Gəncə merinin qadağasına ikili münasibət...

Əjdər Ağayev: “İcra başçısının məscid qadağasına sadəcə fanatizmə yuvarlanmış valideynlər etiraz edə bilər”
Seyid Camal Əzimbəyli: “Dövlət qurumları ünvanları bilinən radikal qruplaşmaların üzərinə getməlidir, məktəbli uşaqların yox”


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 yaşdan aşağı olan məktəblilərin məscidlərə girişini qadağan edib. Radikal qruplaşmaların təhlükəli fəaliyyətindən danışan icra başçısı deyib ki, məktəblilər dərs oxumaqdansa, məscidlərə gedirlər. Burada da dindən istifadə edən çirkin məqsədli adamların təsiri altına düşürlər. Daha sonra isə həmin yeniyetmələri fikirlərindən daşındırmaq olmur. E.Vəliyev vurğulayıb ki, Gəncə şəhər Təhsil İdarəsi iki orta məktəbin direktoruna şiddətli töhmət verib.

Buna səbəb həmin məktəblərdə "Yehova şahidləri” təriqəti üzvlərinin qanunsuz dini təbliğat aparmasına imkan verilməsi, nəticədə bəzi şagirdlərin həmin təriqətə qoşulması göstərilib. Xatırladaq ki, ötən gün Gəncə şəhərində və daha sonra Bakıda radikal qruplaşmalara qarşı keçirilən əməliyyatlarda xeyli azyaşlı uşaq saxlanılıb. Məsələyə münasibət bildirən təhsil ekspertləri icra başçısının qərarını doğru hesab etsələr də, ilahiyyatçılar şəhər merinin məscid qadağasını dəstəkləməyiblər. Onların fikrincə, uşaqları yox, radikalların məscid yolunu bağlamaq lazımdır.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məsələni "Şərq”ə şərh edərkən deyib ki, orta məktəblərdə şagirdlərə dini-mənəvi dəyərləri aşılamaq lazımdır: "Vaxtı ilə "Mənəviyyat” adlı bir dərslik hazırlandı. Ancaq təəssüflər olsun ki, həmin dərslik məktəblərdə tədris olunmadı. Halbuki mənəviyyat çox vacib məsələdir. Belə bir dərslik mütləq dərs proqramına salınmalıdır. Orada islam dininin dəyərləri haqqında, Məhəmməd Peyğəmbər barəsində məlumatlar verilməlidir. Belə olarsa, uşaqlar mənəvi aclıqlarını məktəblərdə doyurar və başqa yerə getməyə ehtiyac duymazlar. Nəzərə almaq lazımdır ki, indiki gənc nəslin dinə meyli güclənib. Yeniyetmələr din haqqında bilgi almaq istəyirlər. Ancaq orta məktəbdə istədiklərini ala bilmirlər və kənar qrupların təsiri altına düşür, fanatizmə sürüklənirlər. Əgər məktəblərdə din və mənəviyyat dərsləri keçirilsə, uşaqların suallarına cavab verilsə, problem özlüyündən həll olunacaq. Məsələnin həlli yolunun biri budur. Digər yolu isə radikal dini qrupların, missioner təşkilatların fəaliyyətinə məhdudiyyət yaratmaqdır. Həmin qrupları "tərksilah” etmək lazımdır”. Professorun sözlərinə görə, prosesə cəmiyyət də qarışmalıdır: "Ziyalılar, elm adamları, yüksək intellektli valideynlər mütəmadi məktəblərə dəvət olunmalı, şagirdlərlə birlikdə kütləvi konfranslar keçirilməlidir. İslam dininin faydalığı ilə bağlı söhbətlər edilməlidir. Dərsdən kənar belə tədbirlərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Bununla bağlı hər məktəbə göstəriş verilməlidir”.

Ə.Ağayev bildirib ki, icra başçısının məscid qadağasına sadəcə fanatizmə yuvarlanmış valideynlər etiraz edə bilər: "Başını yaran, örtük altında gizlənib min cür qanunsuz hərəkətlər edən valideynlər əlbəttə ki, E.Vəliyevin qadağsının mahiyyətinə varmayacaq. Ona görə valideynlərlə də daimi iş aparmaq lazımdır. Prezident yanında fəaliyyət göstərən Bilik Fondu və rayonlardakı Ağsaqqallar Şurası bu işlə məşğul olmalı, yerlərdə valideynlərlə görüşlər təşkil etməlidir. Mən Gəncə başçısının məscid qadağasını dəstəkləyirəm. Düz edib”.

İlahiyyatçı-alim Seyid Camal Əzimbəyli isə məscid qadağasının çıxış yolu olmadığını deyib: "Azərbaycanda milli, mənəvi və dini dəyərlər dövlət tərəfindən mühafizə olunur. Yəni tolerantlıq mühitinin ideoloji cəhətdən müdafiə olunmasında heç bir problem yoxdur. Təbii ki, bununla yanaşı, topluma, gənclərimizə, uşaqlarımıza yad olan ideologiyaların, düşüncələrin dövlət tərəfindən qarşısının alınması gözəl haldır. Amma uşaqların məscidə getməsinin qabağını almaq düzgün deyil və çox yanlış addımdır. Çünki bununla radikalizmin qarşısını almaq mümkün olmayacaq. Mən bunu din-dövlət münasibətində hər zaman dövlətin yanında olan bir din xadimi kimi deyirəm. Bu, ona görə yanlış addımdır ki, milli-mənəvi dəyərlərimizin qorunması, dövlət-bayraq sevgisinin aşılanması elə məscidlərdən, orada oxunan xütbələrdən başlayır. Məscidlərdə minlərlə mübariz insanlar yetişib. Xütbələri dinləyən vətənpərvər oğullar Qarabağ müharibəsində şəhid olublar”. S.C.Əzimbəyli bəyan edib ki, radikalizmi aşılayanları zərərsizləşdirmək, onların ayağını məsciddən kəsmək lazımdır: "Bu gün radikalizmi yayan, dəstəkləyən şəxslərin, qüvvələrin ünvanları dəqiq bəllidir. Dövlət qurumları ünvanları bilinən radikal qruplaşmaların üzərinə getməlidir, məktəbli uşaqların yox. Kiməsə xoş gəlmək üçün "icra başçısının qərarını bəyəndim” deyə bilmərəm. Hesab edirəm ki, bu qadağa QMİ, Dini Komitə, hətta Prezident tərəfindən də təqdir olunmayacaq. Yenə deyirəm, radikalların qarşısı ən kəskin formada alınmalıdır. Amma məscidlərə gedən uşaqların gələcəkdə radikal olacağını iddia etmək məntiqsiz yanaşmadır. Uşaqları məscidə buraxmasaq, sabah səsləri Suriyadan, İraqdan gələcək. Bu, həll yolu deyil və əlavə təfriqələrə yol aça bilər”.

İsmayıl