"Hər il ölkədə abort yolu ilə 33 min körpə qətlə yetirilir" - DƏHŞƏT

Sosioloq: “Nə vaxta qədər ki, belə hallarda günahı olanlar hüquqi yolla cəzalandırılmayıb, həbsə göndərilməyib, həkimlikdən uzaqlaşdırılmayıb, ölüm halları davam edəcək”
Ginekoloq: “Ürək, qan-damar sistemində problem olan zaman faciələr yaşana bilir”

Gəncədə daha bir ana ölümü baş verib. Hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında baş verib. 1988-ci il təvəllüdlü Aslanova Gülşən abort zamanı narkozdan dünyasını dəyişib.

Qeyd edək ki, abort ancaq zərurət olduğu halda mümkündür. Yəni uşaq ana bətnində ölərsə, ağır anamoniya, yaxud da talassemiyanın ağır formasına tutularsa, həmin uşağın dünyaya gətirilməsi qətiyyən düzgün deyil. Qalan situasiyalarda isə qeydiyyatı aparılmamış sağlam uşağın abort edilməsi kriminal haldır. Belə abortlar qanundan kənar hadisə olduğu üçün cinayət tərkibi daşımalıdır. Ancaq Azərbaycan qanunvericiliyində bu sahə ilə bağlı boşluqlar var. 


Abort məsələsini ən ciddi problemlərdən biri hesab edən "Sağlam Toplum” İB-nin sədri Lalə Mehralının sözlərinə görə, statistika aparan beynəlxalq təşkilatlar, ÜST və digər qurumlar hər il dünyada 55 milyona yaxın körpənin doğulmadan qətl edildiyini təsdiqləyirlər: 

"Təsəvvür edin ki, bu hesabla dünyada hər min qadına il ərzində 35-36 abort düşür. Qətl edilən 55 milyon körpənin 20 milyondan çoxunun qeyri-leqal yolla abort edildiyi məlumdur. Ölüm halları da məhz bu zaman qeydə alınır. Bir neçə il əvvəl AŞ PA-nın Bərabər İmkanlar Komitəsinin hesabatında da bildirilirdi ki, Azərbaycan, Gürcüstan, Almaniya və Ermənistanda doğuşdan əvvəl uşaqların cinsiyyətinin öyrənilməsi narahatçılıq doğuracaq həddə çatıb. Hesabata əsasən, Azərbaycan, Ermənistan və Almaniyada oğlan və qızların nisbəti 112/100, Gürcüstanda isə 111/100 təşkil edir”.

Ölkəmizdə də abort statistikasının dəhşətli olduğunu vurğulayan sosioloq rəsmi məlumatlara istinadən hər il ölkədə 33 min körpənin abort yolu ilə qətl edildiyini deyib: 

"Amma nəzərə alsaq ki, abort üçün müraciət edənlərin hamısı barədə xəstəlik tarixçəsi açılmır və qeydə alınmır, onda bu rəqəmin ən azı 3 dəfə artdığını anlamaq olar. Bir neçə il əvvəl QHT-lərin apardığı bir araşdırma zamanı bu rəqəmin 150-200 min arası dəyişdiyi ehtimal edildi, amma təbii ki, rəsmi rəqəm deyildi. Bizim ölkədə selektiv abort var, təəssüflə bunu qeyd etməliyəm. Hər nə qədər cinsiyyəti 13-cü həftəyədək bilməsə də, gələcək valideynlər əvvəlcədən körpənin qız və ya oğlan ola biləcəyi ehtimalına "hazırlıqlı” olurlar. Bilirsiniz ki, ultrasəs müayinəsi ilə uşağın cinsinin dəqiq təyin olunması hamiləliyin 13-cü həftəsində mümkün olur. Bu 3 aylıq körpə nəfəsi, orqanları, beyni, düşüncəsi, hissiyatı olan kiçik bir insan deməkdir! Azərbaycan qanunvericiliyinə görə, hamiləliyin yalnız 12-ci həftəsinədək bir tibbi göstəriş olmasa da, ananın arzusu ilə abort etmək olar.12-ci həftədən sonra aborta yalnız həkimlərin konsiliumu ilə qərar verilə bilər. Bu qərara ananın həyatının təhlükədə olması, körpənin şikəst ola biləcəyi ehtimalı səbəb ola bilər. Amma təəssüf ki, bizim xəstəxanaların ginekologiya şöbəsi ağzı, burnu, gözü, əli-ayağı, bütün daxili orqanları, beyni, ürəyi olan körpələrin qanı ilə boyanıb”.

