Təhsil haqları hiss olunacaq dərəcədə aşağı salınmasa, vəziyyət dəyişməyəcək
Özəl universitetlərə maraq azalıb. Hətta elə universitetlər var ki, plan yerlərinin cəmi 11, bəzilərinin isə 25 faizi dolub. Ümumilikdə özəl ali təhsil müəssisələrindəki plan yerlərinin təxminən 58 faizi boş qalıb. TQDK-dan verilən məlumata görə, 43 ali məktəb üzrə ayrılan 41736 plan yerindən Azərbaycan bölməsinə 31322 abituriyent daxil olub.
Onlardan 11340 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Rus bölməsi üzrə ayrılmış plan yerinə daxil olan 3449 tələbədən 975 nəfəri dövlət sifarişi əsasında oxuyacaq. Siyahıda diqqətçəkən məqam özəl ali məktəblərə, eləcə də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunan tələbələrin say etibarilə az olmasıdır. Bunun səbəbləri isə müxtəlif amillərlə izah olunur. Kimi bunu həmin təhsil müəssisələrində təhsil haqlarının yüksək qoyulması, kimi isə keyfiyyətsiz təhsil vermələri ilə əlaqələndirir. Maraqlıdır, görəsən, son illər özəl ali məktəblərə axının azalması nə ilə bağlıdır? Sualımızı cavablandıran Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev "Şərq”ə bildirib ki, əksər universitetlər qeydiyyat zamanı illik ödənişi tələb edir: "Qısa müddət ərzində bu vəsaiti tapa bilməyən abituriyentlər qeydiyyatdan imtina etmək məcburiyyətində qalır. Belə məqamlarda müəyyən güzəştlərin tətbiqi ilə tələbə cəlb etmək olar”. Ə.Ağayev digər çıxış yolunu isə təhsil haqqının aşağı salınmasında görür: "Bəzi özəl universitetlər yaranmış vəziyyətlə əlaqədar olaraq yeni tədris ilində təhsil haqlarını 20-25 faiz endirmək qərarına gəliblər”. Digər təhsil eksperti Nabatəli Qulamoğlu da söyləyib ki, bizim özəl ali məktəblərin savadlı kadr yetişdirmək potensialı yoxdur: "Birinci səbəb budur. Digər yandan iqtisadi böhranın baş verməsi ölkəmizdə insanların həyat səviyyəsini də aşağı saldı. Bu da, tələbələri məcbur edir ki, özəl ali məktəblərdən imtina etsinlər. Məhz buna görə indi bəzi ali mətkəblər məcbur qalıb ödənişləri aşağı salır”.
Ekspertin qənaətincə, növbəti il özəl ali məktəblərə axın indikindən də zəif olacaq: "Azərbaycanda ali məktəblər abituriyentlərə qucaq açacaq ki, gəlin oxuyun. Səbəblərdən biri də odur ki, hazırda özəl ali məktəblərdə təhsil haqları manatın devalvasiyasına uyğun aparılmır. Manatın ucuzlaşmasına baxmayaraq ali məktəblər təhsil haqlarını aşağı salmayıb. Bu da, vəziyyəti onsuz da ağır olan kasıbın durumunu daha da ağırlaşdırır”.
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı da deyib ki, Azərbaycandakı özəl ali təhsil sistemi normal inkişaf etmiş ölkələrdən fərqlidir. "İnkişaf etmiş ölkələrdə özəllərdə tədrisin səviyyəsi yüksəkdir. Azərbaycanda da dövlət universitetləri ilə rəqabətə davamlı özəl ali məktəblər var”.
M.Zülfüqarlı statistikaya istinad edərək, ən az qəbulun "Odlar Yurdu” Universitetinə olduğunu deyib: "Bu ali məktəbə cəmi 61 nəfər qəbul olub. Bu da həmin universitetin reytinqinin aşağı olmasını göstərir. Bunu "Xəzər” və "Qafqaz” universitetləri barədə deyə bilmərik. Dövlət və özəl universitetlər arasında da reytinqi aşağı və yuxarı olanlar var. Ümumi baxışda demək olar ki, Azərbaycanda dövlət universitetinə meyl daha çoxdur”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda Türkiyə ilə müqayisədə təhsil haqqı həddindən artıq yüksəkdir: "Bizdə özəl universitetlər bütün xərcləri özləri ödədiyindən təhsil haqqı yüksəkdir”.
M.Zülfüqarlı onu da əlavə edib ki, özəllərə qəbulun azalması TQDK-nın problemidir: "TQDK keçid dövrü üçün nəzərdə tutulmuş bir qurum idi. Gələcəkdə rüşvət mexanizmi universitetlərdən aradan qaldırılardısa, qəbulun universitetlərin özlərinə verilməsi gözlənilirdi. Təəssüf ki, indiyədək rüşvət və neqativ hallar aradan qalxmadığına görə, qəbulu TQDK keçirir. TQDK da ildən-ilə qəbul şərtlərini sərtləşdirir. Bu da ona gətirib çıxarır ki, bizim tələbələr daha asan şərtlərlə xarici universitetlərə axışırlar”.
Ayyət Əhməd