"Heç kimə ağız açıb nəsə də yalvarıb, xahiş edən deyiləm. Mənim sənətim, 40 illik səhnə fəaliyyətim icazə verməz ki, kimdənsə nəsə yalvarıb alım"
"Hələ səbr edib gözləyirəm"
Bəsti Cəfərova: "Amma haqqım çatanı istəməyə ixtiyarım var"
"Heç kimə ağız açıb nəsə də yalvarıb, xahiş edən deyiləm. Mənim sənətim, 40 illik səhnə fəaliyyətim icazə verməz ki, kimdənsə nəsə yalvarıb alım"
"Heç kimə ağız açıb nəsə də yalvarıb, xahiş edən deyiləm. Mənim sənətim, 40 illik səhnə fəaliyyətim icazə verməz ki, kimdənsə nəsə yalvarıb alım"
Teatrda səhnəyə çıxmaq, illərlə teatr repertuarına diktə etmək, tamaşaçı sevgisi qazanmaq o qədər asan deyil. Bunun üçün aktyordan, aktrisadan istedad, cəsarət, zəhmət tələb edir. Ömrünün 40 baharı, 40 qışını teatrda keçirən Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərova məhz o sənətkarlardan sayılır ki, Azərbaycan teatr səhnəsinə onlarla obrazı ilə möhürünü vura bilib. 60 illik yubiley ərəfəsində Xalq artisti ilə həmsöhbət olduq. «Şərq»ə 60 illik yubileyi ilə bağlı maraqlı açıqlamalar verən Xalq artistinin bu fikirləri teatr aləmini əməllicə silkələmiş olacaq.
- Ömrünü teatra bağlayan aktrisa üçün səhnə nə deməkdir?
- Səhnə mənim həyatımdı. Bunu söz xatirinə dilə gətirmirəm. Bəli, mən həyatımı, ömrümü teatra həsr etmişəm. Səhnə, Akademik Milli Dram Teatrı mənim ikinci evim sayılır. Çünki mən ömrümü bu teatrın səhnəsində keçirmişəm.
- 60 illik yubiley ərəfəsindəsiz? Yəqin ki, bu böyük rəqəm sizə yubiley keçirməyə əsas verir…
- İstəyirdim 60 illik yubileyim olsun. Amma deyəsən, Bəsti Cəfərovanın 60 illik yubileyi olmayacaq.
- Səbəb?
- Bilmirəm. Səbəbini deyə bilmərəm. Hələlik səbr edib gözləyirəm. Çox istəyirdim ki, 60 illik yubileyimdə yeni tamaşa ilə səhnəyə çıxım. Amma deyəsən, alınmadı, olmayacaq.
- Yəni razılıq ala bilmədiniz deyə belə küskün danışırsız?
- Əvvəlcə yubileylə bağlı danışıq aparıldı və təxirə saldılar ki, dekabrda təşkil ediləcək. Deyildi ki, mənim üçün əsər seçiləcək. Sonra dedilər əsəri özün seç. Sonra da tamamilə səssizlik hökm sürdü. Mən indidən kəskin bir fikir də demək istəmirəm. Çünki nə konkret yox deyilir, nə də «hə»ni gözləyirəm artıq. Çünki hiss edirəm ki, «hə» olmayacaq. Mən ömrümün 40 ilini teatra, səhnəyə həsr etmişəm. 1978-ci ildən teatrda çalışıram. Mərhum rejissorumuz Tofiq Kazımov tərəfindən teatra dəvət olunmuşam. Onun dəvəti ilə işə başlamışam. Ötən il 40 ilim tamam oldu ki, mən bu teatrda fəaliyyət göstərirəm. Bu teatr mənim evimdi, ocağımdı. Mən hər zaman məhsuldar və məsuliyyətli aktrisa olmuşam. Hər zaman zəhmətimlə uğur əldə etmişəm. Dayanmamışam. Mənə elə gəlir ki, bir teatrda 40 il əməyin varsa, orda yubiley keçirmək haqqın var. Mən əslində yubiley keçirmək də istəmirəm. Sadəcə, 60 illiyimlə bağlı yeni tamaşa istəyirdim. Elə böyük bir iddiam da olmayıb ki, şan-şöhrətli yubileyim keçirilsin.
