraqlı görünmür. Heç Ermənistan auditoriyası üçün də maraqlı, cəlbedici olmayacaq. Dünya belə şeyləri qəbul etmir artıq. Daha çox bilgiləndirməyə çalışmalıyıq. "Qarabağ TV”ni seyr edənlər görməlidir ki, bu telekanal müstəqil fəaliyyət göstərir. Hissiyyat, duyğu üzərində köklənən proqramlar, Şuşanın və ya Laçının fotolarını göstərmək istənilən effekti verməyəcək. Əgər belə bir telekanal yaradılacaqsa, əvvəlcə, peşəkar kadr potensialı formalaşmalıdır. Bu saat hər bir telekanalın dünyanın hər yerindən izlənmək imkanları var. Biz sovet dönəmindən qalma proqram tipləri ilə dünya tv məkanına çıxmamalıyıq. Dünyanın qəbul etdiyi, dəyər verdiyi proqram tiplərinə köklənməliyik.

Məlahət Rzayeva