“Ağ atlı oğlan” “Bizim Cəbiş müəllim”lə nə qədər “Fəryad” qoparacaq?“Milli serial adı altında televiziyalar bizə ucuz sevgini, kriminal mühiti təbliğ edir”
Azərbaycanın işğal olunmuş əraziləri uğrunda savaş davam edir. Xalq başdan-ayağa müharibə əhval-ruhiyyəsinə köklənib. 7-dən 77-yə hər bir Azərbaycan vətəndaşının ürəyi səngərdəki əsgərlərimizlə bir döyünür. Bir ay bundan əvvəl ictimai nəqliyyatda, parklarda kredit borclarından, övladlarının təhsil haqqından yanıqlı-yanıqlı danışan valideynlər, təqaüdün azlığından gileylənən qocalar, işsizlikdən şikayətlənən gənclər sanki şəxsi problemlərini unudublar. Mağazaya çörək almağa düşəndə rastlaşanda hal-əhval tutan qonşular belə ilk olaraq biri-birindən cəbhədəki vəziyyəti xəbər alır. İndiyə qədər yas məclislərində verilən ehsanı, toy mağarlarında gəlinlə bəyin necə tanış olduğunu, gəlinin üzərindəki qır-qızılın qeybətini edən "simsiz teleqraf”ların belə "ana xəbəri” dəyişib, müharibə mövzusu olub.

Hələ əsgər yolu gözləyən anaları, qardaşı orduda xidmət edən bacıları, zabitə könül verən qızları, atasının üzünü bayramdan-bayrama görən körpələri demirəm. Şükürlər olsun ki, bu dəfə media orqanlarımızın da ötən illərdəki xəbərdarlıqlardan nəticə çıxararaq informasiya müharibəsində özlərini doğrultduqlarının şahidi olduq.
Bir sözlə, Azərbaycan hərbi, siyasi, psixoloji-mənəvi cəhətdən düşmənin bağrını yarmağa tam hazırdır. Bircə, gözləntiləri doğrultmayan gecə-gündüz həyəcanla cəbhədən xəbər gözləyən insanların əsəblərini tarıma çəkən televiziyalar oldu. Düzdür, aprel ayının ilk günlərində ordumuz şəhid verdiyi zaman bütün telekanalların efirindən şou, əyləncə verilişləri yığışdırıldı, əsas ağırlıq savaş xəbərlərinə və vətənpərvərlik ruhunda verilişlərə verildi. Lakin sözdə atəşkəs imzalandığı gündən etibarən televiziyaların öz ənənəvi yayım siyasətinə, şou-proqramlara qayıtması cəmiyyətdə qıcıq doğurub. Axı cəbhədə döyüşlər davam edir! Hələ də cəbhə yanı kəndlərdə yaşayan dinc əhali düşmənin ağır artilleriyasının əsas hədəfi olaraq qalmaqdadır. Olmazmıki televiziyaların yayım siyasətini müəyyənləşdirənlər müğənniləri biri-birinə qırdırmaq əvəzinə, ictimai xadimlərin debatlarına üstünlük versinlər?
İnsaf naminə deyək ki, cəbhə xəttində baş verən hadisələr zamanı televiziyalarımız müharibədən bəhs edən xarici filmlərə müraciət etdilər. Üç-dörd gün "Babək”, "Fəryad”, "Nəsimi”, "Ağ atlı oğlan”, "Mən ki, gözəl deyildim”, "Bizim Cəbiş müəllim” və sair kimi filmlərimiz nümayiş olundu. Amma həvəsdir, bəsdir! Artıq eyni filmlər o qədər nümayiş olunub ki, o filmlərin kadrlarını əzbər bilirik. Görəsən, 20 faiz torpaqları işğal altında olan bir ölkənin müharibədən, qəhrəmanlarımızdan, torpaqlarımızın itirilməsindən, şəhidlərimizdən bəhs edən yeni filmləri yoxdurmu? Dövlət büdcəsindən milli serialların çəkilişi üçün ayrılan pullar niyə baxımlılıq dərəcəsi minimum səviyyədə olan seriallara xərclənir? O şit serialların əvəzinə xalqın ruhuna adekvat hərbi serialların çəkilişinə başlasalar, dünya dağılmaz ki?!
