Hər kəs xilasedici işləyə bilməz

Bunun üçün yüksək fiziki hazırlıq, üzmə bacarığı tələb olunur



Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Qeyd olunur ki, 2017-ci ilin çimərlik mövsümü ərzində (15 iyun - 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 20-40 yaşlarında, fiziki cəhətdən sağlam, idman bədən quruluşlu, üzgüçülük bacarıqları olan tam orta təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər. Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Müsabiqələrin elan olunmasına münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, hər kəs xilasedici vəzifəsində işləyə bilməz. Bunun üçün yüksək fiziki hazırlıq, üzmə bacarığı tələb olunur.

S.Məmmədovun sözlərinə görə, FHN-in yeni işçi qüvvəsi axtarması olduqca müsbətdir, lakin ola bilsin ki, bu sahədə kadr çatışmaya bilər. Səbəb isə, fiziki hazırlıq, üzmə bacarığı olan işçilərin əsas götürülməsidir:

"Mövsümi iş kimi xilasedicilər üçün müəyyən tələblər var. Görünür ki, indi çimərliklər genişlənir, ona görə müsabiqə yolu ilə bura yeni işçilər cəlb edirlər. Mən hərbi dənizçiyəm, amma gedib orda işləyə bilmərəm. Bunun üçün xüsusi fiziki hazırlığı, üzmək və başqalarını xilas eləmək bacarığı olan adamlar tələb olunur. Bu işə hər kəsi cəlb eləmək olmaz”.

Yeganə Bayramova