Tahir Həsənov: "Sürücülər bildirir ki, əvvəlcədən, rəhbərlikdən biletləri bu qiymətə satacağımızla bağlı icazə alırıq. Rəhbər isə “nə edirsiniz edin, səs-küyü mənə çatmasın” deyib razılıq verib "
Gəncə şəhər sakini Həsənov Tahir Tohid oğlu Gəncə avtovağzalından Bakıya yola düşən sərnişindaşıma avtobuslarından və bu avtobus sürücülərinin qanunsuzlarından şikayətçidir.
Bu barədə "Sherg.az"a T.Həsənovun özü bildirib. Paytaxtdan regionlara və əksinə hərəkət edən avtobuslarda dəfələrlə biletlərin rəsmi qiymətindən baha satılması ilə rastlaşdığını deyən şikayətçi bilet dəllalarına çevrilmiş sürücülərin insanların "cibinə girdiyini” söyləyib:
"Qardaşım Həsənov Tural ingilis dili müəllimidir. İmtahan verib və Gədəbəy rayonundakı məktəblərdən birinə düşüb. Müsabiqənin ikinci – müsahibə mərhələsi üçün dünən imtahan verməyə Bakıya gələsi idi. Səhər saat 7-də mən də onu yola salmaq üçün birlikdə Gəncə avtovağzalına getdim. Bakıya çıxan avtobusların birinə minmək istədikdə, konduktorla qardaşımın söhbəti uzandı. Avtobus sürücüləri və oradakı səlahiyyətli şəxslər Gəncədən Bakıya gedən avtobuslarda yol haqqının 8 manat olduğunu bildirdilər. Qardaşım isə rəsmi qiyməti - 6 manat ödəniş edəcəyini vurğuladı. Söhbət uzandıqda, mən "konduktor"a yaxınlaşdım ki, qanun-qayda var, qaynar xətti yığsam sizin üçün problem yaranmayacaq? Həmin şəxs isə "biz də kiməsə güvənib, bu hərəkəti edirik, kimə şikayət edirsən et” –deyə əminliklə mənə cavab verdi.
Əslində eyni sözü mənə Bakı Beynəlxalq Avtovağzalında da demişdilər. Görünür, sürücülər biletləri baha satır, avtovağzalın rəisinə də bundan haqq çatdırır. Sürücülər deyir ki, biz əvvəlcədən rəhbərlikdən biletləri bu qiymətə satacağımızla bağlı icazə alırıq. Rəhbər isə "nə edirsiniz edin, səs-küyü mənə çatmasın” – deyə razılıq verib.
Gəncədə bu gün konduktorla mübahisə edəndə o qayıtdı ki, ətin, benzinin qiyməti qalxıb, hər şey bahadır. Mən isə dedim ki, Gəncədən Bakıya avtobus biletlərinin qanuni qiyməti 6 manatdır, hətta 5 manat neçə qəpiksə olmalıdır. Ətin, benzinin, ərzağın qiymətləri hər kəs üçün qalxıb, hamının büdcəsinə təsir edir. Bu o demək deyil ki, kimsə fürsət tapan kimi qanunu tapdalayıb, insanların cibinə girməlidir".
T.Həsənov problemin həlli üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qaynar xətti ilə əlaqə saxlayıb: " Bir saat xəttə gözlədilsəm də sonradan özümü təqdim edib, şikayətimi bildirdim. Bundan sonra şikayət şəklində yazdığım məktuba avtobusun və avtobus konduktorunun şəklini çəkib göndərdim. Lakin hələ şikayətimlə bağlı idarədən məlumat verilməyib.
Bu məsələ ilə bağlı müraciət etməkdə məqsədim odur ki, avtobus sürücülərinin qanunsuzluqlarının qarşısı alınsın. Axı niyə biletin qiyməti daha ucuz olduğu halda sürücülər və "konduktor"lar onu baha satmalıdır ? Bir sistem, qayda qanun yoxdurmu ki, bunu tənzimləsin? Nə vaxta qədər insanların cibinə girəcəklər?”. Qanunu pozan bu cür dələduzların cəzalandırılmasını tələb edirəm. Həmin avtobusun və sürücünün fotlarını da çəkmişəım. Avtobusun markası, dövlət nömrə nişanı hamısı şəkildə öz əksini tapıb. Aidiyyatı qurmları işə keçməyə səsləyirəm".
Sözügedən avtobusun və sürücünün fotolarını təqdim edirik:
Aysel Aslan