“Göz görə-görə onları uçurumun kənarında buraxa bilmərik”

“Həmin gəncləri geri qaytarmaq mümkün olmasa belə, bu problemin qarşısını almaq məqsədi ilə önləyici tədbirlər görülməlidir”İlqar Altay: “PKK-ya qoşulan tələbələrin Azərbaycana gətirilməsi və onların yenidən Azərbaycan cəmiyyətinə uyğunlaşdırılması həm dövlət, həm də cəmiyyət üçün xeyli çətinliklər törədəcək”
Xarici İşlər, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə məsələ ilə bağlı "Şərq”ə müsahibəsində deyib ki, xaricdə təhsil alan tələbələrimizin dərslərini atıb, qanunsuz silahlı birləşmələrə, müxtəlif dini cərəyanlara qoşulması ilk dəfə deyil ki? Bu günə qədər Türkiyədə, Avropada, Amerikada oxuyan gənclərimizin müxtəlif qruplaşmalara meyl etməsinin dəfələrlə şahidi olmuşuq. Bununla da onlar həm özlərinə, həm valideynlərinə, həm də ki, cəmiyyət və dövlət üçün müəyyən problemlər yaradırlar.
Azərbaycanlı gənclərin PKK-ya qoşulması bizim üçün kifayət qədər problemli bir haldır. PKK bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən terrorçu təşkilat olaraq qəbul edilən bir qanunsuz qruplaşmadır. Bu gün dünyanı vahiməyə salan İŞİD-lə PKK-nın elə bir fərqi yoxdur. Bizim gənclərimizin bu cür qruplaşmaya qoşulub, türkiyəli qardaşlarımıza qarşı həyata keçirilən müxtəlif terror aktlarında iştirak etməsi, onlara qarşı düşmən münasibət sərgiləməsi bizim üçün çox təəssüfləndiricidir. Eyni zamanda cinayət tərkibli bir məsuliyyətdir. Burada həmin gənclərlə yanaşı, onların valideynləri və müvafiq dövlət strukturları da günahkardır.
- Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi öz açıqlamasında deyib: "Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdu. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar”. Sizcə dövlət, xaricdə olarkən həmyerlilərindən uzaq duran, onlarla əlaqələri kəsən tələbələri hansısa formada nəzarətə götürə bilərmi? Belə bir nəzarət mexanizmi mümkündürmü?
- Təhsil adı ilə xaricə üz tutan tələbə sərhəddi keçən kimi nəzarətsiz qalır. Dövlət və ya özəl universitet olmasından asılı olmayaraq, ölkə daxilində təhsil alan bütün tələbələr nəzarətdədir. Biz bilirik ki, filankəs Bakı Dövlət Universitetində, behmənkəs də "Odlar Yurdu” Universitetində oxuyur. Amma xarici ölkələrlə bağlı vəziyyət eyni deyil. Biz bilmirik ki, ölkədən təhsil adı ilə çıxan tələbə sonradan hansı işlə məşğul olur? Elə tələbə var ki, 1-ci kursdan sonra oxuya bilmir və onu universitetdən qovurlar. O da qalır avara.
Bu da böyük bir kəsimdir, ildən-ilə onların sayı artır. Azərbaycanda Tibb Universitetini, Bakı Dövlət Universitetini atıb, oxumaq üçün xaricə gedən tələbələr var. Hansı ki, sonradan xaricdə təhsillərini davam etdirə bilmirlər. Yəni, "Əli aşından da olurlar, Vəli aşından da”. Şəxsən mənim oğlum 1-ci kursdan sonra Bakı Dövlət Universitetini atıb, bakalavr və magistr təhsilini xaricdə davam etdirdi. Amma əksər kəsim belə olmur. Onunla birlikdə oxuyan azərbaycanlı tələbələr vardı ki, kəsildikdən sonra hara getdikləri bilinmir. Hesab edirəm ki, xaricdə təhsil alan tələbələrlə bağlı Azərbaycanda ictimai sistem yaradılmalıdır. Zənnimcə, tələbələrin təhsilini davam etdirmək üçün oxuduğu universitetdən arayış məsələsi bir qədər rəsmiləşdirilməlidir. Universitetdən sənədlərini götürən tələbə barəsində Təhsil Nazirliyinə hesabat verilməlidir. Təbii ki, dövlət xətti ilə xaricdə təhsil alan gənclərə nəzarət var. Amma hər tələbə Təhsil Nazirliyinin vasitəsilə xaricə getmir axı? Öz əlaqələri ilə xaricə üz tutan tələbələr isə taleyin ümidinə buraxılıb. 1-ci kursdan sonra oxuduğu ali məktəbdən imtina edib, təhsilini xarici ölkələrin birində davam etdirən tələbələrin Azərbaycanla yeganə əlaqəsi o olur ki, oğlanlar hərbi xidmətdən möhlət almaq üçün hərbi komissarlığa arayış göndərirlər. Ona görə də, özəl xətlə xaricdə təhsil alan tələbələrə nəzarət etmək üçün cəmiyyətlərin yaradılmasını lazım bilirəm. Diasporlar, lobbilər olduğu kimi tələbələr üçün ümumi bir struktur yaradılmalıdır.
