Həmsədrlərin regiona səfəri mənasızdır

Bu gəliş də Minsk Qrupunun ənənəvi gəlişindən biridir
ATƏT çalışır ki, böyük dövlətlərin başının Yaxın Şərqdəki müharibə və qarşıdurmalara qarışdığı vaxtda yeni bir münaqişə ocağı alovlanmasın

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyun ayının 10-da Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklər. Vasitəçilər əvvəlcə Xankəndinə yollanacaqlar. İyunun 19-da isə Bakıya gələcəklər. Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, vasitəçilər İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də XİN rəhbəri və müdafiə naziri ilə görüş keçirəcəklər.

Popovun sözlərinə görə, regiona səfər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə razılaşdırılıb: "Biz münaqişə zonasındakı hazırkı vəziyyəti müəyyənləşdirmək istəyirik. Səfər zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin aprelin sonunda baş tutan görüşləri də nəzərə alınmaqla, son məsələlərin müzakirə edilməsi gözlənilir. Müvafiq görüşlərin nəticələrinə dair bəyanatımız dərc ediləcək”. Həmsədr onu da bildirib ki, yayılan bəyanatlar atəşkəsin pozulması hallarını pisləyir: "Həmsədr kimi vəzifəmiz münaqişəni sülh, siyasi-diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi etməkdir. Bu yolla işləməyə davam edəcəyik”. 

Həmsədrlərin bölgəyə növbəti səfərini şərh edən politoloq Əli Orucov "Şərq”ə açıqlamasında bəyan edib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həllində gücsüzdür və zaman keçirməklə məşğuldur:

"Məhz bu qurumun işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymaması, əksinə Azərbaycana davamlı təzyiqlər göstərməsi münaqişənin həllini daha da çətinləşdirib. Əgər vaxtında təcavüzkara qarşı sərt üz göstərilsəydi və ədalətli yanaşma olsaydı, problem çoxdan həllini tapmışdı. Baxmayaraq ki, Rusiyanın ciddi müqaviməti ilə üzləşmə ehtimalımız var idi, lakin problemi həll etmək mümkün idi. Həmsədrlərin regiona saysız-hesabsız səfərləri, keçirdikləri görüşlər və səsləndirdikləri bəyanatlar ənənəvi hal daşıyır. Azərbaycan tərəfi həmişə konstruktiv mövqe tutub və mümkün güzəştləri edib. 

Minsk Qrupu çalışmalıdır ki, Ermənistanı təkcə masa ətrafına gətirməklə qalmasın, konstruktiv mövqeyə vadar etsin. 

Ermənistan rəhbərliyi işğalçılıq siyasətindən əl çəkməyə məcbur edilməlidir”. 
Ekspert vurğulayıb ki, Ermənistan təxribatlarını davam etdirir, Rusiyadan pulsuz silahlar alaraq təhcizatını artırır, müharibə ritorikası səsləndirir: "Bu isə təbii ki, regionda sülhün və təhlükəsizliyin davamlı olmasına ciddi təhdidlər yaradır. ATƏT çalışır ki, böyük dövlətlərin başının Yaxın Şərqdəki müharibə və qarşıdurmalara qarışdığı vaxtda yeni bir münaqişə ocağı alovlanmasın. Amma məncə, bu, çıxış yolu deyil. Minsk Qrupu ya üzərinə götürdüyü vasitəçilik missiyasını effektiv şəkildə həyata keçirməli, ya da beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana dəstək verib Cənubi Qafqazda sülhə nail olmalıdır”.

İsmayıl