Ətrafımızda QİÇS-ə yoluxan o qədər insanlar var ki, sadəcə özlərindən xəbərsizdir
Noyabr ayı ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 11 min 525 nəfər şəxsin icbari tibbi
müayinədən keçdiyini deyən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya
İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 340 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb.
Cəmi 6 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.
Ötən ay 8 nəfərdə QİÇS, 32 nəfərdə isə sifilis xəstəliyi aşkarlandığını vurğulayan qurum rəsmisi
əlavə edib ki, bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verilib.
"Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva isə sözügedən
informasiyanın Azərbaycanda QİÇS-lə bağlı real mənzərəni əks etdirmədiyini deyib. Onun sözlərinə görə, QİÇS-lə bağlı gerçək statistikanı öyrənmək üçün müayinə olunan vətəndaşların sayına baxmaq lazımdır.
Biz ancaq bu zaman virus daşıyıcılarının dəqiq statistikasını apara bilərik. Nikaha daxil
olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi zamanı aşkarlanan faktlar bizə dəqiq statistika üçün
əsas verə bilməz. Bu sadəcə aşkar edilmələrin sayını göstərir.
Vətəndaşların əksəriyyətinin müayinələrdən yayındığını vurğulayan ekspertin sözlərinə görə,
insanlar bəzən özlərindən xəbərsiz cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilirlər. Əgər
müayinələrin sayı 1 il ərzində ölkə əhalisinin 2 faizdən yuxarısını əhatə eləmirsə, bu halda biz
yoluxmaların səviyyəsinin artması və ya azalması ilə bağlı qəti fikir söyləyə bilmərik. Çünki analiz
vermədən bu xəstəliyin müəyyənləşdirilməsi, aşkara çıxarılması mümkünsüzdür: "Tam əminliklə
deyə bilərəm ki, Azərbaycanda bu virusla yaşayan, lakin bundan xəbərsiz olan hələ nə qədər insan
var. Hətta bir çox hallarda bu virusa yoluxan insanlar əbəs yerə müxtəlif xəstəliklərdən müalicə alır.
Bu müalicələr də effekt vermədiyi üçün dünyasını dəyişir. Hansı ki, müalicəsi yararsız olduğumüddətdə bir dəfə də olsun, virusa qarşı analiz vermək ağlına gəlmir. Çünki cəmiyyətdə
maarifləndirmə aşağı səviyyədədir və bu cür yoluxucu xəstəliklərdən şübhələnmirlər. Bunun da
səbəbi sifilis, QİÇS kimi xəstəliklərin həyat tərzi ilə əlaqələndirilməsidir. QİÇS, Hepatit C-yə
yoluxan insanların ictimai qınaqdan çəkinmədən vaxtında həkimə müraciət etməsi üçün
maarifləndirici tədbirlərə çox böyük ehtiyac var. Burada isə əsas yük səhiyyə işçilərinin üzərinə
düşür. Hər bir həkim qəbuluna düşən xəstə ilə bu cür yoluxucu xəstəliklər barədə söhbət aparmalı,
bu virusun yoluxma səbəblərini onlara aşılamalıdır. Amma təqdirəlayiq haldır ki, vərəm diaqnozu
ilə qeydiyyata götürülən insanlar Səhiyyə Nazirliyinin sərəncamına uyğun olaraq, SPİD-ə qarşı
yoxlamadan keçir. Əslində vərəmlə SPİD "qardaş” sayılır. Əgər hansısa şəxs bu xəstəliklərdən
birinə yoluxubsa, əksər vaxt həmin adam digər virusun da daşıyıcısıdır. Hər iki xəstəlik bədənə
düşən zaman ağciyəri zəiflədir. Hesab edirəm ki, onkoloji xəstələr, Hepatit S daşıyıcıları da planlı
qaydada QİÇS yoxlamasından keçməlidir. Çünki Hepatit S ilə İİV-in yoluxma yolları eynidir. SPİD-
ə yoluxan adamın hepatit olma ehtimalı böyükdür”.
Prinsipcə, Azərbaycanın epidemiya ölkəsi olmadığını vurğulayan Z.Mustafayevanın sözlərinə görə,
Gürcüstan, Ermənistan, İran və Ukrayna kimi ölkələrlə müqayisədə bizdə epidemioloji vəziyyət
sabitdir: "Amma bir şeyi də nəzərə almalıyıq ki, sözügedən ölkələrdə vətəndaşlar vaxtaşırı
müayinələrdən keçirlər. Bizdə isə insanlar öz sağlamlıqlarına kifayət qədər həssas yanaşmırlar.
Azərbaycanda rəsmi statistikaya görə, 327 nəfər hepatit qeydiyyatındadır. Amma qonşu
Gürcüstanda onların sayı 400 mindən yuxarıdır. Təbii olaraq əhalisinin sayına görə bizdən qat-qat
kiçik olan Gürcüstanla aramızdakı fərq sual doğurur”.
Şəymən