Hələ ki, yeganə yol hərbdir

Əgər ATƏT Qarabağda müharibə istəmirsə, Ermənistana təzyiq etməlidir




Dünən Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası başlayıb. APA-nın məlumatına görə, sessiya 2 gün davam edəcək. Sessiyanın ilk günü 3 əsas komitənin birgə iclasına həsr olunub. Sessiyanın ikinci günündə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT baş katibi Lamberto Zanyerin çıxışı nəzərdə tutulub.

İclasda Azərbaycandan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə iştirak edirlər.

Sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər komitələrinin iclasları keçiriləcək. İclaslarda "ATƏT məkanında transmilli təhlükəsizlik: terrorizmlə mübarizə”, "Təbii resursların idarə edilməsi, su təhlükəsizliyi probleminin həlli və iqlim dəyişikliklərinə qarşı mübarizə” və "Artan populizm fonunda insan haqlarının qorunması” mövzusunda müzakirələr keçiriləcək. ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlament üzvünün iştirak etdiyi sessiyanın açılışında ATƏT PA-nın prezidenti Kristine Muttonen cari beynəlxalq məsələlər ilə bağlı çıxış edib.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirovun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə baş tutan növbəti sessiyada həmkarları ilk olaraq bir neçə gün əvvəl qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən "referendum” məsələsini gündəmə daşıyacaqlar. Ermənistan rejiminin bu qanunsuzluğu fonunda onların münaqişənin siyasi həllində maraqlı olmadığı və sülh danışıqlar prosesinə zərbə vuracaq addımlar atdığı və niyyətinin mövcud status-kvonun saxlanılması olduğu ATƏT rəhbərliyinin nəzərinə çatdırılacaq: 

"ATƏT rəhbərliyi anlamalıdır ki, danışıqlar Ermənistanın tutduğu qeyri- konstruktiv mövqe ucbatından baş tutmayacağı halda Azərbaycan alternativ yollara əl atacaq. İndiki halda isə yeganə alternativ hərb yoludur. Əgər ATƏT Dağlıq Qarabağda müharibə ocağının alovlanmasını istəmirsə, Ermənistanın atdığı addımlara qarşı konkret mövqe ortaya qoymalı, işğalçıya qarşı münasibət mexanizmləri işə salınmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, heç bir dövlətin ərazi bütövlüyü digər dövlətin ərazi bütövlüyündən daha qiymətli deyil. Hamısına qarşı eyni münasibət sərgilənməlidir”.

ATƏT-in Minsk Qrupunun və həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində siyasi iradəyə ehtiyac olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, əks halda münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaq. Çünki cinayətkar cəzasız qaldığı halda şirnikləşir də növbəti dəfə daha ağır cinayətə əl atır.

E.Nəsirovun qənaətincə, ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etdiyindən Ermənistanın indiki rəhbərliyinin Xocalıda törətdiyi bu soyqırım barəsində də millət vəkilləri məsələ qaldırıb, Ermənistana qarşı mövqelərini kəskin şəkildə ifadə edəcəklər.

Şəymən