Avropa İttifaqının Azərbaycana qapıları açıqdır
"Avropa İttifaqı ilə Azərbaycan hazırda əməkdaşlığın vacib mərhələsindədir”. Bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Nümayəndəliyin diplomatik missiyasının başa çatması münasibəti ilə mətbuata açıqlama verən Malena Mard fəaliyyət göstərdiyi 3 il müddətində azərbaycanlılarla gözəl əməkdaşlıq etdiyini bildirib:
"Azərbaycanda çox möhtəşəm vaxt keçirdim. Ölkəniz həmişə ürəyimdə olacaq. Burada əhalinin isti münasibəti xatirəmdə qalacaq. Tək mən deyil, mənim ailəm də belə düşünür”. Mard Aİ ilə Azərbaycan arasında hazırkı münasibətlərə də toxunub:
"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar gedir. Çox intensiv və hərtərəfli danışıqlar aparılır. Artıq geniş gündəliyi mövcuddur. Ümid edirik ki, nəticələr yaxşı olacaq”.
Xatırladaq ki, ara-sıra tərəflər arasında ziddiyyətli məqamlar, qarşıdurmalar yaşansa da, rəsmi Bakı hər zaman Avropa strukturları ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib.
Məsələ ilə bağlı "Şərq”ə danışan Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü, siyasi elmlər doktoru Elman Nəsirov bəyan edib ki, Azərbaycanın xarici siyasətini ulu öndər Heydər Əliyev balanslı, çoxvektorlu və tarazlaşdırılmış bir siyasət kimi müəyyən edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev həmin siyasəti sürətlə dəyişən dünyanın geosiyasi reallığına uyğun şəkildə davam etdirib, bu siyasətə çeviklik və hücum taktikası əlavə edib:
"Balanslı siyasətin mühüm tərəfini məhz Avropa İttifaqı ilə münasibətlər təşkil edir. Ümummilli lider 1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzaladı. Həmin müqavilə 1999-cu ildə qüvvəyə mindi. O vaxtdan tərəflər arasında əlaqələr dinamik formada inkişaf etməkdədir. Cənab Prezidentimiz İlham Əliyev əlaqələrin inkişaf etdirilməsində çox önəmli addımlar atıb. 2011-ci ildə Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizlik məsələləri ilə bağlı mühüm saziş imzalanıb. Bir çox sahələrlə bağlı ikitərəfli münasibətlərimiz inkişaf etdirilib. Azərbaycan üçün enerji marşrutlarının şaxələndirilməsi zəruri əhəmiyyət daşıyır. Avropa İttifaqı isə enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Buna görə də tərəflər qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Nəzərə alaq ki, Avropa İttifaqı ildə təxminən 500 milyard kub metr qaza ehtiyac duyur. Onun 230-250 kub metri birbaşa Rusiyanın öhdəsinə düşür. Bu baxımdan Aİ özü üçün alternativ enerji mənbələri axtarır. Azərbaycan Avropa üçün ən yeni və əlverişli enerji mənbəyi hesab olunur.
ABŞ Prezidenti Donald Tramp da Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda bu məqamı xüsusilə vurğulamışdı”. Deputat bildirib ki, tərəflər arasındakı əlaqələrindən danışarkən Cənub Qaz Dəhlizi layihəsini xüsusi vurğulamaq lazımdır:
"Cənub Qaz Dəhlizi layihəsi çox mühümdür, burada söhbət 3 min 500 kilometrlik qaz kəmərindən gedir. Qazın nəqli üç kəmərlə həyata keçiriləcək. Birincisi, Cənubi Qafqaz kəməridir ki, bu da "Bakı-Tbilisi-Ərzurum” kəmərinin yenilənmiş versiyasıdır. Digərləri isə TANAP və TAP layihələridir. Hər üç layihə ilə bağlı işlər sürətlə davam etdirilir. 2020-ci ildən etibarən Azərbaycan qazının Avropa bazarında satışı proqnozlaşdırılır. İlkin mərhələdə 16 milyard kub metr qazın verilməsindən söhbət gedir ki, onun da 6 milyardı Türkiyə bazarı, 10 milyardı isə Avropa bazarı üçün nəzərdə tutulur. Sonrakı mərhələdə qazın həcminin 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. Eyni zamanda digər sahələrdə də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr genişlənib. Avropa İttifaqına daxil olan 28 dövlətin 9-u ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Təhlükəsizlik və iqtisadi ticarət münasibətlərində də, o cümlədən humanitar sahədə əməkdaşlıq etmək üçün geniş imkanlar var. Təəssüflər olsun ki, Avropa Parlamentindəki müəyyən dairələr Azərbaycanla Aİ-nin əlaqələrinə kölgə salmağa çalışırlar. Amma bu qüvvələr azlıqdadır”.
İsmayıl