Gürcüstan konstitusiyalı monarxiyaya keçir ? - AÇIQLAMA

Elxan Şahinoğlu: "Cəmiyyətdən dəstək olarsa, siyasətçilər, müxtəlif vətəndaş cəmiyyətləri, tanınmış nümayəndələr fikir bildirərlərsə, patriarx mövzunu genişləndirməyə çalışa bilər"

"Gürcüstan müstəqillik qazandıqdan bu yana konstitusiyalı monarxiya mövzusu zaman-zaman gündəmdə olub”.

Bunu Sherg.az-a katolikos – Bütün Gürcüstanın patriarxı II İliyanın gürcü xalqını ölkədə konstitusiyalı monarxiya qurmağa çağırmasına münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib. 

O, təklifin reallaşacağına inanmadığını ifadə edib:

"Bu gürcü patriarxın öz mövqeyidir. Gürcüstan isə respublikadır. Ola bilsin ki, Gürcüstanın respublika quruluşunu tənqid edənlər də var. Bir müddət Gürcüstan prezidentli respublika idi. Sonradan dəyişilib, parlamentli respublikaya çevrildi. İndi isə bəzən baş nazirlə prezident arasında müəyyən situasiya yaranır ki, hansının daha çox səlahiyyəti var. Bu suallar da zamanla gündəmə gətirilir. O demək deyil ki, bütün məsələləri kənara qoyub, patriarxın sözü ilə konstitusiyalı monarxiyaya keçilməlidir.

Bütün bunlara baxmayaraq, görünür, Gürcüstan patriarxı nəbz yoxlaması həyata keçirir. Bu məsələni ortaya atmır və cəmiyyətdən dəstək olarsa, siyasətçilər, müxtəlif vətəndaş cəmiyyətləri, tanınmış nümayəndələr fikir bildirərlərsə, patriarx mövzunu genişləndirməyə çalışa bilər. Amma hələlik heç bir reaksiya və ya dəstək yoxdur. Güman ki, yenidən məsələ arxa plana keçəcək”.

Qeyd edək ki, katolikos konstitusiyalı monarxiyanın ölkəyə sabitlik gətirəcəyini bəyan edib.

Aysel Aslan