Həmməruzəçilər qaçqınlara və Qarabağa biganədir

Turist kimi gəlib, gedib nöqsan axtarırlar, böyük yaraları görmürlər



Azərbaycanda səfərdə olan AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak və Sezar Preda bir qrup vətəndaş cəmiyyəti üzvləri və hüquq müdafiəçiləri ilə görüşüblər. Görüş zamanı ölkədə insan haqlarının durumu, siyasi məhbus məsələsi, QHT-lərlə bağlı qanunvericilik və başqa məsələlər müzakirə olunub. Amma hər zaman insan haqlarından ağız dolusu danışan həmməruzəçilər erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon vətəndaşımızın taleyi ilə maraqlanmaq istəməyiblər.

Görüşdə iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, AŞ PA həmməruzəçiləri Qarabağ məsələsinə münasibət bildirməkdən imtina ediblər: "Dünən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdük. Görüşdə Dağlıq Qarabağ məsələsini qaldırmaq barədə təklif oldu, dərhal dedilər ki, biz bu münaqişəyə toxunmuruq”. Qərb institutlarının ikili münasibətini "Şərq”ə şərh edən millət vəkili Elman Məmmədov deyib ki, AŞ PA və ATƏT kimi qurumlar bizə can yandırdıqları üçün Azərbaycana səfər etmirlər. Onların məqsədi tamam başqadır: "Guya həmməruzəçilər ölkəmizdə insan hüquqlarının nə vəziyyətdə olduğunu öyrənməyə, araşdırmağa gəlirlər. Əslində həmin güclərin məqsədi Azərbaycan üçün problem yaratmaq, ölkəmiz adına qara yaxmaqdır. Özlərinə sərf edən müəyyən məsələlərlə bağlı Azərbaycana təzyiq etmək imkanı əldə etmək istəyirlər. Mən 2001-ci ildə Avropa Şurası ilə bağlı bir fikir söyləmişdim. Düzdür, o zaman çoxları mənə qarşı çıxdı. Ancaq zaman mənim min dəfə haqlı olduğumu üzə çıxardı. O vaxt demişdim ki, biz öz xahişimizlə Avropa Şurasına üzv oluruq. Ancaq siz görəcəksiniz ki, bu qurum Ermənistan və digər xristian dövlətləri üçün bir müdafiə rolunu oynayacaq. Türkiyə və Azərbaycana təzyiq yolunu tutacaq. Bu gün dediklərim öz
təsdiqini tapır”. Deputat bildirib ki, Qərb təşkilatları utanmadan Azərbaycanı aşağılamaq üçün cürbəcür vasitələrə əl atırlar: "AŞ PA nümayəndələri 25 ildir hüquqları pozulan bir milyon qaçqın və məcburi köçkünlərin hüquqları ilə maraqlanmayıblar. Qaçqınların öz yurdlarına dönməsi ilə bağlı hansısa qətnamə hazırlayıb, ermənilərə sanksiya tətbiq etməyiblər. Onlara heç vaxt güvən və etimad olmayıb. Çünki özlərini sovet dövrünün "revizorları” kimi aparırlar. Azərbaycanı da özləri üçün laboratoriyaya çeviriblər. Rusiyanın təzyiqləri azmış kimi indi də Qərb ölkələri zəhləmizi tökür. Moskva bunlardan şükürlüymüş ki. Avropa daha iyrənc üsullara əl atır”. E.Məmmədovun sözlərinə görə, Qərb dünyasında təkcə müsəlmanların yox, hətta öz vətəndaşlarının başına oyun açan qüvvələr bizə insan haqlarının müdafiəsindən danışa bilməzlər: "Axı bütün dünya sizin müsəlmanlara qarşı necə münasibət bəslədiyinizi görür. Öz gözlərində tiri görmürlər, başqasında tük axtarırlar. Həmməruzəçilərin son səfəri də Azərbaycanda qarışıqlıq yaratmaq məqsədi daşıyır. Avropa Oyunları ərəfəsində hoqqa çıxaran qüvvələr "Formula 1” yarışları zamanı da problem yaratmağa çalışırlar. Ancaq arzuları ürəklərində qalacaq”. Millət vəkili, ASDP sədri Araz Əlizadə də "Şərq”ə açıqlamasında AŞ PA-nı sərt tənqid edib: "Bizim gizlətməyə bir şeyimiz yoxdur. Ona görə də istənilən qurumun nümayəndələrini ölkəmizə buraxırıq. Məlumdur ki, bəzi hüquq müdafiəçiləri, QHT-lər xarici dairələrdən maliyyə dəstəyi alırlar. Həmin adamlar həmməruzəçilərə xidmət edirlər, Azərbaycana yox”. Deputat Azərbaycanda insan haqlarının pozulması iddiasına da münasibət bildirib: "Nəinki onların "siyasi məhbus” adlandırdıqları, hətta bütün dustaqları buraxsaq belə, yenə də deyəcəklər ki, sizdə insan haqları pozulur. Çünki həmin dairələri insan hüquqları düşündürmür. Ümumiyyətlə, Qərb dövlətlərinin əlində insan haqları termini böyük bir dəyənəkdir. Kim ki, tabe olmur, onların qulu olmaqdan imtina edir, dərhal həmin dəyənəkdən istifadə edirlər. Hazırda ən çox hüquqları pozulan Fransa əhalisidir. Baxın görün, onlara qarşı necə zülm edirlər. Amma dünyada bir adam qalxıb demir ki, ay özünü sosialist adlandıran, əslində burjualardan belə qəddar olan Fransua Olland! Sən niyə fransız xalqına zülm edirsən?! ABŞ-da da eyni proseslər baş verir. Orada da camaatı "qarasan” deyib qırırlar. Yaxşı məsəl var, deyirlər, "meymun baxar güzgüyə, adını qoyar özgəyə”. Dünyada insan haqlarını ən çox pozanlar AŞ PA-ya daxil olan Qərb ölkələridir. Amma gəlib Azərbaycanda qaşınmayan yerdən qan çıxarırlar”.

İsmayıl