Kərəm Məmmədov: “İndi isə başqa bir problem yaranıb - dilimizin assimilyasiyası...”
Beynəlxalq Mətbuat Mərkəzində respublikanın tanınmış ziyalıları, alimləri, ali məktəb rəhbərləri, professor, müəllim heyəti və dəvət olunmuş qonaqların iştirakı ilə tədbir keçirilib.
Toplantının əsas mövzusu olan "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil
problemləri” ilə bağlı Borçalı əsilli alim Kərəm Məmmədov çıxış edib. O bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da, bir sıra ictimai cəmiyyətlər də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur.
Növbəti belə tədbir Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemlərinə həsr
olunub. Problemlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi, Nazirlər Kabineti, Təhsil
Nazirliyi, ali məktəb rəhbərləri, tanınmış elm və təhsil işçiləri və digər aidiyyəti qurumlar
məlumatlandırılıb və tədbirdə yaxından iştirak ediblər.
Kərəm Məmmədov bildirib ki, gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin,
demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədə Qorqudun şirin dastandilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub-yaşadan dialektlərimizi, şivələrimizi
yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına
çalışırıq.
Natiq deyib ki, hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və
ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır:
"Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı
aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil:
həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir.
Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni
ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür
tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə
məhz müəllim çatdırır. Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli
çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin
problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın
buraxılmır. İndi isə başqa bir problem yaranıb - dilimizin assimilyasiyası!. Gürcü dilini öyrənmək
vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və
onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci
növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir!
Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul
edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə
düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük
Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!”.
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firudin
Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru
Möhsün Nağısoylu, Azərbaycan Pedaqoji Universitetinin prorektoru Məlikməmməd Cabrayılov,
BDU-nun kafedra müdiri, professor Həmid Vəliyev, politoloqlar Ənvər Börsöy, Natiq Miri, Əli
Xəlili, Kamran Xəlilov və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.
Tədbirdə qeyd olunub ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu
qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar,
5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.