Ən azından Cəmiyyət formasında təşkilatlanıb, xaricdə təhsil alan tələbələri nəzarətdə saxlamaq lazımdır ki, onlar Azərbaycanı, azərbaycançılığı yadırğamasınlar.
Qarşılıqlı kontakt olmadıqca, onlar Vətəndən, milli adət-ənənələrimizdən uzaqlaşırlar. Cavan uşaqlardır, başları oxumağa qarışır. Bunu elə-belə demirəm. Doğrudan da, xaricdə təhsil alan gənclərin 99 faizi oxuyan uşaqlardır. Çünki xaricdə oxumayan uşaq nə qiymət, nə də diplom ala bilir. Oxumadınsa, 1-ci kursdan sonra xaric olunursan, vəssalam. Başları oxumağa qarışan tələbələr istər-istəməz artıq yad mühitə düşür və bizdən uzaqlaşırlar. Müxtəlif cərəyanlar da bu uzaqlaşmadan istifadə edərək onları "tələ”yə salırlar.
- Tələbələrin təhsilini, gələcəyini atıb, silahlı qruplaşmalara qoşulmasının arxasında nə dayanır? Maddiyyat, yoxsa ideologiya...
- Maddiyyat səbəbi ilə gənclər, tələbələr yüngülvari cərəyanlara meyl edə, onların arasına qoşula bilər. PKK kimi terror təşkilatı isə ideologiya faktoru olmadan heç kəsi öz sıralarına qəbul eləməz. İdeoloji cəhətdən "bişməmiş”, ancaq pula görə onların arasına qoşulmaq istəyən adamları "PKK”, "İŞİD”, "Əl-Qaidə”, "Taliban” kimi silahlı birləşmələr götürmürlər. Bu təşkilatlara üzv olan insanlar artıq "terrorist” adını üzərinə götürmüş insanlardır. Onlar üçün adam öldürmək, baş kəsmək adi bir hal olmalıdır. Bu gün PKK-ya qoşulan tələbələrdən sabahları türk əsgərinə güllə atmağı tələb edəcəklər. Bunu gözə alan gənc artıq əsl PKK-çıdır. Terrorist kürdlərin ideyasını qəbul etməyən, yalnız pula görə onlara meyl edən gənc asanlıqla türk əsgərinə silah atmağı gözə almaz. Onun tərəddüdləri olar. PKK isə tərəddüd edən adama güvənib, yanına almaz. Bu mənada, hər 3 tələbəmizin PKK-ya qoşulmasının arxasında maddiyyatdan daha çox ideoloji yaxınlıq dayanır.
- Azərbaycan hökuməti həmin tələbələrin ölkəyə gətirilməsinə hansısa formada nail ola bilərmi?
