...Azərbaycan torpaqlarını müharibəsiz də ala bilər
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilir. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Proseslə bağlı açıqlama verən nazir deyib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir.
E.Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ problemi məsələsində kompromis yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər: "Azərbaycanın mövqeyi çox konstruktivdir. Biz razıyıq ki, ordu kənarda qalsın, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək. Bütün yolların, kommunikasiyaların açılması imkan verəcək ki, regionda addım-addım, normal şəkildə əlaqələrimizi quraq. Danışıqlar bunun əsasında aparılır. Həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistanın bunu qəbul etməsi. Təəssüflər olsun ki, işğalçı dövlət qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Amma gec-tez biz istəyimizə nail olacağıq. Buna şübhə etmirəm”. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Onlar iyulun 20-də Ermənistanda, ayın 21-də isə Azərbaycanda olacaq. Bəzi iddialara görə, son proseslərdən sonra Ermənistanın siyasi dairələrində kompromisə getmək tərəfdarları çoxalıb. Ermənistana səfər edən həmsədrlərin də işğalçı dövlətə təzyiq göstərəcəyi deyilir.
Məsələni "Şərq”ə şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Azərbaycan hər zaman beynəlxalq hüquq normalarının müddəalarına əsaslanır. Ermənistanın mövqeyi isə terrora, təcavüzə və işğala söykənir: "Azərbaycanın dəyişməz mövqeyini hələ 20 il öncə Ulu Öndərimiz bəyan edib. Cənab Prezidentimiz İlham Əliyev də eyni mövqeyi dəfələrlə səsləndirib. Xarici işlər nazirimizin bəyanatı da Prezidentin dediklərinə və apardığı siyasətə söykənir. Bəli, Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Digər variant qəbulolunmazdır”.
Həmsədrlərin səfərlərinə gəldikdə isə, deputat deyib ki, ATƏT-in Minsk Qrupu beynəlxalq turizm şirkəti kimi fəaliyyət göstərir: "Həmsədrlər yüksək maaş alır, bütün imtiyazlardan istifadə edir və dünyanı eninə-boyuna gəzirlər. Onların gəliş-gedişinin münaqişənin ədalətli həllinə heç bir təsiri yoxdur. Minsk Qrupu etimad limitini çoxdan itirib. 10 ildən artıqdır deyirəm ki, onların mandatı əllərindən alınmalıdır. Çünki qrupda təmsil olunan 3 böyük dövlətin regiondakı maraqları, mənafeləri biri-birinə tamamilə ziddir. O dövlətlər biri-birinə açıq-aşkar düşmən mövqedə dayanıblar. Özləri qanlı-bıçaq olan ölkələr digərlərinin problemini necə həll edə bilərlər?! Bu baxımdan həmsədrlərin vasitəçiliyindən, səfərlərindən nəsə gözləmək, onların işğalçı dövləti razı salacağına ümid etmək absurddur”.
E.Məmmədov maneçilik yaradan vasitəçilərin aradan çıxmasını istəyib: "Həmsədrlərin çox "maraqlı” bir fikirləri, təklifləri var. Deyirlər ki, "siz öz aranızda razılığa gəlin, biz də sizə kömək edək”. Yaxşı, biz öz aramızda razılığa gələ biliriksə, həmsədrlər nəyə lazımdır? Birmənalı olaraq bəyan edirəm, əgər həmsədr ölkələr aradan çıxsalar, prosesə mane olmasalar, təcavüzkar dövlətə havadarlıq etməsələr, Azərbaycan öz gücü ilə torpaqlarını asanlıqla geri alar. Hətta bunu müharibəsiz də edə bilər. Azərbaycanla Ermənistan meydanda təkbətək, üz-üzə qalanda düşmən ölkə zəifliyini görəcək və tezliklə təslim olacaq. Güllə atmamış qoşunları geri çəkəcək. Ancaq insan hüquqlarından boğazdan yuxarı dəm vuran beynəlxalq təşkilatlar buna imkan vermirlər”.
İsmayıl