Liqa sədri hesab edir ki, məşğulluğun artırılması məqsədilə bəzi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir
Gəncləri aqronom, zootexnik kimi peşələrə yönəltmək lazımdır
Gənclərin sürətlə şəhərlərə axışması kənd təsərrüfatının inkişafına mane olan amillərdəndir. Məsələdə diqqət çəkən əsas məqam isə gənclərin işdən daha çox asudə vaxtlarının dəyərləndirilməsi üçün iri şəhər və şəhərtipli qəsəbələrə üstünlük verməsidir. Qeyd edilən amil də kənd təsərrüfatının inkişafına işçi problemi yaradır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev isə hesab edir ki, mövcud problemlərin həlli üçün gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir.
"Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxış edən Konfederasiya sədri hesab edir ki, texniki-peşə təhsilində islahatlar aparmaq və əmək bazarının tələbatına uyğunlaşdırmaq, əmək şəraitini yaxşılaşdırmaq, gənclərin müdafiə təminatını yüksəltmək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda yeni yaradılacaq müəssisələrdə gənclərin işlə təmin edilməsi üçün xüsusi kvotaların müəyyən edilməsinə diqqət yetirilməlidir.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Səttar Möhbalıyevin dediklərini dəstəkləyir. Liqa sədri hesab edir ki, gənclərin məşğulluğunun artırılması məqsədilə bəzi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir:
"Regionlarda iş yerləri olsa belə, gənclərin orada qalıb işləməsi üçün stimul yoxdur. Ali təhsil almaq üçün paytaxta gələn gənclərin böyük əksəriyyəti öz rayonlarına qayıtmaq istəmir. Hüquqşünaslıq oxuyan da, müəllim, həkim olan da Bakıda qalıb işləməyə can atır.
Bakıda iş tapa bilməyənlər də Gəncə, Sumqayıt kimi iri şəhərlərə gedir. Bakıdan və digər şəhərlərdən olan gənclər də dövlət qulluğuna qəbul zamanı rayona getmək istəmir, səbəb kimi də yaşamağa yerlərinin olmadığını göstərirlər. Bu problemin həlli üçün rayonlarda, qəsəbələrdə sosial ipoteka sistemi ilə gənclərin mənzil almasına şərait yaratmaq, ev tikmək, təsərrüfat işləri ilə məşğul olmaq üçün ödənişsiz torpaq sahəsinin ayrılması, güzəştli əməkhaqqı sisteminin tətbiqi yolu ilə gənclərin kəndlərə qayıdışını stimullaşdırmaq olar. Rayon yerlərində gənclərin asudə vaxtının təşkili ilə bağlı hər hansı bir infrastruktur olmadığından heç kəs rayonda yaşamaq istəmir”.
Aqrar sektorda ixtisaslı kadr çatışmazlığı olduğunu vurğulayan S.Məmmədov deyib ki, gəncləri aqronom, zootexnik kimi peşələrə yönəltmək lazımdır:
"Diqqət ayrılmalı məsələ məhz aqrar sahədə mövcud olan ixtisaslı kadrların təmin olunmasına nail olmaqdan ibarətdir. Əsas məsələ də bundan ibarətdir. Aqrar sektorda ixtisaslı kadrların artırılması ilə bağlı fəaliyyətin gücləndirilməsinə çox ciddi ehtiyac var. Bu sahənin təkmilləşdirilməsi üçün dövlət tərəfindən kifayət qədər investisiyalar ayrılır, paralel olaraq da kənd təsərrüfatı məhsullarının email, qablaşdırılması, daşınması ilə bağlı orta sahibkarlığın inkişafına diqqət ayırmaq və gəncləri də bura yönəltmək lazımdır”.
Şəymən