Girovlarımız niyə belə məktub yazdı?

Psixoloq: “Ağac əkmək ola bilsin haçansa fikrindən keçib. Buna görə də ağac əkməyi tapşırıb”



Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərov doğmalarına məktub yollayıblar. Yaxınlarının verdiyi məlumata görə, budəfəki məktubun məzmunu digərlərindən fərqlənmir.

D.Əsgərov yaxşı olduğunu və hər kəsə salam göndərdiyini yazıb. Dilqəm həyətlərində ağac əkməyi tapşırıb. Şahbaz Quliyev isə məktubda anasına salam yollayıb. "O, sağlamlığının qaydasında olduğunu yazır. Əsasən anası, doğmalarına salam yollayıb. Qızı Elzanı soruşur, ona daim diqqət göstərməyimizi, maraqlanmağımızı qeyd edir”.

Yada salaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba torpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları D.Əsgərov və Ş.Quliyevi girov götürüb. Qondarma Dağlıq Qarabağ Respublikasında qurulan "məhkəmə”də isə D.Əsgərova ömürlük, Ş.Quliyevə isə 22 il həbs cəzası verilib.

Girovların məktubunda bir sıra psixoloji məqamların olduğuna diqqət çəkən psixoloq Dəyanət Rzayev "Şərq”ə açıqlamasında bildirib ki, hər şeyə hazır olmaq lazımdır. Onlar sağ gəlməyə də bilərlər: "Amma inanıram sağ-salamat qayıdacaqlar. Ağac əkmək ola bilsin haçansa fikrindən keçib. Buna görə də ağac əkməyi tapşırıb. Ola bilər ki, onu ölümlə hədələyirlər. İstəyir ki, son arzusu tamamlansın. İnsan çətinə düşəndə, daha həssas olur. İstəyir ki, yaxşı işlər görsün”.

Ayyət Əhməd