Həmməruzəçilərin Qarabağla bağlı təklifləri formal olmamalıdır




"Əgər çeynənmiş məsələlər yenidən gündəmə gələcəksə, prosesdə heç bir irəliləyiş müşahidə olunmayacaq”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlayacaq. Bu barədə AŞ PA Monitorinq Komitəsinin iclasında qərar verilib.

Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək iclasda ictimaiyyətə təqdim edəcəklər. Bir sıra ekspertlər münaqişə ilə bağlı yeni təkliflərin veriləcəyini deyirlər. Lakin məsələyə ümidsiz yanaşanların fikrincə, mövcud təkliflərə bənzər sənədlərin hazırlanması heç bir mahiyyət kəsb etməyəcək. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, əgər AŞ PA-da belə bir mövzu gündəmə gətirilirsə, o zaman qurum münaqişənin real həllində maraqlı olmalıdır. 

Yəni təşəbbüs formal xarakter daşımamalıdır: "Məsələnin həlli mütləq tapılmalı və regionda sülh yaranmalıdır. Bölgədə sülhün yaranması üçün konkret amillər olmalıdır. Ən əsası torpaqlar azad edilməlidir, ondan sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr aparılmalıdır. Ancaq Ermənistan bundan qaçır. Həmsədr dövlətlər də hələlik düşmən ölkənin mövqeyi ilə razılaşır. Deyə bilmərəm ki, AŞ PA-nın təklifi, qətnaməsi necə olacaq, hansı istiqamətdə təqdim olunacaq. 

Əgər çeynənmiş məsələlər yenidən gündəmə gələcəksə, yəni "sülh, barışıq, kompramisə gəlmək” və s. məqamlar orada öz əksini tapacaqsa, prosesdə heç bir irəliləyiş müşahidə olunmayacaq”. Ekspertin sözlərinə görə, həmməruzəçilər vəziyyəti real qiymətləndirməli, təhlil etməli və beynəlxalq hüquq normalarına uyğun addımların atılmasına nail olmalıdırlar: "Torpaqlarımız illərdir işğal altındadır, düşmən isə bizə diktə edir ki, "torpaqlarınızı qaytarsaq, siz Qarabağın "müstəqilliyini” tanımalısız”. Əlbəttə, bu, heç vaxt baş verə bilməz”.

İsmayıl