"Həkim 1500 manat maaş alarsa, rüşvətə əl atmaz" - İZAH

Zəlimxan Məmmədli: "35 illik təcrübəsi olan həkiməm,190 manat maaş alıram"



"Rüşvət alan həkimlərin həbsi səhiyyəmizin rüşvətdən təmizlənməsinə ciddi təsir göstərməyəcək”.

Bunu Sherg.az-a rüşvət aldığına görə həbs olunan baş həkimdən danışarkən tanınmış həkim Zəlimxan Məmmədli deyib. 

O bildirib ki, korrupsiya ilə mübarizə üçün səhiyyə sahəsində islahatlar aparılmasına ehtiyac var:

"Baş həkim ortalama 150 manat maaş alır. Mən 35 illik təcrübəsi olan həkiməm və 190 manat maaş alıram. Dəfələrlə televiziyada da müraciət etmişəm ki, səhiyyədə yuxarıdan aşağı islahatlar aparılması mütləqdir. Bu hallar aradan qaldırılmadıqca tibb personalı, baş həkim də daxil olmaqla sövdələşməyə gedəcək, alternativ variant olmadığı üçün bu cür hallar baş verəcək".

Z. Məmmədli deyib ki, tibb personalının və işçilərin sosial müdafiəsi təmin olunmasa, əhalinin əhəmiyyətli hissəsinə xidmət etməli olan dövlət səhiyyə ocaqlarında vacib texniki baza yenidən qurulmasa, xəstələrin müayinəsi və müalicəsi üçün zəruri təchizatlar təmin edilməsə, belə faktların qarşısını almaq qeyri-mümkündür:

"Ümumiyyətlə, Azərbaycanda pulsuz səhiyyə anlayışı absurd məsələdir. Həkim 1000-1500 manat maaş alarsa, tibbi xidmətin də keyfiyyəti yüksək olar, həkimlər də rüşvətə əl atmaz.

Azərbaycan Səhiyyə Nazirliyi bu sahənin inkişafı üçün qonşu ölkələrdən- Gürcüstandan vəTürkiyədən nümunə götürməlidir. Məsələn, Gürcüstanda hazırda icbari tibbi sığortaya keçilib. Azərbaycanın da buna imkanı var, amma nədənsə belə islahatlar gecikir”.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aysel Aslan