“Gənclər mənim etdiyimi, etməsin!”

Əzizin Nobel qələbəsi Azərbaycanı da sevindirdi
İsveç Kral Elmlər Akademiyası 2015-ci il kimya üzrə Nobel mükafatının isveç və amerikalı iki alimlə yanaşı, türk professor Əziz Sancarın layiq görüldüyünü elan edib. Şimali Karolina Universitetində çalışan professor Əziz Sancar, Britaniyada Ser Fransis Krik İnstitutundan Tomas Lindahl, ABŞ-ın Dyuk universitetindən Pol Modriç hər biri ayrı-ayrılıqda DNK-nın bərpa mexanizmi üzərində uzun illər tədqiqat aparıblar.
Nobel Komitəsinin kimya üzrə mükafatlarının təqdim edilməsilə bağlı açıqlamasında Tomas Lindal, Pol Modriç və Əziz Sancarın molekulyar səviyyədə hüceyrələrin zərər dəymiş DNK-ları bərpa etməsi və genetik informasiyanı saxlamasının sxemini hazırladığını bildirib: "Onların işi canlı hüceyrələrin funksiya göstərməsi və xərçəng xəstəliyinin yeni müalicə üsullarının inkişaf etdirilməsində fundamental biliklərin əldə edilməsinə xidmət edib”.
Nobel mükafatına layiq görüldüyü xəbərini səhər xanımından aldığını və bunu böyük təəccüblə qarşıladığını bildirən Əziz Sancar ABŞ və Türkiyə vətəndaşıdır. O, İstanbul Universitetinin tibb fakültəsini bitirib, 1977-ci ildə isə ABŞ-da Texas Universitetində molekulyar biologiya sahəsində doktorluq dərəcəsi alıb. Hazırda Şimali Karolina Tibb Universitetinin biokimya professoru olan Əziz Sancar zəhmətkeş, qətiyyətli bir alim kimi tanınır. O, ABŞ Milli Elmlər Akademiyasının ilk amerikalı-türk üzvüdür.
O, gələcəyini idman deyil, elmlə bağlamaq qərarına gəlib
Nobel Kimya Mükafatına layiq görülən 69 yaşlı Sancar 1946-cı ildə Mardində orta gəlirli bir ailənin 10 uşağından biri olaraq dünyaya gəlib.
Hər iki valideyni savadsız olmalarına baxmayaraq, onlar təhsilə böyük qiymət verib və uşaqlarının təhsil alması üçün əllərindən gələni ediblər. Özünün dediyinə görə, Sancar məktəbdə əla oxumaqla yanaşı, o həm də futbol komandasında qapıçı olub. Orta məktəbi bitirdikdə Əziz Sancara hətta Türkiyənin gənclər arasında futbol üzrə yığması üçün seçmə yarışlara qatılmaq da təklif edilib. Lakin milli yığmada oynamaq onun uşaqlıq arzusu olsa da, o, gələcəyini idman deyil, elmlə bağlamaq qərarına gəlib. Elmi araşdırmalar etməyə də məhz İstanbul Universiteti Tibb Fakültəsindəykən maraq göstərib.
"İkinci kursda oxuyarkən bu yolda irəliləməyə qərar vermişdim. Lakin bir müəllimim mənə həkimlik ünvanını al, sonrasında xüsusilə təməl elmlərdə ixtisaslaşsın demişdi. Onun tövsiyəsi mənim üçün çox əhəmiyyətli idi” deyən Sancarı, Amerikada doktorluq müdafiə etməyə həvəsləndirən səbəb də bu olub.
Onu Nobelə aparan Türkiyədəki təhsili olub
Universitetdən sonra bir müddət sağlamlıq mərkəzində həkimlik edən və daha sonra 1977-ci ildə Amerikaya gedən Sancara görə, onu Nobelə aparan yolun təməlləri əslində ABŞ-da deyil, Türkiyədə atılıb: "Biz ümumiyyətlə məmləkətimizi tənqid etməyi sevirik. Lakin bizim məmləkətdə çox gözəl bir təhsil var. Türkiyədə ibtidai məktəbimiz, orta məktəbimiz, liseyimiz, universitetlərimiz pulsuzdur. Mənə bu imkanlar verildi. Türkiyədə universitetdə oxuyarkən, orada gördüyüm təhsil, buradakı universitetlərin səviyyəsində idi. Türkiyə bizlərə çox gözəl təhsil verir. Bunu Amerikada edə bilməzsiniz. O baxımdan mən bu mükafata görə məmləkətimə və respublika dövrünün başlatdığı təhsilə borcluyam.
