"Gənclərimizin üzərinə böyük vəzifələr düşür"





"Prezident İlham Əliyev gənclərlə görüşü zamanı çox mühüm və yaddaqalan mesajlar verdi”.

Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib.

Gənc hüquqşünas bildirib ki, dövlət başçısı ilk növbədə öz şəxsi həyatını və gəncliyini nümunə gətirməklə gəncləri mübariz olmağa, heç nədən çəkinməməyə, çətinliklərə müvəqqəti baxmağa çağırış etdi: 

"Cənab Prezidentin görüşü, səmimi münasibəti əslində ölkə gənclərinin üzərinə çox böyük məsuliyyət qoyur. Bu məsuliyyət təkcə ölkə daxilində deyil, böyük mənada xaricdə fəaliyyət göstərən gəncləri də əhatə edir. Bir çox beynəlxalq təşkilatlarda, Avropa institutlarında Azərbaycana qarşı qərəzli münasibətin şahidi oluruq. Sanki ölkəmizə qarşı bir cəbhə açılıb. Bütün bu qərəzli münasibətə və anti-Azərbaycan qüvvələrə qarşı mübarizənin ön sıralarında məhz Azərbaycan gəncləri dayanmalıdır. Xüsusən də beynəlxalq əlaqələrə malik xarici səfərlərdə mütəmadi iştirak edən və Azərbaycan diasporasının əsas lokomotivi sayılan gənclərin üzərinə böyük iş düşür”.

Ə.Şahidov bildirib ki, gənclər yaşadıqları ölkələrdə Azərbaycanın milli maraqlarını müdafiə etməlidirlər: 

"Qonşu Gürcüstanda erməni cəllad Mixail Avokyana heykəl qoyulması təhdidlərin ölkəmizin sərhədlərinə qədər uzandığını göstərir. Ona görə də gənclərimiz daim ayıq-sayıq olmalı, hər zaman Azərbaycanın milli maraqlarını müdafiə etməlidirlər. Yaşadıqları ölkələrin dövlət və media qurumları ilə sıx əlaqə qurmalı, bütün təxribatların qarşısını almalıdırlar. Əlbəttə, bütün bu işləri dövlət onsuz da görür. Prezidentin bütün fəaliyyəti bu istiqamətə yönəlib. Amma Azərbaycan gəncləri də dövlət başçısı İlham Əliyevə bu istiqamətdə öz dəstəyini verməlidirlər. Hansı ölkədə yaşamasından və hansı ixtisas üzrə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir Azərbaycanlı "könüllü elçi” olmalıdır”.

İsmayıl