Olmazdımı, vətənpərvərlikdən, qəhrəmanlarımızdan bəhs edən seriallar çəkiləydi? Ssenarist və kinodramaturq Eldəniz Quliyev də hesab edir ki, Azərbaycan televiziyaları hərbi mövzulara əhəmiyyət vermədən biri-birinin ardınca səviyyəsiz seriallar çəkir: "Bu filmlər zövqümüzü və ruhumuzu oxşamaq əvəzinə, geniş tamaşaçı auditoriyasına zövqsüzlük, pintilik və bədii tutumdan məhrum bayağı süjetlər təqdim edir. Kinonun hüdudsuz imkanlarından istifadə edərək, əxlaqımızı, mənəvi dəyərlər sistemimizi qorumaq yerinə, bir çox hallarda açıq zorakılıq, tərbiyəsizlik və biganəlik aşılanır. Əsasən qeyri-peşəkarlara həvalə olunan çoxseriyalı televiziya filmləri xalqın vəsaiti hesabına çəkilir.
Vətən qeyrəti olan adam başa düşər ki, seriallara ayrılan maliyyəni Braziliya seriallarının üzünü köçürməyə xərcləmək haqsızlıqdır. Biz müharibə şəraitində yaşayırıq, bizə vətənpərvərlik, müharibə ruhunda çəkilən seriallar lazımdır. Əsərlərində, fəlsəfi və dünyəvi çalarlar olan klassiklərimizin yaradıcılığından faydalanmaq, onların əsərlərini ekranlaşdırmaq da olar. Amma milli serial adı altında televiziyalar bizə ucuz sevgini, kriminal mühiti təbliğ edir”.
Kinoşünas Aygün Aslanlı isə deyib ki, vətənpərvərlik ruhunda serialların çəkilməməsi ilə bağlı televiziyalar daha məlumatlı olarlar: "Mən bunun konkret səbəbini deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, cəbhədə vəziyyətin gərginləşməsi fonunda hərbi serialları yayımlamaq o qədər də asan məsələ deyil. Serial çəkilişi üçün maliyyədən əlavə hazır ssenari olmalı, aktyorlar, rejissorlar seçilməlidir. Bütün bunlar isə vaxt tələb edən işlərdir. Adi bir televiziya proqramını hazırlamaq nə qədər vaxt tələb edir, o ki serial ola”.
Son zamanlarda kifayət qədər hərbi ruhlu filmlərin çəkildiyini vurğulayan kinoşünas deyib ki, bu sahədə durum qənaətbəxş olmasa da, müəyyən işlərin görüldüyünü də inkar etmək olmaz: "Elxan Cəfərovun "Dolu”, "Yarımçıq xatirələr”, Yavər Rzayevin "Sarı gəlin” filmlərinin hər birində Qarabağ müharibəsindən bəhs edilir. Təbii ki, bunların nə dərəcədə keyfiyyətli olub-olmaması ayrı bir müzakirənin predmetidir. Müharibə, hərbi-vətənpərvərlik ruhunda çəkilən filmlərin heç də hamısı keyfiyyət baxımından qənaətbəxş hesab olunmasa da, var. Kino sənət sahəsinə aid olduğu üçün kimisə müharibə mövzusunda film çəkməyə məcbur etmək olmur. Kimi hansı mövzu narahat edirsə, hansı mövzu ilə bağlı sözünü xalqa çatdırmaq istəyirsə, həmin mövzunu da ekranlaşdırır. Elçin Musaoğlunun "Nabat” filmi demək olar ki, bu mövzuda çəkilən ən yaxşı filmlərdən biridir. Baxan razı qalacaq!”
