Sahib Məmmədov: "Təəssüf ki, bu cür iş yerləri hələ də var və bununla bağlı Səhiyyə Nazirliyi monitorinqlər aparmalı, müəyyən addımlar atmalıdır"
Hava tozlu və qazlıdır
Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir
Sahib Məmmədov: "Təəssüf ki, bu cür iş yerləri hələ də var və bununla bağlı Səhiyyə Nazirliyi monitorinqlər aparmalı, müəyyən addımlar atmalıdır"
Sahib Məmmədov: "Təəssüf ki, bu cür iş yerləri hələ də var və bununla bağlı Səhiyyə Nazirliyi monitorinqlər aparmalı, müəyyən addımlar atmalıdır"
Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı artıb. Məlumata görə, 2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158, 2017-cı ildə isə 21 042 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 517 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.
2017-ci ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.
Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir.
Ötən il sənaye sahəsində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin 6438-i səs-küyün çox olduğu şəraitdə, 1816-sı titrəyişin çox olduğu şəraitdə, 8836-sı havanın tozlu və qazlı olduğu şəraitdə çalışıb. Sənayedə işləyənlərin 5481-i ağır fiziki əməklə məşğul olub, 790-ı isə təhlükəsizlik tələblərinə cavab verməyən avadanlıqlarda işləyib.
Ümumilikdə 2016-cı ildə iqtisadi fəaliyyət növləri üzrə əlverişsiz əmək şəraitində işləyənlərin 11 537-si, 2017-ci ildə 10 897-si səsin-küyün çox olduğu, 2016-cı ildə 13 400 nəfər, 2017-ci ildə isə 11 664 nəfər havanın tozlu və qazlı olduğu şəraitdə çalışıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da "Şərq"ə açıqlamasında bir çox iş yerlərində sanitar-gigiyena normalarına əməl olunmamasından narahatlığını dilə gətirib. Onun sözlərinə görə, iş yerlərində işçilərin təhlükəsizliyini və sağlamlığını təmin etmək məsələsinə bugünkü dövrdə xüsusilə önəm verilməlidir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında olduğunu qeyd edən ekspert bununla bağlı Əmək Məcəlləsində iş yerlərinin attestasiyası deyilən bir bölmənin olduğunu vurğuladı: "Qanuna əsasən istənilən iş yeri attestasiyadan keçməlidir. Xüsusilə də yeni yaranan iş yerləri. Çünki attestasiya mərkəzində müəyyən olunmalıdır ki, yeni açılan iş yeri işçilərin təhlükəsizliyinə və sağlamlığına şərait yarada bilir, yoxsa yox. Burada eyni zamanda sanitar-gigiyenik tələblərə əməl olunub-olunmaması da nəzarətə götürülməlidir. Tutaq ki, qazların çox olduğu istehsalat sahələrində və yaxud kimyəvi materiallardan istifadə olunan müəssisələrdə dəmir və metal əridən sexlərin fəaliyyətində insanların sağlamlığı məsələsi daha çox nəzərə alınmalıdır. Həmin istehlak müəssisələrində müəyyən qurğular qurulmalıdır ki, havanın, istilik sisteminin tənzimlənməsinə nəzarət olunsun.
Əgər hətta həmin ventilyasiya sistemi varsa, bunlar standartlara cavab verirmi? Bu baxımdan ən tipik iş yerləri bizdə iki sahədə xüsusilə özünü göstərir - bir tikinti sahəsində, bir də daş karxanalarında gigiyenik qaydalara bir çox hallarda riayət olunmur. Eyni zamanda sənaye müəssisələrində də bu məqamlara xüsusilə diqqət yetirilməlidir. Hərçənd bizdə sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandırılıb.
Misal üçün, Sumqayıtda bir çox sənaye müəssisələri yenidən fəaliyyətə başlayıb və insafən deyək ki, artıq bu standartlara əməl olunur. Ancaq köhnə müəssisələr var ki, onlarda bu problemlər hələ də həllini tapmayıb. Belə olan halda da sanitar-gigiyenik normalar pozulur. Nəticədə də təhlükəsizlik texnikası qaydası pozulanda, bu, işçilərin sağlamlığına birbaşa təsir etmiş olur və onların təhlükəsizlik məsələsi sual altında qalır. Həmçinin bəzən xoşagəlməz, bədbəxt hadisələrin yaranmasının şahidi oluruq. Sanitar-gigiyenik normalara cavab verilməyən, havada zərərli tozların normadan artıq olduğu müəssisələr də var ki, bunlar da təkcə işçilərin deyil, ətrafda yaşayan insanların da sağlamlığını təhlükə altında qoymuş olur.
Yeri gəlmişkən onu da qeyd edək ki, kimyəvi və bu kimi digər müəssisələrdə çalışan insanlarda peşə xəstəliyi yaranır. Bu, onların birbaşa çalışdığı sahə ilə bağlıdır ki, zaman keçdikcə insanlar peşə xəstəliyinə tutulur. Bütün bunlar qeyd etdiyimiz kimi, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində boşluqların yaranmasından qaynaqlanır. Təəssüf ki, bu cür iş yerləri hələ də var və bununla bağlı Səhiyyə Nazirliyi monitorinqlər aparmalı, müəyyən addımlar atmalıdır. Həm də paralel olaraq bu problemlərin aradan qaldırılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinə müvafiq təqdimatlar verməlidir. Yəni bir sözlə, iş yerlərində insanların, işçilərin sağlamlığını, təhlükəsizliyini təmin etmək hər bir iş adamının, müəssisə rəhbərinin borcudur".
İlahə