Gənc ailələr niyə dağılır? - SƏBƏBKAR QIZ ANALARIDIR

Mehriban Zeynalova:" Bəzi qız analarının “mənim qızım bu cür olmalıdır” hökmü ailələrin dağılmasına gətirib çıxarır"

"Valideynlər övladlarının ailələrini idarə etməyə çalışdıqca ailələrin dağılması sürətlənir".


Bunu Sherg.az-a gənc ailələrin valideynlərin müdaxiləsi səbəbindən dağılması faktından danışarkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

Xanım sədr bildirib ki, qaynana-kürəkən, qaynana-gəlin münasibətləri və ümumən qaynanaların övladların ailələrinə müdaxilə etməsi axır vaxtlar daha da aktuallaşdırılıb, neqativ nəticələri qabardılır: 

"Gənc ailələrin, xüsusilə evlənən qızların valideyndən ayrı yaşamaq istəyi artmaqdadır. Əvvəllər yazılmamış qanunlar var idi bu sahədə, valideynlərin xətrinə dəyməsin deyə, ayrı yaşamaq istəyi biruzə verilmirdi, amma indi bu ifrat dərəcədə göstərilir. Əslində bu davranışlarda müsbət tərəflər var idi ki, gənc gəlinlərin ailə həyatına adaptasiyası, onun məişət səviyyəsində ailə münasibətlərini tənzimləməsində, övladların böyüdülməsi, tərbiyəsində qaynananın və bütün ailə üzvlərinin rolu, dəstəyi olurdu. Bu da uşaqların normal inkişafına müsbət təsir edirdi. Amma son vaxtlar evlilikdən əvvəl şərtlər qoyulur, oğlan ayrı yaşasın, valideyn yanında qalmasın. 

Əslində bunun da müsbət tərəfləri var ki, gənclər istənilən halda müstəqil həyata başlayırlar və ailələrini fərdi şəkildə idarə etmək istəyirlər. Şəxsi problemlərinə məsuliyyət hissini artırmağa çalışırlar. Amma bir xüsusiyyət də qeyd edilməlidir ki, əsasən qadınlarımız, qızlarımız birdən-birə müstəqil ailə həyatına qədəm qoymaq iqtidarında deyil. Bunun başlıca səbəbi isə milli xüsusiyyətdən irəli gəlir ki, ailədə qızlarımız daha çox valideyn himayəsində olur, sərbəstlik, düzgün hazırlıq aşılanmır. Müəyyən davranış modellərimiz əks təsir göstərir. Yəni biz münasibətləri tənzimləməyə, mübahisələri həll etməyə o dərəcədə hazır olmuruq. Odur ki, bəzi hallarda ailənin böyüklərinin iştirakı olduqca vacib olur”.

M. Zeynalova böyüklərin gənclərə təsirlərindəki mənfi hallardan da söz açıb. O, deyib ki, böyüklərin, valideynlərin gənc ailələrə yol göstərməyə, məsləhət verməyə deyil, idarə etməyə səy göstərməsi müşahidə edilir: 


"Mənfi təsir də məhz bundan yaranır ki, idarə etməklə dəstək göstərmək qarışdırılır. Qız anaları daha çox, "mənim qızım bunu etməlidir”, "mənim qızım bu cür olmalıdır”, "mən belə istəyirəm” kimi fikirləri qızlarına dəstək şəklində anlayırlar. Lakin burada qızın öz fikrini ifadə etməsinə, düzgün bildiyi şəkildə hərəkət etməsinə imkan verilmir. Ən pisi isə evlənənə qədər valideynin himayədarlığına alışmış qızlar valideynin hökmlərini yerinə yetirirlər. Ailə modelimizdə dəyişilməsinə ehtiyac olan, ailələrin dağılmasına gətirib çıxaran münasibətlərdir. 

Ailələr müəyyən qədər övladlara imkan yaratmalıdır ki, bu təsirlərdən çıxa bilsin, fərdi şəkildə qərar qəbul edərək, ailələrini dağıdıcı müdaxilələrdən qoruya bilsin. Mentalitetimizdə böyüyün sözünü dinləmək qanundur. Bu yaxşıdır amma böyüyün sözünün də müəyyən çəkisi olmalıdır, valideynlər sözlərini hansı məqamda, hansı tərzdə deməli olduğunu bilməlidir. Amma idarəçiliyə meyl etmək artıq gərginliyi artırır, ailələri dağıdır.
Məhz belə qətllərin də səbəbi oğlan və qız tərəfinin müdaxiləsidir. Son cinayət hadisəsi də sübut edir ki, artıq vəziyyət ailə başçısının problemdən çıxış yolunu bıçağa sarılmaqda görməsi həddinə qədər çatdırılır. İstənilən halda bu problemləri qətllə, aqressiv davranışlarla həll etmək olmaz. Bu vəziyyət kəskinləşdikdə yaxşı olar ki, ailələr mütəxəssislərə müraciət etsin. Gənclərimiz valideynlərin ifrat himayəsindən çıxa bilsə, şəxsi fikirlərini önə çıxarmağa çalışsa, problemləri həll etmək üçün müstəqil şəkildə mütəxəssislərə müraciət edər”.

Qeyd edək ki, son zamanlar ailə münasibətlərində valideynlərin, xüsusilə qaynanaların müdaxiləsi geniş şəkildə müzakirə obyektidir. Ötən gün Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verən hadisə isə bunun aydın təzahürüdür.  Belə ki, dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlə səbəb kimi F. Mürsəlovanın qızının ailəsinə müdaxilə edib, onu boşatmaq istəyi göstərilir. 

Aysel Aslan