
Günün sərt üzü: “6 ayı mənim, 6 ayı sənin”
Son qərarı yenə məmur verəcəkTutaq ki, sosial yardımla bağlı sistem elektronlaşdı, məmur özbaşınalığı, rüşvətxorluq aradan qalxacaqmı?

Ailəsində, yaxın qohumunda, qonşusunda ünvanlı sosial yardım alanlar bu sahədəki vəziyyətə bələddirlər. Birincisi, hələ bu yardımın şəxsə verilib-verilməməsinin təyini prosesi uzun çəkir. Yüz cür sənəd-sübut tələb olunur. Bunlar düzələndən sonra isə "əsas məsələ” dövriyyəyə daxil olur. Bu da rayon sosial müdafiə şöbələrindəki məmurların vətəndaşla bazarlığıdır; 6 ayı mənim, 6 ayı sənin. Vətəndaş bir az dirənişlidirsə, ayların sayında azalma da olur. Bir çoxları 6 aylıq sosial yardımını məmura "neyləyək, 6 aya da şükür” prinsipi ilə peşkəş edir. Bu durum ölkədə sirr deyil. İnsanlar ünvanlı sosial yardımların bir qismindən "könüllü” imtina etməli olur. Təki, 5-3 manat əlinə pul gəlsin. Təbii ki, dövlət qurumları, nazirlik vətəndaşları rüşvətxorlarla işbirliyinə getməməyə və bu tip məmurları ifşa etməyə çağırır. Amma kimə deyirsən?! Vəziyyət dəyişmir. İndi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların elektron qaydada təyin ediləcəyini açıqlayıb. Virtualaz.org saytına məlumatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, bundan sonra ünvanlı sosial yardım almaq istəyənlər internet vasitəsilə müraciət edə biləcəklər.
E.Babayev deyib ki, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb.
Vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması prosesində elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır.
Proqram təminatı istifadəyə verildikdən sonra vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq.
Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.
Eyni zamanda ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların "Elektron Hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımı təyin ediləcəyi təqdirdə həm bu barədə, həm də həmçinin yardımın məbləği, plastik kartı hansı bankdan ala biləcəyinə dair də məlumatlar onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək.
Nazirlik bir qisim vətəndaşın elektron sistemdən istifadə edə bilməməsini və ya istifadə imkanının olmamasını da nəzərə alaraq əhalinin poçt şöbələrinə müraciət edə bilməsi üçün də şərait yaradacaq. Yəni, vətəndaşlar poçt şöbəsi əməkdaşlarının köməyindən istifadə edə biləcəklər.
Nazirliyin ünvanlı sosial yardımların verilməsi prosesini elektronlaşdırması bu sahədəki neqativ halların aradan qaldırılmasına kömək edəcəkmi?
Məsələyə münasibət bildirən "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev "Şərq”ə açıqlamasında bildirdi ki, ümumilikdə bütün iqtisadi münasibətlər leqallaşmayınca, neqativ halların aradan qaldırılması da mümkün olmayacaq:
- Məgər hazırda bilinir ki, kim işləyir, kim işləmir? Kim nə qədər əmək haqqı alır? Hazırda ölkədə əmək haqlarının 70 faizi qeyri-leqaldır. Belə olan təqdirdə kimə sosial yardım düşür, kimə düşmür, necə obyektiv, reallığa uyğun müəyyən edilə bilər? Birinci növbədə bütün iqtisadi münasibətlər leqallaşmalıdır, sonra digər məsələlər həllini tapa bilər. Hazırda bizim ölkədə istehlak səbətinin dəyəri 135 manat təyin edilib. Hazırkı bazar qiymətləri ilə 135 manata dolanmaq mümkündür? Axı heç kriteriyalar dəyişməyib. Əvvəlcə iqtisadiyyatı dirçəltmək lazımdır. Ciddi islahatlar aparılmasa, bizim ünvanlı sosial yardımlardan danışmağımız da yersizdir. Demirik, hamı işlə təmin edilsin. Amma ABŞ, Almaniya kimi inkişaf etmiş ölkələrdə əhalinin 70 faizi xidmət sektorunda çalışır. Bizim ölkədə əsas işçi qüvvəsi çıxıb gedib. Əhalinin 30-40 faizi yoxsulluq səviyyəsindədir. İnkişaf etmiş Avropa ölkələrindəki işsizliyi misal gətirə bilərsiniz. Amma obyektiv səbəblərlə subyektiv səbəblər fərqlidir. İndi bizə ciddi iqtisadi islahatlar edə biləcək insanlar lazımdır.
