Gözmuncuqları nəyi ifadə edir?
Astroloq Firudin Qurbansoy nəzərin dində təsdiq olunduğunu deyir
Gündəlik həyatımızda mental inanclara, deyimlərə və hadisələrə inanan kifayət qədər insanla tanış oluruq. Nəzər də bunların içərisindədir. "Gözdəymə” adlandırdığımız nəzərə inanan insanların qorunma vasitələri də müxtəlifdir. Yəqin çoxlarına maraqlıdır ki, görəsən insanlar üzərliklə, gözmuncuqları ilə, dua yazdırmaqla və ya falçılara baş çəkməklə, doğrudanmı, pis niyyətlərdən sığortalandıqlarını düşünürlər?
Gözdən-nəzərdən qorunmaq üçün ən çox istifadə edilənlər isə gözmuncuğu, üzərlik və dualardır. İnsana pis təsir edən mənfi enerjinin gözdən çıxıb auranı pozmasına inananlar üçün gözmuncuqların daim üstdə gəzdirilməsi vacib olan aksessuarlardandır.
Son dövrlər isə gözmuncuğunun yerinə digər bir göz qaytaran əşya nəzəri cəlb edir. Uşaqların və xüsusən daha körpələrin üzərinə qızıldan yazılmış "maşallah” kəlməsi alınan uşaq hədiyyələri içərisində tərcih edilənlərdəndir. Uşaqların yaxalarından asılan bu muncuqların həqiqətən qoruyucu xüsusiyyətinin olmasına inananlar nəinki uşaqların yaxasına, evlərin girəcəyinə, həyətlərə, ağacların görünən yerlərinə də muncuq asmaqdan çəkinmirlər.
İçində nə yazıldığı bilinməyən dualar nəzərdən qoruyurmu?
Dua və üzərliklərin yeri isə inanlar üçün əvəzolunmazdır. Əsasən bölgələrdə yayılan, uşaqların üzərində gəzdirdiyi kiçik parçaya bağlanmış dualar nəzərdən qorunmaq üçün ən təsirli vasitələrdən hesab olunur. Duaları kimi boynundan asır, kimi paltarına sancır, kimi də çantasında, cibində gəzdirir. Etiraf etməliyik ki, nəzərə, dualara inananlar qədər inanmayanlar da var. Adətən yaşlılar belə inanclara daha çox rəğbətlidir.
Üzərində dua gəzdirən insanların əksəriyyəti bu barədə danışanda niyə bu duaları üzərlərində gəzdirdiklərini anlamadıqlarını deyirlər. O parçaya bükülü kağızların içində nə yazıldığını isə hələ də əksəriyyət bilmir.
"Şərq”in budəfəki müsahibi də anası gözə, nəzərə inandığına görə uşaqlıqdan üzərinə sancaqla dua keçirdib, 13-14 yaşına kimi o duanı saxlayıb. Adını çəkməyimizi istəmədiyini, bu mövzuda danışmağın onun üçün bir qədər gülməli olduğunu deyir: "Çoxdandır ki, taxmırdım o duanı, yadımdan belə çıxmışdı. 20 yaşım var, bu cəfəngiyyatları indi yaxşı dərk edirəm. Nə qədər ətrafımda, ailəmdə gözə-nəzərə inanan insan olsa da özümü biləndən bu şeylər mənim üçün boş inanclardan başqa bir şey deyil”.
"Yaşıl parça” kimi yadımda qalıb”
Hardasa 8-9 yaşım olardı, dua ilə tanış olanda. Bir gün anam yaşıl parçaya bükülü, tikilmiş bir şey gətirdi. Sancaqla görünməyən tərəfdən paltarıma keçirib, möhkəm-möhkəm tapşırdı ki, nə çıxart bunu, nə də itir. O yaşımda təbii olaraq bu balaca şeyin nə olduğunu bilmirdim. Anamdan soruşanda, "duadır” dedi. Daha heç nə soruşmamışdım. Elə fikirləşirdim ki, nəsə vacib bir şeydi, üstümdə saxlamalıyam. O "yaşıl parça” təxminən 3-4 il qaldı üstümdə, sonra çıxardıb anama verdim və daha taxmadım.
