Gürcüstan müxalifətinin güclü lideri yoxdur

Hakimiyyət uğrunda savaş təkcə kuluarlarda deyil, eyni zamanda publikada da hiss olunmaqdadır



Gürcüstanın 10 müxalifət partiyası "Güc birlikdədir” adlı birlik yaradıb. Təşkilat bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Vahid namizədin "Vahid Milli Hərəkat” Partiyasının üzvü Qriqol Vaşadze olacağı gözlənilir.

Onun namizədliyinin rəsmən açıqlanacağı bildirilir. Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. O, ötən ilin oktyabrında yerli idarəetmə orqanlarına keçirilmiş seçkilər zamanı Kutaisi şəhərinin meri vəzifəsinə namizəd olsa da, qalib gələ bilməyib. Ekspertlərin sözlərinə görə, uzun zaman sonra bu qədər müxalif partiyanın bir araya gəlməsi və vahid namizəd irəli sürməsi qarşıdan gələn seçkidə öz təsirini göstərə bilər. 

Düzdür, Gürcüstan prezidenti vəzifəsi səlahiyyəti az olan post kimi dəyərləndirilir. Buna rəğmən prezident seçkisi uğrunda gərgin mübarizənin gedəcəyi gözlənilir. Ən azından Saakaşvilinin partiyasının yenidən hakimiyyətə yiyələnməsi istiqamətində müəyyən cəhdlər edilir.

Gürcüstandakı prosesləri "Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, hazırda Gürcüstanda elitadaxili çəkişmələrlə yanaşı, hakimiyyət uğrunda müxalifət-iqtidar arasında ciddi savaş gedir. Ekspertin sözlərinə görə, 2018-ci ilin əvvəllərindən başlayaraq, bu savaş təkcə kuluarlarda deyil, eyni zamanda publikada da hiss olunmaqdadır: 

"İndi Gürcüstanda sabiq baş nazir Bidzina İvanişvilinin başçılığı altında güclü siyasi qrup mövcuddur. Müxalifət başa düşür ki, onlar tək halda bu xəttə güc gələ bilməzlər. Buna görə də birləşmələri haqqında söhbətlər gəzməkdədir. Ancaq iş orasındadır ki, müxalifətin güclü lideri yoxdur. Bu lider Saakaşvili ola bilər. Lakin onun vəziyyəti məlumdur. Düşünürəm ki, bu seçkilərdə də olmasa, parlament seçkilərində daha dramatik hallar baş verə bilər. Parlament seçkilərinə hazırlıq çox ciddi səviyyədə gedəcək və seçkilərdə kimin hansı partiyanın və ya blokun qalib gələcəyi həm də bölgədəki geosiyasi konfiqurasiyadan asılı olacaq”.

İsmayıl