Mən Amerikaya gəldim müvəffəqiyyətli oldum, amma mənə bu təməli verən Türkiyədəki təhsil idi. Mən bura 1974-cü ildə gəldim, o dövrdə Türkiyənin bugünkü imkanları yox idi. Lakin Türkiyə məni hazırlamışdı. Mən bura gəldiyim zaman araşdırma apara biləcək səviyyədəydim”.
ABŞ-da elm deyil, amma həyat məcbur etdi
Bütün uğurlarına rəğmən Sancar üçün Amerikadakı həyat, başlanğıcda o qədər də asan olmayıb. Amerikaya gedəndə xarici dil kimi yalnız fransızı bilən sancar ingilis dilindən xəbərsiz imiş. O ilk vaxtlarda ingiliscə öyrənməyə və fərqli həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkib. Ancaq Sancarı rahatlaşdıran tək şey "elmi düşünməyi” Türkiyədə öyrənməsi olub.
Professional sahədə çox çətinlik çəkmədiyini ifadə edən Sancar, onu Nobelə aparan yola görə, "Ölkəm məni çox yaxşı hazırlamışdı. İş nizamını, elmi düşünməyi mən tibb məktəbində öyrənmişdim . O baxımdan bura gəldiyim zaman çox bilmədiyim şeylər də vardı, amma elm sahəsində çətinlik çəkdim desəm, yalan olar”- deyə danışıb.
Elmi işin səbr istədiyinə də diqqəti çəkən Sancar deyib: "Çox çalışmaq lazımdı, etdiyimiz təcrübələrin yüzdə 80-90-dan bir şey çıxmaz. Ona görə buna alışmaq lazımdı. Təkrar-təkrar sınamaq lazımdı”.
Buna görə gənc beyinlərə "heç qorxmamalarını” tövsiyə edən Sancar, sözlərini belə davam etdirib: "Xarici ölkələrə getsinlər, oraları görsünlər, çalışsınlar, lakin mənim etdiyimi etməsinlər. Türkiyəyə dönsünlər. Mən dönə bilməzdim, əsgərliyi etdikdən sonra Dəclə Universitetində bir həkimlə görüşdüm, oradakı imkanlara baxdım, yalnız Dəclə Universitetində deyil, Hacettepedə belə, o dövr istədiyim araşdırmaları edə bilməzdim. O səbəblə dönmədim. Amma indi Türkiyə çox dəyişdi. Tövsiyəm, bura gəlin, buranı görün, amma sonra Türkiyəyə dönün”.
"Türkiyə dövləti elmə böyük sərmayə qoyur”
Türkiyədə çox qabiliyyətli elm adamlarının olduğuna işarə edən Sancar Türkiyə dövlətinin elmə böyük sərmayə qoyduğunu deyib. Bu baxımdan ümidli olduğunu vurğulayan professora görə, gələcək 10 il içində Türkiyə təhsili Avropa səviyyəsinə yaxın olacaq.
Avropa və Amerikada "çox müvəffəqiyyətli, tərtəmiz türk elm adamları”nın da olduğunu ifadə edən Sancar hesab edir ki, Amerikada Nobel mükafatı ala biləcək səviyyədə araşdırmalar edən insanlar var. İnşallah, onlar da qazanarlar: "Ümidliyəm, inşallah, başqa Nobel mükafatları sahələrimiz olar”.
Ölkəsinə xidmət etmək istəyir
Uzun illərdir ABŞ-da olmasına baxmayaraq Sancarın məmləkət sevdasını gözlərində və sözlərində rahatlıqla görmək mümkündür.
Sancarın, onu Nobelə aparan yola baxmayaraq, "Mən Mardinin Sovur qəsəbəsində sağlamlıq ocağında işlədim. Oradakı qardaşlarımla, həmyerlilərimlə çox yaxşı qaynaşdım, faydam oldu. Məni üzən tək şey, bəzən bu mövzuda düşünürəm, nə üçün onları buraxdım deyirəm. Çünki onlara faydam vardı” sözləri, ölkəsinə xidmət istəyi və həsrətini ortaya qoyur.
Əziz Sancarın həyat yoldaşı Gven Sancar isə mövzuya bir immiqrantın böyük bir müvəffəqiyyət hekayəsi olaraq baxarkən, "Həyat yoldaşımın bu müvəffəqiyyəti, bu ölkəyə gələn immiqrantların nə edə biləcəyi, bu ölkəyə necə qatqı təqdim edə biləcəyi nöqtəsində çox müdhiş bir nümunədir. İmmiqrantların ABŞ-da elmə, dünya elminə qata biləcəklərini göstərmək baxımından bu, böyük bir hadisədir” deyə danışıb.
Həyat yoldaşının Nobel mükafatı almasını gözləmədiyini də dilə gətirən Sancar deyib: "Bu mövzuda hər vaxt zarafat edirdik, amma ciddi olaraq bunun reallaşacağını düşünməmişdik. Sözün həqiqi mənasında çox təəccübləndik. Xüsusilə, Əziz çaşdı”.
