"Hamı Bil Geyts, Stiv Cobs və yaxud Mark Zukemberq deyil ki..."

"...Birdən-birə universiteti atıb özünə iş qursun"




Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov hesab edir ki, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir: "Azərbaycanda tələbələr təhsillərini başa vurduqdan sonra müəssisələrin qapılarına gedir və iş axtarırlar. Təəssüf olsun ki, bizim ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar”.

Onun sözlərinə görə, "Bəzən deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir”.
Filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Rafiq İsmayılovun sözlərinə görə, gənc nəslin özləri üçün iş yeri yaratması absurd məsələdir. İstənilən halda təhsilini başa vuran gənc hansısa qurumda və ya şirkətdə çalışıb təcrübə yığmalıır ki, gələcəkdə özünə karyera qurmağın yollarını mənimsəsin.
R.İsmayılov deyib ki, gələcəkdə uğurlu sənət sahibi olmaq istəyən gənclər təcrübə müddətində özlərini rəhbərlərinə sübut etməlidirlər. Ancaq bununla yanaşı, dövlət siyasəti də olmalıdır. Hamı Bil Geyts, Stiv Cobs və yaxud Mark Zukemberq deyil ki, birdən-birə universiteti atıb özünə iş qursun.
Təhsil ekspertinin sözlərinə görə, əksər müəssisələrdə iş üçün müraciət edən namizədlərdən təcrübə tələb edilir:
"Mən özüm nəşriyyat sahəsində çalışıram. Bir adam işləmək üçün müraciət edəndə mən də həmişə namizədin indiyə qədər harada işləməsinə baxıram. Müsahibələrdə elə şəxslər olur ki, baxırıq bacarıqlıdır, lakin cv-sində hansısa sahədə işləməsi özünü göstərmir. Belə olanda müəssisə rəhbəri, dövlət idarəsi tərəddüd edir.
Buna görə, yenicə ali məktəbdən ayrılmış tələbələr çalışmalıdır ki, maaşa çox fikir verməsinlər. Hətta bir müddət könüllü işləməyə başlasınlar. Bir çox sahələrdə onlar özlərini göstərərsə, normal cv qazana bilərlər. Həmin tələbə işə başlayanda, özünü yaxşı göstərəndə bəzən müəssisə rəhbəri, biznesmen ondan asılı qalır. Baxır ki, o elə işlər görür ki, yerinə başqasını gətirə bilməyəcək. Belə olan halda sözsüz ki, şəxsin maaşı da artır.
Ona görə, iş axtaran tələbələrə ilkin dövrdə, yeni işə başlayanda maaşın dərəcəsinə baxmamağı tövsiyə edirəm. Düzdür, başa düşürəm, çətindir. Ali məktəbi bitirən şəxslər, artıq 22-23 yaşında gənclərdir və valideynlərdən maddi asılı qalmaq istəmirlər. Amma bunun başqa əlacı yoxdur. Onlar əvvəl təcrübə qazanmalı, özlərini göstərməlidirlər ki, layiqli yerlərini tuta bilsinlər”.

Şəymən