Hələ gecikmişik...

Qəbiristanlıqlar, qəbir yerləri bələdiyyələrə həvalə edilməlidir



"Qəbiristanlıqların yaradılması və idarəolunması haqqında” qanun layihəsi aztəminatlı ailələrə qəbir yerlərinin pulsuz verilməsini nəzərdə tutur. Bu barədə məlumat verən millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, aztəminatlı ailələrin dünyasını dəyişmiş üzvləri üçün məzar yerləri yerli bələdiyyələr hesabına təmin ediləcək.

Yəni, aztəminatlı ailələr qəbir yeri üçün pul ödəməyəcəklər. Layihədə həmçinin şəhid, Milli qəhrəman, müharibə əlilləri, veteranları ailələrinə də qəbir yerlərinin pulsuz verilməsi nəzərdə tutulur. Millət vəkili qeyd edib ki, qanun layihəsinin bir sıra qurumlarla razılaşdırılması prosesi gedir. Qəbir yerlərinin pulsuz verilməsi üçün xərclərin hansı qurum tərəfindən maliyyələşdiriləcəyi üzərində iş aparılır. Bunun üçün ilk növbədə Nazirlər Kabineti və Maliyyə Nazirliyinin razılığı olmalıdır. Ailənin təmsil etdiyi təbəqəyə uyğun olaraq xərclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Müdafiə Nazirliyi tərəfindən də qarşılana bilər. Qəbir yerlərinin standart qiymətləri də müəyyənləşdiriləcək. Paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. S.Novruzov bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə də belə bir sistemin uzun illərdir tətbiq edildiyini, hətta bələdiyyələrin dəfn, cənazənin bir şəhərdən başqa şəhərə aparılması xərclərini də üzərinə götürdüyünü deyib. Bundan başqa Türkiyədə aztəminatlı ailələr aşağı maddi durumlarının təsdiqi olaraq yerli bələdiyyələrdən "yaşıl kart” alırlar.

Qanunun qəbul olunacağı təqdirdə bizdə də vəziyyət müsbətə doğru dəyişəcəkmi? Sirr deyil ki, hazırda Bakıda qəbir yerlərinin qiyməti ərazidən asılı olaraq dəyişir. Ən bahalı "Qurd qapısı”, Yasamal qəbiristanlıqları (2000-3000 manat), nisbətən orta (yəni, 1000-1500 manat) qiymət Badamdar, Günəşli, Qaraçuxur, aşağı qiymətlərsə (300-600) Biləcəri, Xırdalan qəbiristanlığında və Bakıətrafı kəndlərdədir. Belə olan halda yerli bələdiyyələrin qəbir yeri almağa pulu çatacaqmı?

Məsələyə münasibət bildirən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında qeyd etdi ki, aztəminatlı ailələrin dəfn xərclərini ödəmək üçün bələdiyyələrin büdcəsi böyüdülməlidir:

- Onsuz da bələdiyyələr bu işi üzərinə götürüb. Kimsə dəfn xərcləri, qəbir yerinin alınması üçün müraciət edirsə, bələdiyyələr təmin edir. Sadəcə, bütün bunların qanunvericilik şəklində olması, daha məqsədəuyğundur. Çünki qəbir yerlərinin satılması çox zaman başqa təşkilatlar tərəfindən həyata keçirilir. Vəsaitlər kimlərinsə şəxsi büdcəsinə gedir. Amma məsələ qanuni forma alsa, bilinər ki, bələdiyyənin büdcəsi nə qədərdir, bu vəsait hara xərcləndi. Proses mərkəzləşmiş qaydada tənzimlənməlidir. Bilinməlidir ki, hansı ərazilər bələdiyyə torpaqlarıdır. Həmin ərazidə qəbiristanlıq varsa, oranın torpağından bələdiyyə hansı formada istifadə edə bilər. Maddi durumu qəbir yeri almağa çatan ailələrin ödədiyi pul da bələdiyyənin hesabına keçməlidir ki, sabah bir başqa aztəminatlı ailənin ehtiyacı ödənsin. Bələdiyyələrin konkret büdcəsi müəyyənləşməlidir və bu büdcənin böyük olması daha məqsədəuyğundur. Əgər biz istəyiriksə ki, bələdiyyələrin səlahiyyətini artıraq, ilk növbədə onların büdcəsini artırmalıyıq. Belədə bələdiyyələr də daxil olmuş müraciətlərə baxıb həll edə biləcək. Adətən sakinlər bələdiyyələrə daha çox müraciət edir. İcra hakimiyyətləri də bir çox məsələlərinin həllini bələdiyyələrin üzərinə "atırlar”. Bələdiyyənin də büdcəsi olmalıdır ki, bu problemləri həll etsin. Bütövlükdə qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi daha vacibdir.

Bəs, ailənin aztəminatlı olub-olmaması nədən bilinəcək? Bu prosesdə şəffaflıq necə təmin ediləcək?

V.Tofiqli qeyd etdi ki, aztəminatlı ailələrlə bağlı siyahı icra hakimiyyətlərində olur. Ailələr icra hakimiyyətlərində qeydiyyata düşürlər. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və strukturlarında da aztəminatlı ailələrin sayı bilinir:

- Ona görə bu işi bələdiyyələrə tapşırmaq vacibdir ki, bələdiyyə işçiləri yerli sakinləri tanıyır, həm də aztəminatlı ailələr qeydiyyatda olurlar. Onlara müxtəlif əlamətdar günlərdə yardımlar edilir və s. Türkiyədə olduğu kimi "yaşıl kart” sistemini də tətbiq etmək mümkündür. Amma onsuz da bizdə aztəminatlı ailələr ünvanlı sosial yardım alır. Nazirlikdə də onların siyahısı var, icra hakimiyyətlərində də. Ailələr icra hakimiyyətlərinə müraciət edib qeydiyyata da düşə bilər. Ən əsas budur ki, bələdiyyələrin səlahiyyətləri və buna müvafiq də büdcələri artırılsın. Biz artıq bir sıra dövlətlərdə olduğu kimi bələdiyyə strukturlarının canlandırılması prosesinə başlamalıyıq. Çünki yerli əhalinin əlindən ilk tutan bələdiyyələr olmalıdır.

Məlahət Rzayeva