Hər an döyüş əmri verilə bilər
Hərbi təlimlərdə ordumuz qarşısına qoyduğu məqsədlərə tam nail oldu
Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən aldığımız xəbərə görə, kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.
Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, müdafiə nazirinin müvafiq tapşırıqları sosial mediada müharibə anonsu kimi dəyərləndirilib, ekspertlərin isə fikirləri haçalanıb.
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov hesab edir ki, aprel ayının 16-dan 21-nə qədər keçirilən genişmiqyaslı hərbi təlimlərin məqsədi bəlli idi və ordumuz da qarşısına qoyduğu məqsədinə tam müvəffəqiyyətlə nail oldu:
"Təlimlərin yekununda nazirin aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq kimi göstərişlər verməsində qeyri-adi heç nə yoxdur. Bizim torpaqlarımız işğal altındadır və onları azad etmək üçün hər an Ali Baş Komandan döyüş əmri verə bilər. Bu mənada ordumuz istənilən an başlayacaq əməliyyatlara hazır olmalıdır. Müharibənin nə vaxt başlayacağını isə ancaq Azərbaycanın siyasi və hərbi rəhbərliyi bilir”.
Nazirin sözügedən tapşırıqlarının döyüş anonsu kimi dəyərləndirilməsinin doğru yanaşma olmadığını vurğulayan hərbçi-ekspert deyib ki, nazirin şəxsi heyətə bu cür təlimat verməsi təbiidir: "Hesab etmirəm ki, Azərbaycan ordusu yaxın zamanlarda Dağlıq Qarabağ cəbhəsində genişmiqyaslı əməliyyatlara başlayacaq. Düzdür, müharibənin başlanmasını, torpaqlarımızın azad olunmasını biz də istəyirik, amma mövcud situasiyada bu real deyil. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək üzərimizə düşən ən ağır vəzifədir. Ermənilər isə çalışır ki, bu məsələ maksimum uzansın və öz mənfur məqsədlərinə nail olsunlar. Onsuz da ermənilər Dağlıq Qarabağla bağlı heç nə edən deyil. Sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün bir vasitədir. Ona görə də ermənilərin havadarları bu vassalın avamlığından istifadə edib qeyri-stabil vəziyyəti saxlamaqda davam edirlər”.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, müdafiə naziri Zakir Həsənovun sözlərinə iki, hərbi və hərbi-siyasi aspektdən yanaşmaq lazımdır: "Cənab nazirin yüksək rütbəli zabitlərin və qoşun komandirlərinin iştirakı ilə keçirilən iclasda qeyd etdiyi fikirləri tamamilə reallığa uyğundur. Azərbaycan Silahlı Qüvvələrinin müharibəyə hazır olması ilə bağlı iclasda səsləndirilən fikirlər tamamilə həqiqətdir. Azərbaycan ordusu müharibə ordusudur. Nazirin verdiyi tapşırıqlar isə dolayısı ilə müharibəyə hazır olun deməkdir”.
R.Məmmədlinin sözlərinə görə, Azərbaycan ordusunun texniki imkanlarının modernləşdirilməsi, şəxsi heyətin peşəkar kadrlardan formalaşdırılması və onların təcrübəsinin artırılması üçün dünyanın bir çox inkişaf etmiş ölkələrində ixtisas artırma kurslarının keçirilməsi, yeni silahların alınması faktiki olaraq ordumuzun müharibəyə hazırlığına işarədir: "Müdafiə nazirinin "Hər an aktiv döyüşlərə hazır olun!” tapşırığına hərbi-siyasi nöqteyi-nəzərdən yanaşsaq, bu çağırışı işğalçı Ermənistana yönəlik bir ismarıc kimi də qiymətləndirmək olar. Bu münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürən Minsk Qrupu ölkələrinə bir ismarıcdır ki, Azərbaycan dövləti beynəlxalq qanunlara riayət etsə də, öz ərazilərini işğaldan azad etmək hüququna malikdir”.
"Dövlətimiz heç vaxt torpaqlarını azad etməkdə kimsədən çəkinməyəcək”
"Prezident İlham Əliyevin düşmənə qarşı hücum siyasəti yeritməsi yeni müdafiə nazirinin təyin olunması ilə daha ciddiləşdi”. Bunu isə Sherg.az-a millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, ölkə başçısı tək hərbi deyil, informasiya, psixoloji, diplomatiya, ideoloji və s. sahələrdə hücum siyasəti yeridilməsi haqqında tapşırıqlarını hər zaman ifadə edib: "Hərbi nazir gələndən onun aktiv addımlarını müşahidə edirik. Hərbi komandanlığın cəbhə bölgəsinə səfərlərini, müşavirələrini görürük. Həmişə ordunu müharibəyə hazır vəziyyətə gətirmək tələb olunur. Orduda heç vaxt sayıqlığı itirmək olmaz. Müharibə olmayacağı barədə fikir yaratmaq düzgün deyil. Başqa dövlətlərdə də bu siyasət yeridilir. Azərbaycanda xüsusilə, hücum siyasətinin aktuallaşdırılması ermənilərin bir çox həyasızlığına cavabdır. Gizləmək lazım deyil ki, Azərbaycan tərəfi hərbi təlimlərə başlayan kimi ermənilərin və onların dostu Rusiyanın da belə hərbi təlimlərə başladığını gördük. Qarabağdan uzaqda, Xəzər dənizi bölgəsində də hərbi aktivlik müşahidə olunur. Bunlar cavabsız qalmalı deyil. Bu, Ermənistan nazirlərinin bəyanatlarına, Serj Sarkisyanın hədə-qorxu gəlməsinə, erməni generalın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri seçilməyinə Azərbaycan tərəfinin cavabıdır. Dövlətimiz heç vaxt torpaqlarını azad etməkdə kimsədən çəkinməyəcək. Nə Donald Trampın prezident seçilməsi, nə Rusiyanın tədbirləri Azərbaycanı fikrindən daşındırmayacaq. Nazir ordunu sayıq olmağa çağırır. Sözsüz ki, ordu ali baş komandanın müharibə əmrinə müntəzir vəziyyətə gəlir. Azərbaycan tərəfinin hər zaman döyüşlərə hazırlıq əhval-ruhiyyəsini, ruh yüksəkliyini saxlamaq bəyənilən addımdır”.
Şəymən