- Əgər yayılan videolar həqiqətdirsə və bu gənclər doğrudan da PKK-ya qoşulubsa, deməli, türk dağlarında da hansısa dəstəyə üzv olublar. Belə olan halda isə tələbələrin PKK-ya qoşulmasını dəqiq faktlarla təsdiqləyib, bunun üzərində cinayət işi qaldırılmalıdır. Hüquq-mühafizə orqanları əməliyyata başladıqdan sonra isə ailələrinə təsir etməklə onların geri çağırılmasına nail olunmalıdır. Həmçinin də onlar öz məsuliyyətlərini dərk etməlidirlər. Təbii ki, bu, kifayət qədər çətin prosesdir. PKK-ya qoşulan tələbələrin Azərbaycana gətirilməsi və onların yenidən Azərbaycan cəmiyyətinə uyğunlaşdırılması həm dövlət, həm də cəmiyyət üçün xeyli çətinliklər törədəcək. Həmin gəncləri geri qaytarmaq mümkün olmasa belə, bu problemin qarşısını almaq məqsədi ilə önləyici tədbirlər görülməlidir. Biz gəncliyimizi, gələcəyimizi qorumalıyıq. Göz görə-görə onları uçurumun kənarında buraxa bilmərik. Lazımsız sahələr üzərində işləyib, qrant alan qeyri-hökumət təşkilatları yaxşı olar ki, bu sahəyə diqqət ayırsınlar. Eyni zamanda, Təhsil Nazirliyi, hüquq-mühafizə orqanları da xaricdə oxuyan tələbələrimizə nəzarəti artırsınlar ki, beyinləri zəhərlənməsin.
- Tələbələrdən birinin anası təhsil müşaviri ilə telefon söhbətində deyib ki, əgər oğlu sağ olsaydı, mütləq evə zəng edərdi. Ananın sözündən məlum olub ki, o, oğlunun bir müddətə dərsdən yayınmasından xəbərdar olub: "O, sosioloqdur, sosioloq insanların arasında olmalıdır”. Sizcə, gənclərin PKK sıralarına maraq göstərməsində valideyn laqeydliyinin də rolu varmı?
- Elə mən də bu məsələyə toxunmaq istəyirdim ki, son 2-3 ildə Azərbaycanda "Xaricdə təhsil” adında firmalar yaranıb. Bu işlə məşğul olan adamlar bir-iki otaqdan ibarət bir ofis kirayələyir, özbaşına elanlar yaymaqla Azərbaycandan Türkiyəyə abituriyent daşıyırlar. Təsəvvür edin ki, TQDK imtahanından 70-80 bal toplayan savadsız uşaqları müxtəlif universitetlərə yerləşdirirlər.
Həm də çox ucuz qiymətlərə. Türkiyə isə Azərbaycana hörmət mənasında onları imtahansız qəbul edir. Hansı ki, Türkiyədə təhsil almaq xüsusi imtahan və kifayət qədər savad və bilik tələb edir. Müəyyən şərtlər daxilində həmin universitetlər firmaların əli ilə aparılan azərbaycanlı tələbələri qəbul edir. Amma sonrakı mərhələdə onlardan güclü oxumaq tələb edir. Belə olan halda isə 1-2 semestr müddətində həmin tələbələr kütləvi surətdə sıradan çıxırlar. Buradan aparılan 30 tələbədən 4-5-i ancaq sonra qədər davam gətirə bilir. Qalanları isə kəsilib, universitetdən atılır. Ailələr də uşaqlarına nəzarət edə bilmədiyi üçün onları aldatmaq asan olur. Avropada, Amerikada belədir ki, imtahandan kəsilən, tələb olunan kreditləri toplaya bilməyən tələbələrin vizasını bağlayıb, onları deportasiya edirlər. Valideyn də övladının əməlindən xəbərdar olur. Amma Türkiyədə kəsri olan tələbələrin vizası bağlanmır. Onlar da asanlıqla universitetdən atıldıqlarını ailələrindən gizlədib, avaralanırlar. Sonda da müxtəlif dini cərəyanların, silahlı birləşmələrin "toru”na düşürlər. Xüsusilə də, PKK kürdlərin kompakt məskunlaşdığı ərazilərdə təhsil alan tələbələri daha rahat götürürlər. Bütün bu prosesin əvvəlində isə valideyn məsuliyyətsizliyi durur. Oğlum (qızım) Türkiyədə oxuyur, deyib qürrələnməklə iş bitmir. Mənə maraqlıdır ki, valideynlər TQDK imtahanında 100 bal yığa bilməyən övladını oxumaq adı ilə Türkiyəyə necə göndərə bilir? Bax, bu cür valideyn məsuliyyətsizliyinin nəticəsidir ki, gənclərimiz ya PKK-çı olur, ya da "fətullahçı”. Tək bu 3 tələbə ilə iş bitmir. Bu problem ölkəmizdə kütləvi xarakter alıb. Şəxsən tanıdığım ailələr var ki, uşaqları yalandan oxuyuram deyib, valideynlərinin başını qatır.
Şəymən