Venesuela Qayana-Essequibo ərazisinin mənsubiyyəti ilə bağlı uzun illərdir davam edən mübahisənin həlli üçün Qayananı danışıqlara çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın səlahiyyətli prezidenti Delşi Rodriges məlumat verib.
Rodriges bildirib ki, ərazi mübahisəsinin istənilən effektiv həlli iki ölkə arasında danışıqların nəticəsi olmalıdır. Onun sözlərinə görə, Venesuela öz hüquqlarını müdafiə edərkən qanunçuluğa və mehriban qonşuluq münasibətlərinə sadiqliyini təsdiqləyir.
Venesuelalı rəsmi Qayananın 1899-cu ildə Parisdə keçirilmiş arbitraj məhkəməsinin qərarının qanuni hesab edilməsi üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməsini də pisləyib.
Rodriges həmin qərarın Venesuelanı ərazisinin əhəmiyyətli hissəsindən məhrum etmək məqsədi daşıdığını iddia edərək, ölkəsinin Qayana-Essequibo ilə bağlı tarixi mövqeyini bir daha təsdiqlədiyini bildirib.