Rejissor və ssenarist Elşən Zeynallı isə bakuinfo.az-a açıqlamasında ölkə başçısının dəfələrlə milli televiziya və filmlərimizin inkişafı, eyni zamanda istehsalı üçün vəsait ayırdığını xatırladıb. O, cavabdeh təşkilatlar və şəxslər tərəfindən bu vəsaitin fərmanda göstərildiyi kimi deyil, fərqli şəkildə istifadə olunması hallarını film sahəsində itkilərimizdən hesab edir: "Vaxtında biz də bu vəsaitin tariximizi, vətənpərvərliyimizi, dövlətçiliyimizi özündə əks etdirən filmlərin istehsalına xərclənməsini istəyirdik . Əgər bu vəsaitin heç olmasa 70 faizini bu kimi mövzulu filmlərin istehsalına xərcləsəydik, bu gün yaşadığımız müharibə şəraitində ölkə televiziyalarında göstərmək üçün "çevir tatı, vur tatı” prinsipindən uzaq olardıq. Efirlərimizdə "Babək”, "Nəsimi”, "Fəryad” və bu kimi digər filmlərin təkrar-təkrar göstərilməsi ümidinə qalmazdıq. Vaxtilə biz bu məsələni lazımi təşkilatlar qarşısında qaldıranda, sözümüzü qəribçiliyə salmışdılar. İndi isə qəribçilik içərisində tariximizdən, qəhrəmanlıq obrazına çevrilmiş igidlərimizin həyatından, hərbi uğurlarımızdan bəhs edən, vətəni anamız qədər bizlərə sevdirə biləcək yeni-yeni filmlərimizin sorağındayıq”.
Rejissor hesab edir ki, məsələ ilə bağlı ciddi düşünülməlidir. Qaldırılan məsələ televiziya kinosunda təsbit edilməlidir: "Çox istərdim ki, biz rejissorları Milli Televiziya və Radio Yayımları Şurası qəbul etsin. Bu mövzuda fikirlərimizi səsləndirək və uyğun olanı nədirsə, o da qəbul edilsin. Hesab edirəm ki, vətənpərvər ruhda çəkilən filmlərin istehsalı peşəkarlara, ürəyi bu millətin dərdi ilə döyünən yaradıcı adamlara etibar edilməlidir”.
Elşən Zeynallı deyib ki, əlində olan bir neçə film ssenarisinin ekran həllini tapması üçün müxtəlif qurumlara müraciət etsə də, heç bir xeyri olmayıb: "Təşkilatlarla görüşürük, onlar ssenarilərimi bəyənsələr də, deyirlər ki, şou, "Üç badam, bir qoz” kimi əyləncə xarakterli verilişlərin çəkilməsində daha çox maraqlıdırlar. Belə olan halda, gedib kimə nə deyək? Bu səbəblərə görə, bəzən içimizdə küskünlük də yaranır. Bilirsiniz ki, yaradıcı insanlar bir qədər həssas, duyğulu olur”.
Yerli seriallarımızın əksəriyyətinin kriminal mövzulu olduğunu vurğulayan rejissor deyib ki, hazırda əksər seriallarımız özfəaliyyət səviyyəsində çəkilir: "Ona görə də həmin serialların keyfiyyəti sıfıra yaxındır. Torpaqlarında müharibə gedən bir ölkəyik. Ona görə də əsgərlərimizdə, gənclərimizdə ruh yüksəkliyi yaradan, qəhrəmanlıq, vətənpərvər mövzulu filmlərin istehsalı vacibdir. Həqiqət budur ki, kriminal, məişət xarakterli seriallara daha çox üstünlük verilir. Sonra deyirlər ki, ssenarist yoxdur. Müharibə mövzusu ilə bağlı bir neçə ssenarilərim var. Çox istərdik ki, onlara ekran həlli verək. İnanın ki, bu kimi mövzular xalqın ruhunu dik tutmaqda köməkçi olur”.
Şəymən