Güclər dəyişir...

İŞİD-in üzərində artıq qələbələr görünür



İraq Silahlı Qüvvələri dünyanın baş bəlasına çevrilən İŞİD terrorçularının nəzarətindəki Tikrit şəhərini azad edib. Məlumata görə, hökumət qoşunlarının əsgərləri və şiə milisinin döyüşçüləri yerli sünni tayfalarının köməyi ilə şəhərin şimal hissəsinə, Qadisiyyə rayonuna daxil olublar və hazırda orada təmizləmə həyata keçirirlər.

Əyalətin qubernatoru Salah əd-Din bildirib ki, artıq İraq bayrağı Qadisiyyədəki hərbi hospitalın üzərində dalğalanır. Yada salaq ki, Tikritə hücum əməliyyatı on gün əvvəl başlayıb.

Məsələni şərh edən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə deyib ki, son zamanlar İŞİD-ə qarşı mübarizə prosesi təkcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından seçilir. Ekspertin qənaətincə, İraq ordusunun bu qruplaşma ilə mübarizəsi çox mühüm mərhələyə daxil olub: "Əvvəllər adıçəkilən terror təşkilatı Suriya və İraq ərazisində müxtəlif məntəqələri ələ keçirirdi. Hətta İraqın paytaxtı Bağdadın özü belə böyük təhlükə ilə üzləşmişdi. İndi isə əksini müşahidə edirik. ABŞ və ayrı-ayrı dövlətlərin dəstəyi ilə İraq tərəfi qruplaşma üzərində qələbələr əldə edir. Bu da onu göstərir ki, dəstəyə qarşı mübarizə real məzmun daşıyır. Yəni söz, bəyanat deyil, əməli iş səviyyəsində mübarizə aparılır”.

Ekspertin sözlərinə görə, Amerika prezidenti Barak Obama məlum dəstəyə qarşı mübarizəni öz xarici siyasətinin əsas istiqaməti sayır: "Bu, rəsmi Vaşinqton üçün strateji əhəmiyyətli məsələyə çevrilib. Hətta Obama belə bir bəyanat səsləndirmişdi ki, onlar İŞİD-ə qarşı mübarizəni 3 il müddətinə yekunlaşdırmaq istəyir. ABŞ 8 illik rəhbərliyi dövründə göstərilən problemin həllinə nail olmuş prezident kimi tarixə düşmək istəyir. Buna rəğmən suala birmənalı cavab vermək olmaz. Müəyyən ziqzaqvari addımlar atılır. İŞİD gah geri çəkilir, gah da hücuma atılır. Belə hallar var. İraq hökumətinin terrorçulara qarşı mübarizədə qazandığı nailiyyətlərdən bu qənaətə gəlmək olar ki, proses davamlı olarsa, real nəticə əldə etmək olar”.

Ayyət Əhməd