Millət vəkilinin ağlına bu “sosial-elmi kəşf” hardan gəlir?
Firudin Cəlilov MM-in üzvünü daş daşıyıb, divar hörməyə çağırdı
Millət vəkili Hadı Rəcəblinin müəllimlərə fəhləlik etmək təklifi ciddi müzakirələrə səbəb olub. Zatən, Hadı Rəcəbli zaman-zaman əndrəbadi fikirlərlə çıxış edən deputat kimi tanınır. Onun "köçgün də istəyir, mənim geydiyim kostyumdan geyinsin...” sözləri hələ də "dillər əzbəri”dir. Bu dəfə də deputat ənənəsinə sadiq qalıb. Və "işləməyən dişləməz” prinsipini rəhbər tutduğunu göstərərək, müəllimləri çölçülüyə dəvət edib. Deyib ki, "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”. Və bir həmyerlisini nümunə olaraq göstərib:
"Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?! Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır”.
Hadı Rəcəblinin halal yolla pul qazanmaq barədə düşüncələrinə toxunmasaq yaxşıdır. Sonu bilinməz, hara gedib dirənəcək. Amma müəllimlərə fəhləlik etmək təklifində, deputat deyəsən, qaş düzəltmək istədiyi yerdə, vurub göz çıxarıb. Hadı Rəcəbli hər şeydən danışıb deyə, məsələləri elə qatıb-qarışdırıb ki, özü də içindən çıxa bilməyib.
Bir tərəfdən deyir ki, müəllim getsin, fəhləlik etsin, əlavə pul qazansın, o biri tərəfdən də, ali təhsili olmayan adamın iş axtarmasını düzgün saymır və belələrinin yerinin tikinti meydançaları olduğunu göstərir. Yəni, Hadı Rəcəbli ali təhsilli müəllimlə ali təhsilsiz şəxsi gah eyniləşdirir, gah da fərqləndirir. Heç özü də bilmir nə deyir. Görünür, Hadı müəllim (özü bildirir ki, müəllimdir, professordur) sonradan, "asudə vaxtında” düşünüb dediklərinin yanlış anlaşılacağından əndişələnərək yenidən izahata keçib. Və Qafqazinfo saytına açıqlama verib:
"Prezidentimiz müəllimlərin maaşının artırılması ilə bağlı fərman verib. Bunu gündəmə gətirmək yersizdir. Müxalifət qəzetlərinin isə bu mövzunu gündəmə gətirməsində məqsəd camaatı qızışdırmaqdır. Müsahibəni axıra kimi oxumaq lazımdır. Kontekstdən başlıq çıxarmaq düzgün deyil. Mənim ailəmdə hamı müəllimdir. Anam günortaya kimi müəllimlik edib, günortdan sonra dərzilik edərək bizi böyüdüb. Biz dörd qardaşıq. Dördümüzün də həyat yoldaşı müəllimdir. Həmçinin bacılarımın ikisi də müəllimdir. Yoldaşım, iki qızım da müəllimdir. Oğlanlarımın xanımları müəllimdir. Özüm də idarəçilik akademiyasında professoram”. Və sair və ilaxır...
Ölkədə təxminən 150 min müəllim var. Hadı Rəcəblinin "tövsiyələri”nə əməl edilsə, demək, bu 150 min müəllimin içindən, kişilərin hamısı daş karxanalarına axışmalıdır. Qadın müəllimlər isə dərziliyə keçməlidir. Maraqlıdır, müəllim ali təhsil alıb ki, daş daşıyan işləsin, yoxsa, dərzi, süpürgəçi, xadimə, qabyuyan, aşbaz...
Bəs onda fəhlələr nə işlə məşğul olsun? Müəllimə deməzlər ki, get dərsini de, bizim sahəmizə müdaxilə edib, çörəyimizə bais olma?! Bunlar bir yana. Deyək ki, müəllimin cavanı, canı sulu olanı gedib daş daşıdı, biçə-tikmə biləni qonum-qonşuya pal-paltar tikdi. Yorğan-döşək sırıdı. Bəs yaşlısı, daş daşımaq iqtidarında olmayanı nə etsin?
