"Hamımızın ürəyindən təmas xəttində "selfi" çəkdirmək keçir"

Parlamentin sədri isə Qarabağla bağlı biabırçılıqdan danışıb



"Hazırda ermənilər başlarını itiriblər və ağızlarının dediyini qulaqları eşitmir". ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov deyib.

Milli Məclisin sədri cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib və çıxışlarda diqqətli olmağı məsləhət görüb. "Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır". Sədr dostluq qruplarının rəhbərlərinə də tapşırıb ki, əməkdaşlıq etdikləri ölkələrə həqiqətləri çatdırsınlar.

Parlament sədri xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb. "Bəzi saytlarımız var ki, onlar daha çox silahların növləri, onların hansı məsafədən atılması, yaxud necə idarə olunması ilə bağlı məlumatlar yazırlar. Halbuki indiki şəraitdə cəbhəboyu ərazilərdə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində səyləri gücləndirmək lazımdır".

Milli Məclisin sədr müavini Bahar Muradova da deyib ki, Azərbaycan nəyə haqqı olub-olmadığını heç kimə sübut etməli deyil. Sədr müavini qeyd edib ki, xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir. Çünki belə olan halda qarşıya qoyulan hədəflərə asan çatılır.

"Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu, onun hərbi sursatı və digər məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, onlarla görüşək, bayrağımızın dirəyindən yapışıb "selfie" çəkdirək. Bunları edə bilərik, etməliyik".