Gürcüstan tamamilə müdafiəsiz qala bilər

Torpaqlarının bir hissəsini itirmiş bir ölkə aviasiyasız çox gülünc görünər


Gürcüstan ordusunda pilotlar və hərbi texnikalar Hərbi Hava Qüvvələrini tərk ediblər. Məlumata görə, pilotlar və texnikalar Gürcüstan Müdafiə Nazirliyinin apardığı ixtisarlar nəticəsində ordudan uzaqlaşdırılıblar. Üstəlik, aviasiya bazası KİV üçün qapadılıb. Orduda olan təyyarə və vertolyotların taleyinin necə olacağı isə bilinmir. Xatırladaq ki, hərbi təyyarələrin satılması haqqında informasiya Müdafiə Nazirliyinin islahat haqqında açıqlamalarından sonra yayılıb.

Ölkə parlamentinin də hərbi aviasiya ilə bağlı prosesləri izlədiyi bildirilir. Müxalif Vahid Milli Hərəkat Partiyası ordunu aviasiyasız qoymağın əleyhinə olduğunu, bunun ciddi təhlükələrə yol açacağını bəyan edib. Onların fikrincə, hazırda Gürcüstan ordusunda 10-dan çox "Su-25” təyyarəsi var. Əgər nazirlik saxlanması baha başa gələn hərbi təyyarələrdən imtina edərsə, ordu aviasiyadan tam məhrum qalacaq. Məsələni "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli qərarın çox ağılsız və yersiz olduğunu deyib: "Belə qərarlar alan ölkə NATO standartlarına necə keçəcək? Hazırda Gürcüstanda "Su 24”, "Su 25” və başqa tipli köhnə sovet hərbi təyyarələri var. Amma həmin təyyarələrin bir çoxu sovet vaxtı Gürcüstan ərazisində istehsal olunub. İndi ölkədə aviasiya zavodu durur, amma istehsal dayanıb. Mən hərbi təyyarələrin böyük xərc tələb etdiyi düşüncəsində deyiləm. Onsuz da Gürcüstan müntəzəm hərbi təlimlər keçirmir. Məsələn, Azərbaycanda fərqli sistem var. Müharibə şəraitinə uyğun olaraq hərbi təyyarələrimiz tez-tez təlim uçuşları keçirir və müəyyən döyüş tapşırıqları yerinə yetirirlər. Amma Gürcüstanda buna ehtiyac yoxdur. Hərbi texnikalar həftədə bir dəfə havaya qalxsa, bəs edir. Düzdür, hər qalxış prosesində müəyyən məsrəflər ortaya çıxır. Lakin bu, böyük xərc deyil. Hətta ən kasıb ölkələrdən sayılan Həbəşistan belə əhalisinin boğazından kəsib hərbi təyyarələrin mütəmadi uçuşunu təmin edir. Gürcüstan torpaqlarını itirmiş bir ölkə olaraq hərbi hava qüvvələrinə böyük ehtiyac duyur”.

Ekspert məntiqsiz qərarın verilməsində İvanaşvilinin rolunu istisna etməyib: "Bu qərar Rusiya qarşısında Gürcüstanı tamamilə müdafiəsiz qoya bilər. Bir insan vətənpərvərlik hissini nə qədər itirməlidir ki, ölkəsini hava qüvvələrindən məhrum etsin. Digər tərəfdən Gürcüstan elə də kasıb ölkə deyil. Xüsusən, Rusiya ilə savaşdan sonra ölkə dərhal ciddi ordu quruculuğuna start verdi. NATO da bu istiqamətdə Gürcüstana təmənnasız yardım göstərir. Bunun müqabilində Tbilisi hökuməti zəhmət çəkib əziyyətə qatlaşsın, hərbiyə daha çox pul ayırsın. Ordunu daha da gücləndirmək, arsenalını artırmaq əvəzinə illərlə yetişmiş hazır kadrları sıradan çıxarmaq çox zərərli siyasətdir. Həmin pilotlar uzun zaman ərzində böyük əziyyət hesabına yetişiblər. Bir təcrübəli pilotun yetişməsi alimin yetişməsindən daha çox xərc tələb edir”.

İsmayıl