Artıq Azərbaycanda demoqrafik göstəricilərin dəyişməyə başladığını təəssüflə qeyd edən Lalə xanım deyib ki, oğlanların sayı qızların sayını üstələyir: 

"Bunu istənilən məktəbə gedib istənilən sinif otağına girib özünüz də müşahidə edə bilərsiz. Əgər qadın körpəni cinsinə görə yox, sadəcə

istəmədiyi üçün abort etdirirsə, bu da onun cahilliyinin səbəbidir. Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu gün kifayət qədər istər tibbi, istərsə də təbii təbabət yolu ilə müxtəlif üsullar var. Aborta görə ödədiyi 90-200 manat arasındakı məbləğin kiçik bir hissəsi bu üsul üçün kifayətdir. Konkret olaraq bugünkü hadisəyə gəlincə isə, nəinki abort, ümumiyyətlə əməliyyatlar zamanı üzərinə ağır məsuliyyət düşən iki nəfər var - biri cərrah, digəri anestezioloq. Narkozun azı da təhlükə yaradır əməliyyat zamanı, çoxu da. Son illər narkozdan ayılmayan pasiyentlər barədə mətbuata da az xəbər çıxmayıb. Səbəbi bilirsiniz nədir? Hər hansı bir tibb işçisi gedib 1 aylıq tibbi kursda bu peşəni öyrənir, olur anestezioloq. Nəticəsi də ki, göz qabağında. Nə maariflənmə, nə cərimə, nə də qadağalar nəticə verəcək. Nə vaxta qədər ki, belə hallarda günahı olanlar hüquqi yolla cəzalandırılmayıb, həbsə göndərilməyib, həkimlikdən uzaqlaşdırılmayıb, ölüm halları davam edəcək”.

Abortun qanlı prosedur olduğunu vurğulayan ginekoloq-cərrah Naibə Həsənovanın fikrincə isə istənilən halda ölüm riski var: 

"Abort zamanı qadın qanaxma və uşaqlıq boşluğunun yığılmaması təhlükəsi ilə üzləşə bilər. Əgər qadının qalxanvari vəzində problem varsa, bu da ölüm faktına yol aça bilər. Eyni zamanda həkimin kobud müdaxiləsi də ciddi fəsadlara səbəb olur. Daha dərin qaşıntı, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Abortdan sonra müəyyən prosedurlar var ki, xəstə mütləq onları keçməlidir. Əks halda irinləmə verə bilər”.

Gənc qadının abort zamanı narkozdan dünyasını dəyişməsinə gəldikdə isə ginekoloq deyib ki, ürək, qan-damar sistemində problem olan zaman bu cür faciələr yaşana bilir. Ola bilər ki, xanıma vurulan dərman onun bədəninə düşməyib, anesteoloji risk varmış. Abortun ziyanlı olduğunu deyən mama-ginekoloq bildirib ki, bu, fizioloji prosedurdur: "Qadın bədəni abortdan sonra yenidən qurulur. Bu, ona bənzəyir ki, bir binanın fundamenti pillə-pillə tikilir və sonra birdən-birə sökürsən. Necə ki, zəlzələ nəticəsində həmin dağıntı olur, abort da buna bənzər. Həkimin bu işi necə aparmasından asılı olaraq qadının orqanizmində, əlbəttə ki, müəyyən fəsadlar olacaq”.

Şəymən