Qeyd edək ki, ilk türkiyəli elm adamının kimya üzrə Nobel mükafatına layiq görülməsi xəbəri Türkiyədə sosial mediada böyük sevinclə qarşılanıb. Baş nazir Əhməd Davudoğlu, Türkiyənin keçmiş Prezidenti Abdulla Gül, ABŞ-ın Milli Basketbol Liqasının oyunçusu, Türkiyə basketbol ulduzu Hidayət Türkoğlu, elm və sənət xadimləri professor Əziz Sancara Nobel mükafatına layiq görülməsi münasibətilə təbriklərini bildiriblər.
Elə Azərbaycanın özündə də bu hadisə ən az qardaş Türkiyə qədər qürurlandırıcı hadisə kimi dəyərləndirilib. Amma fərqli yanaşmalar da istisna deyil.
"Bunu bütün türk dünyasının nailiyyəti kimi qiymətləndirirəm”
Bir türk olaraq Əziz Sancarın Nobel almasını yüksək dəyərləndirən sabiq təhsil naziri, professor Firudin Cəlilov bu uğur münasibətilə Sancarı və onun timsalında bütün türk xalqını təbrik edib: "Onun həqiqətən də bu mükafata layiq olduğunu düşünürəm və bunu bütün türk dünyasının nailiyyəti kimi qiymətləndirirəm”.
Sancarın Nobel alan ilk türk elm adamı olmaqla yanaşı, həm də ilk türk olduğunu vurğulayan professorun sözlərinə görə, bundan əvvəlki Nobelçi Orxan Pamukun nə aldığı mükafatın, nə də özünün türk dünyasına aidiyyəti var: "Orxan Pamukun milli kökü gedib ayrı yerə çıxır. Pamuk Nobel mükafatı alanda ermənilər türklərdən çox sevindi. Çünki bu mükafat onlar üçün daha əhəmiyyətli idi, nəinki türklər. Əziz Sancar isə əsl türk elm adamıdır. O öz kəşfləri, ixtiraları ilə elmə çox böyük töhfələr verib. Uzun müddətdir Amerikada yaşasa da, Türkiyə vətəndaşıdır və hər zaman ölkəsinin milli dəyərlərinə sadiq qalıb. Bu günün özündə də Sancar Nobel alması ilə bağlı açıqlamasında Türkiyəyə müraciət edərək əldə etdiyi uğurlara görə, öz ölkəsinə borclu olduğunu deyib”.
Bir türk aliminin Nobel almasının bizim üçün də sevindirici olduğunu vurğulayan F.Cəlilov deyib ki, vaxtı ilə Azərbaycanın görkəmli ictimai və dövlət xadimi Əlimərdan bəy Topçubaşov da bu mükafatın əsas namizədlərindən olub. Ancaq Sovet hökuməti sonradan Topçubaşovun Nobel almasına maneçilik törədib. Buna səbəb isə həmin dövrdə qəzetlərdə Nobel mükafatı ilə bağlı xoşagəlməz yazıların getməsidir: "Əslində bizim millət istedadlı millətdir. Bir balaca şərait olan kimi öz istedadını ortaya çıxara bilir. Sadəcə yolumuzu kəsənlər olub və bu gün də var”.
Deyilənə görə, o, dünyada türk elmini yox, Amerika elmini təmsil edir
Gənc şair Aqşin Yenisey isə bu türk aliminin adını yalnız Nobel aldığı gün mətbuatdan oxuduğunu deyib: "Deyilənə görə, o, dünyada türk elmini yox, Amerika elmini təmsil edir. Yəni mükafat onun təmsil etdiyi ölkənin elminə verilib. Burada məni maraqlandıran məsələ yalnız ondan ibarətdir ki, deməli, ölkədə elmi, ədəbi münasibətlər düzgün idarə olunarsa, hətta dünyanın barbar, köçəri təfəkkürlü hesab etdiyi türkdən də alim yetişdirmək olar”. Orxan Pamukun Nobel almağına gəldikdə isə şair deyib ki, bu, Türkiyənin sonradan iflasa uğrayan Avropa Birliyinə girmək layihəsinin tərkib hissəsi olub: "Həmin vaxtlar Avropaya da, Türkiyəyə də lazım idi ki, Pamuk 1915-ci ildə osmanlıların 1,5 milyon ermənini "qırdığını” dünyaya bəyan eləsin. Ancaq bu oyundan Pamuk və AB qalib çıxdı, Türkiyə isə AB-nin kandarından geriyə, Əbdülhəmidin dövrünə qayıtdı”.
Şəymən