Gülnarə Kərimovanın oğlu: anama şər atıblar




Sabiq Özbəkistan prezidenti İslam Kərimovun adını daşıyan nəvəsi və böyük qızı Gülnarənin oğlu, yüzlərlə milyon dollar məbləğində pulu mənimsəməkdə və hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilən anasına qarşı iddiaların şər və böhtan olduğunu deyib.

Lent.az bildirir ki, BBC Özbək xidmətinə verdiyi müsahibədə, o, həmçinin anasının sahib olduğunu iddia olunan 2 milyard dollar aktivlərin ona məxsus olmadığını deyərək, Özbəkistan hökumətində bir çox şəxsin bu məbləğdən qat-qat böyük sərvəti olduğunu qeyd edib.

Gülnarə Kərimovanın harada olduğu hələ ki, məlum deyil. Hətta bəzi media mənbələri onun öldüyünü deyiblər. Lakin övladları Gülnarə Kərimovanın Daşkənddə, ev həbsi rejimində saxlandığını deyirlər.
Çərşənbə axşamı oğul İslam Karimovun aldığı 3 iyul tarixli məhkəmə sənədində anasının Daşkənddə yerləşən həbsxanaya köçürüldüyü deyilib. Lakin bu məlumatı təsdiqləmək mümkün olmayıb.
İslam Karimovun BBC-ə Özbək xidmətində verdiyi müsahibənin qısaldılmış mətni:

BBC: Səkkiz ay əvvəl siz Özbəkistan hökumətindən ananızın vəziyyəti və ona qarşı ittihamlar barədə məlumat təqdim etməyi xahiş etmişdiniz. Sizə verilən məlumatdan razısınız?

İslam Kərimov (İ.K.): Qətiyyən, yox. Birincisi ona qarşı bütün ittihamlar şişirdilib - bu hamıya məlumdur. İkincisi, ona qarşı iddiaların çoxu saxtalaşdırılıb. Bir dənə də şahid yoxdur, bir dənə də adam yoxdur, imzalı sənəd yoxdur, heç bir səs yazısı və ya görüntü yoxdur.
Hər şey MTX-də (Özbəkistanın Milli Təhlükəsizlik Xidməti) üç-dörd il saxlanan şəxslərin döyülərək imzaladıqları ifadələr və verdikləri çıxışlarının üzərində qurulub. Aydındır ki, MTX-də dörd il keçirən adam nə lazımdırsa etiraf edəcək.
BBC:İttihamlarda Gülnarə Kərimovaya məxsus olduğu bank hesabları və mülklərin yerləşdiyi 12 ölkənin adları çəkilir. Yəgin ki, digər ölkələrin təqdim etdiyi dəlillər də var?
İ.K.: Əgər dəlillər olsaydı xaricdə artıq məhkəmələr başlayardı, müsadirə olardı və ya hansısa maddələr üzrə ittihamlar irəli sürülərdi. Adları çəkilən ölkələrin heç biri nəinki Özbəkistandakı işin, heç məhkəmələrin və vəkillərin bir dənə də olsun qərarını tanımayıb.