Həbsxanada intihara cəhd olubmu?

Çingiz Qənizadə Penitensiar Xidməti müdafiə etdi



Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olub. Məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu "kars”a salmasına etiraz edib.

Hazırda vəziyyətinin ağır olduğu deyilən məhbusu qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib.
Penitensiar Xidmət isə məsələ ilə bağlı tam xəbərsiz olduğunu deyib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində hansısa bir məhbusun intihara cəhd etməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur.
Millət vəkili Çingiz Qənizadə isə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvü və koordinatoru olaraq bu hadisə ilə bağlı məlumatlı olduğunu deyib: "Təbii ki, ilk olaraq bu hadisəni mətbuatdan izlədim və sonradan müəyyən araşdırmalar apardım. Hesab edirəm ki, baş verən hadisələrə birdəfəlik aydınlıq gətirmək üçün İctimai Komitə üzvlərinin cəzaçəkmə müəssisələrinə baş çəkməsinə ehtiyac var. İmkan daxilində hadisəni yerində araşdırmaq üçün 7 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib, həmin məhbusla söhbət aparacam. Əgər çatdıra bilməsəm, İctimai Komitə üzvlərindən bir neçəsinin orada monitorinq keçirməsini təşkil edəcəm”.

Son zamanlar cəzaçəkmə müəssisələrində məhbusların onlara edilən işgəncələrə etiraz olaraq aksiya keçirməsi, ağızlarını tikməsi və damarlarını kəsməsi hallarının artdığına gəldikdə isə millət vəkili deyib ki, bütün bu proseslərin cəzaçəkmə müəssisələrində işgəncə faktlarının artması kimi dəyərləndirilməsi doğru deyil. Onun sözlərinə görə, məhbuslar diqqət çəkmək üçün və ya çöldən aldıqları təlimatlar əsasında bu cür ajiotaj yaradırlar: "Bəziləri diqqət çəkmək, bəziləri də məhkəmənin hökmündən, istintaqın gedişindən narazı olduqları üçün bu cür addımlar atırlar. Bütün bunların isə Penitensiar Xidmətlə heç bir əlaqəsi yoxdur. Çünki sözügedən qurum sadəcə olaraq məhkəmənin qərarını icra edir. Məhkəmənin nəticəsindən narazılığı olan məhkumun intihar etməsi və ya ağzını tikib, aclıq aksiyasına başlamasına görə Penitensiar Xidmətdə günah axtarmaq düzgün deyil. Bir qrup məhbuslar da var ki, onları çöldən öyrədirlər ki, filan-filan addımları at”.

Şəymən