Heç nə mane ola bilməz

“Cənub Qaz Dəhlizi” enerji və milli təhlükəsizlik layihəsidir
Bu layihənin uğurlu icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün çox vacibdir

"Cənub Qaz Dəhlizi”nin icrasına heç nə mane ola bilməz”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, 2011-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə təməli qoyulan Trans-Anadolu Qaz Boru Xətti "Cənub Qaz Dəhlizi” layihəsinin dönüş nöqtəsi olub:

"TANAP layihəsi çərçivəsində işlərin 65 faizi, "Cənub Qafqaz Boru Xətti” layihəsinin 80 faizi, TAP layihəsinin 35 faizi tamamlanıb. "Şahdəniz” yatağının 90 faizi işlənilib. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı”. Ölkə başçısı onu da qeyd edib ki, layihənin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb: "Cənub Qaz Dəhlizi” layihəsinin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq”.

"Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələsidir”

Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin icrası gələcək əlaqələr üçün də vacib amildir: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. "Cənub Qaz Dəhlizi” layihəsinin icrasında "Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”. Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: "Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron” qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız "Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq. "Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”.

"Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır”

Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib ki, "Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır: "Onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq. Qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsi vacibdir”. M.Şevçoviç layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Vitse-prezident üçüncü dəfə bu toplantıya ev sahibliyi edən Azərbaycana təşəkkür edərək ötənilki son görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu söyləyib. O, Prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

"Cənub Qaz Dəhlizi”nin icrasında yubanmaların olmaması üçün bütün addımları atacağıq”

Maroş Şevçoviçin sözlərinə görə, layihənin icrasında ləngimələrin olmaması üçün İtaliya hökuməti icazələrin verilməsinin sürətləndirilməsi və prosedurun sadələşdirilməsi məqsədi ilə mövcud qaydalara dəyişikliklər edib: "Hazırda həm İtaliya hökumətində, həm də Avropa İttifaqının enerji təhlükəsizliyi komissiyasında gələcəkdə baş verə biləcək yubanmaların, ləngimələrin və bununla bağlı mənfi təsirlərin qarşısını almaq üçün hazırda danışıqlar gedir. Buna görə də hazırda konstruktiv həll variantının tapılması üzərində çalışırıq. Mən hətta bununla bağlı konstruktiv cavab almışam. Bu məsələlərin həlli üçün həmin bölgələrə səfərim də nəzərdə tutulub. Avropa Komissiyası olaraq əlimizdən gələni edəcəyik ki, layihənin icrasında hər hansı bir yubanmalar baş verməsin. Bu istiqamətdə lazım olan bütün addımları atacağıq”.

"Cənub Qaz Dəhlizi” ətrafında prosesləri diqqətlə izləyirik”

Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç də bildirib ki, gələn il TAP kəmərindən Bosniya və Hersoqovina, Albaniya, Xorvatiya və Monteneqroya ayrılacaq interkonnettinqin inşa ediləcəyinə inanır: "Hər 4 ölkə "Cənub Qaz Dəhlizi” layihəsinin icrasına böyük önəm verir. "Cənub Qaz Dəhlizi” layihəsinin ətrafında prosesləri diqqətlə izləyirik. Bizim üçün "Cənub Qaz Dəhlizi” layihəsinin TAP hissəsi daha maraqlıdır. Biz TAP layihəsinin tikintisini alqışlayırıq. Bu layihənin perspektivli gələcəyinə, bir çox ölkələrə xeyir gətirəcəyinə inanırıq”.

"Cənub Qaz Dəhlizi” ABŞ üçün strateji layihədir”

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyib ki, "Cənub Qaz Dəhlizi” layihəsi ABŞ üçün strateji layihə olaraq qalır: "Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühümdür və Avropa istehlakçıları üçün bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Müəyyən çətinliklər olsa da, hesab edirik ki, bunun öhdəsindən uğurla gələcək, Xəzərdə hasil olunan qazın Avropaya çatdırılmasına nail olacağıq”.

"Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir”

Azərbaycanın energetika naziri Natiq Əliyev bəyan edib ki, bu layihə haqqında məlumatı olmayan ölkə yoxdur: "Avropa ölkələrinin diqqəti Azərbaycandadır. "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan dövləti tərəfindən, Prezidentin təşəbbüsü ilə reallaşdırılır. Bu ideya Avropa Komissiyası tərəfindən yüksək səviyyədə dəstəklənib. Bir neçə ildir ki, layihə həyata keçirilir”. N.Əliyev bildirib ki, dünyanın iqtisadi böhranla üzləşdiyi zamanda bu layihənin keçirilməsi böyük səylər tələb edir: "Bugünkü iclasda biz layihə rəhbərlərinin layihənin gedişi barədə çıxışını dinlədik. Dünya bankları layihəyə maraq göstərir və maliyyələşdirilməsinə yardım edəcəklər. "Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 mlrd. ABŞ dollarını keçib. Layihənin maliyyələşdirilməsində problem yoxdur. Toplantıda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya, Asiya İnkişaf Bankı və başqa maliyyə

institutlarının nümayəndələri iştirak edib və onlar da bu layihəyə davamlı dəstək göstərəcəklərini bildiriblər”. Nazirin sözlərinə görə, Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi” layihəsi üçün yeni perspektivlər açır: "Layihənin iştirakında maraqlı olan ölkələrin sayı artır. 2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi” layihəsi üçün yeni perspektivlər, yollar açır”.

"Cənub Qaz Dəhlizi” uzaqvuran artilleriyadır”

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, "Cənub Qaz Dəhlizi”nin hər şeydən öncə böyük siyasi əhəmiyyəti var: "Layihənin iqtisadi səmərəsi hələ qabaqdadır. Hazırda "Cənub Qaz Dəhlizi” adı altında 4 layihə icra olunur. - "Şahdəniz-2”, GQBK, TANAP və TAP. Ona görə də bu layihə Azərbaycana lazım olan gəliri gətirəcək. "Cənub Qaz Dəhlizi” strateji layihədir. O təkcə, Azərbaycan qazı üçün tikilmir. Gələcəkdə Orta Asiya və Yaxın Şərq ölkələri də buna qoşulmalıdır və çox güman ki, qoşulacaqlar. Sözün qısası, "Cənub Qaz Dəhlizi” uzaqvuran artilleriyadır”.

İsmayıl