Gücümüz də artıb, nüfuzumuz da

Azərbaycan İslamiadada göstərdik ki, islam dini elm, mədəniyyət, sülh dinidir


Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan tolerantlığı, multikulturalizmi və bəşəri dəyərlərə verdiyi töhfələrə görə, ən əsası isə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir. Azərbaycan "Avroviziya-2012”, "I Avropa Oyunları” kimi mühüm yarışmalara ən yüksək səviyyədə ev sahibliyi edən, təşkilatçılıqda öz standartlarını müəyyənləşdirən mühüm ölkəyə çevrilib.

Təbii ki, bütün bunlar ölkəmizin real gücünün, beynəlxalq nüfuzunun göstəricisidir. May 12-22 tarixlərində paytaxtda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücünü, bacarığını, barışdırıcı mövqeyini bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin təbirincə desək, beynəlxalq səviyyəli yarışa ev sahibliyi edən ölkəmiz yeni yanaşmanı ortaya qoydu, yeni standartlar tətbiq etdi. Bu gün Azərbaycan nəinki islam aləmində, bütün dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanınır. Belə mötəbər yarışların ən yüksək səviyyədə keçirilməsi ilə bərabər, idmançılarımızın da fəallıq göstərmələri, qələbələr qazanması ölkəmizin gücünə güc qatır, Azərbaycanı idman dövləti kimi də məşhurlaşdırır.

 Dövlət rəhbəri bəyan edib ki, Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır: 

"Son nailiyyətlərimiz deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. İnkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, idmana meyl edirlər”. Prezident bildirib ki, açılış mərasimində islam dininin mütərəqqiliyi göstərilib: "Göstərdik ki, islam dini elm, mədəniyyət, sülh dinidir. Eyni zamanda, biz dünyaya açığıq, müasirik, inkişaf edirik. Bu önəmli amillər müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Bu Oyunların Azərbaycanda keçirilməsi bizə olan böyük hörmətin və inamın təzahürüdür. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik”. 

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin ölkənin inkişafını idmanla bağlaması tamamilə düzgündür. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol tutur: 

"İnfrastrukturun hazırlığı, idman obyektlərinin müasir tələblərə cavab verməsi və s. dünyada əsas məsələlərdən biri kimi götürülür. Azərbaycan müasir dövlətçiliyin inkişafında bütün məsələlərə ciddi diqqət yetirir. İdman məsələsi də burada xüsusi yer tutur. Bu artıq Azərbaycanın bir dövlət kimi dünyada nüfuzunun artmasında, ölkəmizin atdığı addımların diqqətlə izlənilməsində özünü göstərir. Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, Azərbaycanda gedən yarışların beynəlxalq, xarici telekanallarda izlənilməsinə və s. xidmət edir. Bu da Azərbaycanla bağlı adi münasibətlərin daha da çoxalmasına səbəb oldu.

Bu ilin sentyabrında Azərbaycanda Voleybol üzrə dünya çempionatı keçiriləcək. Ümumilikdə götürdükdə idman Azərbaycanda cəmiyyətin bütün prioritet inkişaf məsələləri ilə paralel gedir”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, deputat Fuad Muradov da bildirib ki, İslam Oyunları Azərbaycanın gücü və nüfuzunu göstərdi: "Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu islam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Azərbaycan həm islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada islam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim islam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsi oldu. IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu göstərdi, həm də müsəlman aləmini - islam ölkələrini Şərq və Qərbin qovşağında birləşdirdi”.

Beynəlxalq müstəvidə Azərbaycanın nüfuzlu idman ölkəsi kimi tanındığını deyən deputat söyləyib ki, məhz bunun nəticəsidir ki, ölkəmiz nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir: "İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin böyük miqyaslı idman yarışlarına ev sahibliyi etmək imkanlarına malik olduğu reallığını bir daha nümayiş etdirmiş oldu”.

Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan göstərir ki, islam dünyası bəşəri mədəniyyətin bir parçasıdır: 

"Dünyanın ayrı-ayrı ölkələrində islamafobiyanın kökləndiyi, islam dünyasına qarşı hücumların baş verdiyi bir zamanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi. Oyunlarda islam dini bütövlükdə bəşəri dəyər kimi təqdim olundu. Bu, çox önəmli faktordur. Həm Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında, həm də "Bakı-2017”nin açılış və bağlanış mərasimlərində islamın bəşəri din olduğu, bəşəri dəyərlər daşıdığı xüsusilə önə çəkildi”. E.Mirzəbəyli vurğulayıb ki, islamın sülh dini olmasını Azərbaycan bir daha dünyaya nümayiş etdirdi: "Ölkəmiz bu günə qədər keçirdiyi bütün tədbirlərdə yüksək peşəkarlıq ortaya qoyub. Bütün dünya da Azərbaycanın nailiyyətlərinin şahidi olub. Cənab Prezidentin fikirləri, Azərbaycanın apardığı işlər dünyaya mesajdır ki, islama bəşəri mədəniyyətin tərkib hissəsi kimi yanaşmaq, humanizm fəlsəfəsini önə çəkmək lazımdır. İslam bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsi kimi qiymətləndirir”.

İsmayıl