Gəncləri fəallığa çağırdılar

Neft və Sənaye Universitetində petisiya layihəsi müzakirə olunub



Aprel ayının 6-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.

Layihəyə uyğun olaraq, AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Ağ Ev Administrasiyasının internet resursunda Obama Administrasiyasına petisiya ilə müraciət ünvanlanıb. Qurumun təşəbbüsü ilə layihənin müzakirəsi üçün Azərbaycan Neft və Sənaye Universitetində tədbir keçirilib. Aprelin 12-də baş tutan tədbirdə professor-müəllim və tələbə heyəti ilk öncə cəbhə bölgəsindəki son hadisələrdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Universitetin prorektoru Rafiq Camalovun giriş məlumatları ilə açıq elan olunan toplantıda qurum səlahiyyətliləri layihə barədə iştirakçıları məlumatlandırıb. Qəbul olunması üçün 100 min nəfərin dəstəkləməsi tələb edilən petisiya haqda geniş danışan AVCİYA-nın nümayəndəsi, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev imzalanması üçün gəncləri səsvermə prosesində fəal olmağa dəvət edib. Daha sonra çıxış edən qurumun digər nümayəndəsi Rauf Məmmədov Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda sözügedən petisiya ilə əlaqədar videoçarx təqdim olunub. Qeyd edək ki, hazırlanan petisiya layihəsinə səsvermə sayı artıq 90 min nəfərə çatıb.

Aysel Aslan