Nəsə, millət vəkilinin sözləri əndazəyə heç cür sığmır. Hansı tərəfdən baxırsan, bir yanlışlıq var. Müəllimin vəzifəsi bilik, savad verməkdir. Dərsini deyib evinə qayıdan müəllimin də dincəlmək, istirahət etmək hüququ var. Müəllim elə bir həddə əməkhaqqı almalıdır ki, özünü və ailəsini normal şərtlər altında dolandıra bilsin. Hadı Rəcəbli desə də, deməsə də, əlavə qazanc əldə etmək istəyən müəllimlər müxtəlif işlərlə məşğul olur. Kimisi əlavə şagird hazırlığı aparır ki, bunun da ən yayğın forması məlum repetitorluqdur. Bəli, daş daşıyanı da var, yer belləyəni də. Həmçinin şagirdlərdən hədiyyəlik pul tələb etməklə əlavə qazanc əldə edənləri də. Amma müəllimlərə normal əməkhaqqı verilməsi və bunun da qarşılığında onların bilikli, savadlı gənc nəsil yetişdirmək vəzifəsindən danışmaq əvəzinə, onları kütləvi fəhləliyə təşviq etmək, yəqin, ancaq Hadı Rəcəblinin ağlına gələ bilərdi, necə ki, gəldi də.
Millət vəkilinin "sosial-elmi kəşfi” ilə bağlı müxtəlif fikirlər səslənib, ona dolayısıyla, haqq qazandıranlar da olub, tənqidi çıxış edənlər də. KİV-lərdə yer almış bəzi açıqlamaları təqdim edirik.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa:
- Müəllimin yaxşı əməkhaqqı almamasını yaxşı maaş almaqla əvəz etmək lazımdır. Bunun üçün də maaşlar bir neçə dəfə artırılmalıdır. Müəllimi ac yaşayan cəmiyyətin hansı xoşbəxtlikdən danışmağa haqqı var? Belə bir mənəvi haqqımız yoxdur axı. Müəllim onsuz da hambalçılıq edir. Dərsdən sonra savadı olan müəllimlər repetitor fəaliyyəti ilə məşğuldur. Bu özü də bir neçə saat vaxt aparır. Müəllim öz uşağı, ailəsi ilə məşğul ola bilmir. Fiziki imkanlarını əlavə pul qazanmağa sərf edir. Ya ölkədə elə bir islahat aparmaq lazımdır ki, məktəblər tələbə görə qurulsun, ya da daha çox yaxşı müəllimlərin seçimi məsələsi öz həllini tapmalıdır. Testdən keçmiş müəllimlər digərlərindən iki, üçqat artıq maaş alırlar. Bunu stimullaşdırmaq lazımdır ki, müəllim məktəbə bağlansın. Müəllim məktəbə candərdi gəlir. Ona görə də müəllimin bu qədər aşağılandığı cəmiyyətdə hər hansı inkişafdan, tərəqqidən danışmaq yersizdir. Bu məqamlara görə, təhsilimiz, intellektual inkişafımız da aşağı səviyyədədir.
Millət vəkili Vahid Əhmədov:
- Müəllimlərin, həkimlərin maaşları ilə bağlı məsələlərdə müəyyən problemlər var. Onların maaşları müəyyən qədər artırılmalıdır. Azərbaycanda orta əmək haqqı ilə onların maaşları arasında fərq var. Hesab edirəm ki, müəllim və həkimlər yalnız öz ixtisasları ilə məşğul olmalıdırlar. Onlar bizim balalarımızı yetişdirən insanlardır. Ona görə də, başqa işlərdə işləməsini qəbul etmirəm. Həkimlər də sağlamlığımızı qoruyur. Düzdür, işdən sonra əsas iş yerindən əlavə, başqa iş yerində də çalışa bilərlər. Məsələn, həkimlər dövlət xəstəxanasından əlavə, özəl xəstəxanalarda da çalışırlar. Müəllimlər də, o cümlədən öz ixtisaslarına uyğun iş yerlərində çalışa bilərlər.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə:
- Hər vətəndaş həftə ərzində 42 saat işləməlidir. Bundan artıq iş günü ola bilməz. İndi Hadı müəllim deyir ki, orta əsrlərdəki kimi müəllim 17 saat işləsin? Dövlətin vəzifəsi hər kəsi işlədiyi sahədə kifayət qədər maaş verərək ailəsini və özünü dolandırmaq üçün şərait yaratmaqdır. Necə yəni işlədiyi yerdə ala bilmirsə, gedib başqa yerdən alsın? O zaman burada niyə işləməlidir? Bu, əmək qanunvericiliyində bütün prinsipləri pozmaq deməkdir. Bu təklif kökündən yanlışdır, insan əməyinin istismarıdır.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov da AzVision.az-a açıqlamasında millət vəkili Hadı Rəcəblini daş daşıyıb, divar hörməyə dəvət edib:
"O, özü gedib daş daşıyıb, divar hörsün. Görsün ki, müəllimlər nələr çəkir. Müəllimlərin az maaş almasında Hadı Rəcəblinin böyük rolu var. Çünki o, Milli Məclisin Sosial siyasət komitəsinin sədri kimi belə qanunların qəbul olunmasında aktiv rol oynayır”.
Məlahət Rzayeva