Gürcüstanda prezidenti xalq seçməyəcək

Məqsəd müxalifət namizədinin ümumxalq seçkilərində qələbə ehtimalını aradan qaldırmaqdır



Gürcüstan parlamenti 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib. Parlamentin qəbul etdiyi əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Müxalif "Vahid Milli Hərəkat” və "Avropalı Gürcüstan” partiyaları iclasda iştirakdan imtina ediblər. Yenilənmiş Konstitusiyanın 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minməsi gözlənilir.


Qəbul olunmuş dəyişikliklərə əsasən, deputatların proporsional seçki sistemi ilə, Gürcüstan Prezidentinin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur. Dəyişikliklər təsdiq üçün Prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Xatırladaq ki, dövlət başçısı Konstitusiyaya nəzərdə tutulmuş bir sıra dəyişikliklərlə razı olmadığını dəfələrlə bəyan edib. Onun dəyişikliklərə veto qoymaq hüququ var. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Şahin Cəfərli deyib ki, Gürcüstandakı son parlament seçkilərinin nəticələri əsasında "Gürcü Arzusu”nun qanunverici orqanda üçdə iki çoxluq əldə etməsindən sonra aydın idi ki, onlar bu fürsəti əldən verməyəcək və Konstitusiyanı dəyişmək istəyəcəklər.

 Ekspertin sözlərinə görə, bu, ən əvvəl Mixail Saakaşvilinin izlərini silmək arzusundan irəli gəlirdi: "Hazırkı Konstitusiya məhz Saakaşvili dövrünün yadigarıdır. "Gürcü Arzusu” sabiq prezidentə nifrət üzərində köklənib. Onu devirmək məqsədilə qurulmuş siyasi qüvvələrin, fərdlərin birliyi kimi siyasi səhnəyə çıxıb. İkincisi, "Gürcü Arzusu”nun Konstitusiya dəyişikliklərində öz siyasi maraqlarını rəhbər tutacağı gözlənilirdi və belə də oldu. Seçkilərdən qısa müddət sonra hakim partiya Konstitusiyaya dəyişikliklər və əlavələr üzərində işləməyə başladı. Dəyişiklik və əlavələr layihəsini əksəriyyəti iqtidar təmsilçiləri olan Dövlət Konstitusiya Komissiyası hazırlayıb. Müxalifətin, qeyri-hökumət təşkilatlarının, hətta prezidentin irad və təklifləri nəzərə alınmayıb. Yeni Konstitusiyada tam parlament üsul-idarəsinə keçilməsi nəzərdə tutulur. Parlament proporsional sistem əsasında formalaşacaq. Əslində müxalifət və prezident bu dəyişikliyi dəstəkləyirdi, lakin dəyişiklik növbəti seçkidən etibarən deyil, 7 il sonra - 2024-cü ildə qüvvəyə minəcək. Beləliklə, növbəti seçkilər də hazırda qüvvədə olan qarışıq sistem əsasında keçiriləcək: - 77 deputat proporsional, 73-ü majoritar qaydada seçiləcək. Bu isə sırf "Gürcü Arzusu”nun iqtidarda qalmasına hesablanmış addımdır”. 

Ekspertin fikrincə, hamıya aydındır ki, Gürcüstan kimi hələ demokratik institutların oturuşmadığı ölkələrdə birmandatlı dairələr üzrə seçkilərdə hakimiyyətdəki qüvvə böyük imkanlara malik olur. Nəhəng inzibati resurslardan faydalanaraq rəqiblərini asanlıqla üstələyir: 

"Gürcüstanda müxalifətin, QHT sektorunun və dövlət başçısının etirazı daha çox bu məsələ ilə bağlıdır. Digər önəmli dəyişiklik isə prezidentin xalq tərəfindən seçilməsinə son qoyularaq, bu səlahiyyətin 300 nəfərlik xüsusi seçicilər qrupuna həvalə edilməsidir. Bu qrup ölkə üzrə yerli idarəetmə orqanlarının nümayəndələri, eləcə də Acarıstan və işğal altındakı Abxaziya parlamentlərinin deputatlarından ibarət olacaq. Bu da ölkədə etiraz doğurub. Güman edilir ki, məqsəd müxalifət namizədinin ümumxalq seçkilərində qələbə ehtimalını aradan qaldırmaqdır. Qərbin reaksiyasına gəldikdə isə, onlar siyasi səviyyədə bu prosesə o qədər də ciddi diqqət yetirmədilər və müdaxilə etmədilər. Yalnız Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri oldu. Komissiya dəyişikliklərin müxalifət və ictimaiyyətlə razılaşdırılmasını məsləhət görmüş və bəzi müddəalara neqativ rəy vermişdi. Əvvəlcə Gürcüstan hökuməti bu tövsiyələri və iradları nəzərə alacağını vəd etmişdi. Lakin sonradan hökumət bu niyyətindən vaz keçdi və müxalifətlə masaya oturmadı. Güman edilir ki, bu, pərdə arxasından hakim partiyanı və ölkəni idarə edən Bidzina İvanaşvilinin müdaxiləsi ilə baş verib”. 

Ş.Cəfərli vurğulayıb ki, qəbul olunan dəyişikliklərə prezidentin veto qoymaq hüququ var: "Yəqin ki, belə də olacaq. Lakin bunun praktik effekti olmayacaq, çünki hakim partiya parlamentdə prezidentin vetosunu aşmaq imkanına malikdir”.

İsmayıl