İqtisadçı Natiq Cəfərli isə bildirdi ki, elektron sistemin tətbiqi nə qədər müsbət haldırsa, bunun neqativ halları tamamilə aradan qaldıracağını düşünmək doğru olmaz:
- Elektron sistemə keçid zamana hesablanmış qərardır və doğrudur. Amma bunu düşünmək ki, sistem elektronlaşdı, neqativ hallar, məmur özbaşınalığı, rüşvətxorluq aradan qalxacaq, bu, absurd olardı. Çünki yenə də son qərarı məmur verir. Kompüterə hansısa məlumatlar daxil olur, elektron sistemlə informasiyalar əldə edilir, ödəniş kartını bank verir, amma qərarı verən ki, məmurdur. Hansısa məmur əgər vətəndaşla sövdələşməyə getmək istəsə, yenə gedəcək. Lap plastik kart bank vasitəsilə verilsə belə, sövdələşmə aparmaq istəyən məmur bunu yenə edəcək. Ən əsası, sövdələşmənin ortadan qaldırılması lazımdır, bu da hələ ki, real görünmür. Qərarların verilməsində şəffaflıq təmin edilməlidir. İctimai nəzarət, media nəzarəti, ictimai qınaq da çox mühümdür. Deyirlər ki, məmur vətəndaş qarşısında yardımın ilk 6 ayının ona verilməsi tələbini qoyur. Vətəndaş da çıxılmaz durumda olduğundan buna razılaşır. Bu vəziyyətin dəyişməsi üçün ciddi işlər aparılmalıdır. Efirlərdə sosial çarxlar nümayiş olunmalıdır. Sosial reklamlar vasitəsilə vətəndaş maarifləndirilməli və bilgiləndirilməlidir. Vətəndaş başa düşməlidir ki, dövlət tərəfindən ona verilən bu pul "göydəndüşmə” deyil. Bu yardım ona niyə verilir, hansı əsasla verilir. Və o, dövlətin verdiyi pulu kiminləsə bölməməlidir. Rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında iki əsas yol var: təşviq və cəza. Vətəndaş rüşvətə qarşı təşviq edilməlidir, rüşvətxor məmursa cəzalanmalıdır ki, başqasına ibrət olsun. Bununla korrupsiya hallarını minimuma endirmək mümkündür.
N.Cəfərli ünvanlı sosial yardımların "ələbaxımlılıq” yaratması fikrinə də münasibət bildirdi:
- İndi o qədər təkliflər səslənir. Biri deyir, sosial yardım olsun, biri deyir, olmasın. Bir başqası vətəndaşı işləməyə çağırır və s. Konstitusiyamızda Azərbaycan özünü sosial dövlət adlandırır. Bir halda ki, Azərbaycan sosial dövlətdir, gəlirləri yaşayış minimumumdan aşağı olan insanlara yardım etməlidir. Almaniya kimi inkişaf etmiş bir ölkə vətəndaşına 700-800 avro civarında yardım edir. Bu məbləğ bölgələrin iqtisadi vəziyyətindən asılı olaraq dəyişir. Almaniyanın elə regionları var ki, orada iqtisadiyyat güclüdür, sənaye obyektləri var və s. elə bölgələri də var ki, iqtisadi inkişaf nisbətən zəifdir. İqtisadi inkişaf zəif olan bölgələrdə sosial yardımların məbləği hətta 1000 avroya çatır. ABŞ-da vəziyyət tamam fərqlidir. Orada sosial sahədə biznes strukturları geniş fəaliyyət göstərir. Bizdə də bu təcrübədən istifadə edilə bilər. Biznes strukturları hökumət qarşısında konkret proqramlarla çıxış etsinlər, təkliflərini versinlər. "Ələ baxımlılıq yaradır” deyib ehtiyaclı insanları görməzdən gəlməməliyik. Həm də xüsusilə elə bir zamanda ki, ehtiyaclı insanların sayında ciddi artım müşahidə olunmaqdadı. Belə şəraitdə sosial yardımların verilməsi daha aktualdır. Sadəcə, təşviq üsulları və cəzalandırma sistemi tam şəkildə icra edilməlidir.
Məlahət Rzayeva