- Sadəcə, sizə qarşı olan bu laqeydlikdən inciksiz…
- Sözün düzü, belə güman edirəm ki, əgər yubiley məsələsi bu qədər uzanırsa, olmayacaq. Çünki «yox»a daha çox oxşayır. Mənə söz deyilmir. Mən şanlı yubiley gözləmirəm də.
- İstəmirsiz, ya gözləmirsiz?
- Mənə qarşı həmişə hörmət görmüşəm. Dövlət səviyyəsində mənim sənətimə dəyər verilib. Çox gənc yaşımda Əməkdar artist olmuşam. 38 yaşında Xalq artisti adına layiq görülmüşəm. Dövlət tərəfindən hazırda fərdi təqaüd alıram. Dövlət tərəfindən yetərincə diqqət görmüşəm. Mən teatrdan da o diqqəti gözləyirdim. Akademik Milli Dram Teatrına 40 ilini həsr edən aktrisanın bu diqqətə haqqı çatır mənə elə gəlir. Məni incidən odur ki, bu gün, sabah deyib uzadırlar. Yox desələr, mən də bilərəm ki, yubileyimi keçirtmədilər.
Hə də demirlər. Təxirə salındı. Bundan sonra tamaşa götürülsə, onu çatdırmaq, onu hazırlamaq üçün yay aylarına qədər zamanım çatarmı? Məni tanıyırsız. Bir iş ki baş tutmayacaq, mən çarpışıb vuruşmuram ki, olmalıdır. Olmayacaqsa olmasın. Amma haqqım çatanı istəmək ixtiyarım var. Haqqımdır ki, 60 illik yubileyimi tələb edim. Balaca bir rəqəm deyil - 60 il! Mənə elə gəlir ki, bəlkə özümdən müştəbeh görünərəm. Amma 40 ildə az iş görməmişəm. Yəni vicdanla çalışmışam. Mən dövlət tərəfindən alacağımı almışam, diqqətdən kənarda qalmamışam. Mən bu gün diqqəti teatrdan gözləyirəm. Mən balaca aktrisa deyiləm. Başa düşürsüz - mən Natəvan, Fedra kimi rollar oynamışam. Bilmirəm mənə qarşı bu laqeydliyi hansı əsasla edirlər. Bilmirəm ki, bu laqeydlik nə qədər davam edəcək. Ona görə də dayanmışam, istəmirəm tələsik fikir bildirim.
- Konkret yubileylə bağlı teatrın direktoru Azər Paşa Nemətova müraciət etmisizmi?
- Bəli, onunla danışığımız olub. Teatrın rəhbəri kimi onunla bu barədə söhbətimiz oldu. Mənə dedi ki, gözlə. Gözləyirəm. Hələ ki səbr edirəm. Belə bir söz var - Sonuncu ölən ümidlərdi! Mən hələ gücümə arxayınam. Mənim hələ səhnədə tamaşa oynamağa potensialım, fiziki gücüm bəs qədər yetir. Ümid edirəm ki, ümidlərim qırılmayacaq. Çünki 60 illik yubileyə mənim haqqım çatır. Heç kimə ağız açıb nəsə də yalvarıb, xahiş edən deyiləm. Mənim sənətim, 40 illik səhnə fəaliyyətim icazə verməz ki, kimdənsə nəsə yalvarıb alım. Mən bu gün cəsarətlə deyə bilərəm ki, Azərbaycan teatr səhnəsində sözünü deyən aktrisayam. Ona görə də söz demək, haqqımı tələb etməyə ixtiyarım çatır. İxtiyarım çatır ki, teatrdan 60 illik yubileyimi tələb edim.
Tahirə Məmmədqızı