Gürcüstanın Baş naziri Bakıdan nikbin döndü

Layihələr üçün heç bir təhlükə yoxdur



"Azərbaycana səfərim çox səmərəli və məhsuldar keçdi. Ölkələrimiz arasında çox mühüm strateji münasibətlər və xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var”.

Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərinin yekunlarına dair açıqlama verərkən deyib. Qonaq bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşlərində iki ölkə arasında mövcud olan qədim dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və ikitərəfli əlaqələrin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə ediblər: "Azərbaycan ilə Gürcüstan strateji əhəmiyyət kəsb edən çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər. "Cənub Qaz Dəhlizi”, "Cənubi Qafqaz Qaz Boru Kəməri”, "Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu. Deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu”. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili bildirib ki, Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə enerji layihələrinin icrası və digər məsələlər xüsusi diqqət mərkəzində olub: "Bütün layihələrin səmərəli olması üçün ilk növbədə təhlükəsizlik olmalıdır. Bu gün adları çəkilən layihələrin də təhlükəsizliyi təmin olunub”. Baş nazir onu da əlavə edib ki, bu layihələrin icrasına artıq başlanılıb: "Təbii qazın istehsalı, həcminin artırılması və daşınması, yeni infrastrukturun tikintisi və yaradılması ilə bağlı lazımi sənədlər imzalanıb və bütün məsələlər həllini tapıb. Ona görə də deyə bilərik ki, mövcud layihələr üçün heç bir təhlükə yoxdur”.

İsmayıl