Dualar nəsildən-nəsilə ötürülüb
Sonralar anamla bu barədə danışanda öyrəndim ki, sən demə məndən əvvəl qardaşım və bacım da həmin duanı üstündə gəzdirib. Onlar böyüdükdən sonra növbə mənim idi. Bir müddət əvvəl evdə tapmışdım həmin duanı, anam necə qoruyub, saxlayıbsa. Həmişə anama deyirdim ki, bu "yaşıl parça” bizdə nəsildən-nəsilə keçəcək. Bundan sonra da bizim övladlarımız sıra ilə taxar. Qəribəsi odur ki, anam bunu ciddi qəbul edirdi. Neçə dəfə soruşmuşam ki, onun içində nə yazılıb? Anam bilmirəm deyib. Açıb oxumaq istəyəndə isə "olmaz, günahdı, nə olar nə keçər” deyə daş atıb, başını tuturdu.
"Gözü dəyənin gözü çıxsın”...
İnsanlar tanıyıram ki, ifrat dərəcədə nəzərə inanırlar. Evə tanıdıqları qohum-qonşu belə gələndə üzərlik yandırıb, bəddualar oxuyurlar. Bir məclisə, toya, nişana gedəndə analar azyaşlı uşaqlar bir yana evlənəcək yaşda qızlarının oğlanlarının belə başına üzərlik fırlayıb, yandırırlar. Üzərliyin maraqlı "reseptlərini görmüşəm, hətta. Belə inanırlar ki, üzərliklə bərabər, duz, soğan-sarımsaq qabığı da yandırmaq lazımdı. 3 dəfə başına fırlayıb, "gözü dəyənin gözü çıxsın” demək mütləqdir.
Yazıq qara pişik harasa gedir, pis niyyəti yoxdur
Digər müsahibim, astroloq, "Qoroskop” jurnalının baş redaktoru Səbuhi Rəhimli də nəzərə inanmayanlardandır. Astrologiyanın mistikaya aidiyyatı olmadığını deyən S.Rəhimli nəzər kimi absurd inancları qəbul etmədiyini dedi: "Astroloq kosmik sferada mövcud olan planet və ulduz topasının trayektoriyasına nəzərən Yerdəki həyata təsir mexanizmini öyrənir. Nəzər kimi qədim inanclar isə cəfəngiyyatdır. Düşünürəm ki, hər vəchlə insanları mistikaya çəkirlər. Mən bir dəfə efirdə idim, auditoriyadan bir qız sual verdi ki, Səbuhi müəllim, küçə ilə gedəndə qarşımızdan qara pişik gedirsə, bu nə deməkdir. Cavab verdim ki, bu o deməkdir ki, o yazıq pişik harasa gedir. Yenə qeyd edirəm ki, astroloji, astronomik proqnozların belə təsdiqini tapmamış inanclarla əlaqəsi yoxdur”.
Nəzər dində təsdiq olunub
Astroloq Firudin Qurbansoy isə nəzərin dində təsdiq olunduğunu bildirib: "İslam dinində göz-nəzərin olması ilə bağlı rəvayətlər çoxdur. "Qurani-Kərim”də Həzrət Yaqub peyğəmbərlə bağlı bir hadisəni misal göstərmək olar. Həzrət Yaqub peyğəmbər öz oğullarını Misirə göndərəndə onlara tapşırırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun” (Yusif, 67). Belə izah edilir ki, Yaqub peyğəmbər oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü. Bundan başqa Quranda yazılıb ki, Həzrət Məhəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçinin Peyğəmbərin əmisi oğlu Cəfər İbn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istifadə etmək də həqiqətdir””.
Ekspert qeyd edib ki, nəzərə inanıb-inanmamaq isə insanların şəxsi məsələsidir. Bəziləri isə ifrat dərəcədə bütün həyatını bunun üzərində qurur: "Gözdəymənin qabağını almaq üçün gözmuncuğu, qaratikan, nal kimi üsullardan istifadə edirlər. Nəzərdən qorunmaq üçün dində məsləhət görülən isə nəzər ayəsini (Qələm, 51-52) oxumaqdır. Həmin ayəni kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən rahatlanmaq mümkündür”.
Aysel Aslan