Hesablama Palatasının işində təkmilləşmə hiss olunur

Vahid Əhmədov: “Palatanın builki hesabatı ilə ötənilki hesabatı arasında fərq çoxdur”

"Milli Məclisin ötən iclasında belə bir təklif verdim ki, iri - yüz, 2 yüz milyon vəsait ayrılan layihələri yoxlamaq lazımdır. Belə olan halda şəffaflıq prinsipləri qorunar. Korrupsiya halları azalar”


Hesablama Palatası sensasion hesabat açıqlayıb. Qurumun dövlət orqanlarında apardığı yoxlamaların nəticələri elan edilib. Məlum olub ki, Azərbaycanda dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən dövlətə külli miqdarda ziyan vurulub. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu, "Aqrolizinq” ASC, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən büdcə öhdəliklərinin icra edilməməsi və iş həcmlərinin artırılması halları aşkarlanıb.

Və ümumilikdə 17,1 milyon manat zərər vurulması ehtimalı nəzərə alınaraq yuxarıda qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib. Bundan başqa, Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar müəyyənləşib. İki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb. Hesabatda iddia edilir ki, adıçəkilən universitetdə ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsil haqqı nağd qaydada yığılaraq banka təhvil verilib. Tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən magistrlər üzrə debitor borc hesablanmayıb. Müqavilə şərtlərinə əməl edilməyərək, tələbə sırasından xaric edilmiş birinci kurs tələbələrindən təhsil aldığı müddət üçün təhsil haqqının alınması təmin edilməyib. Palatanın Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün Təhsil Nazirliyinə və Dövlət Neft Akademiyasına göndərilib. Məlumat üçün bildirək ki, nəzarət tədbirlərinin nəticələri üzrə Milli Məclisə məlumat verilib. Nəzərə çatdıraq ki, sözügedən palata artıq ikinci ildir ki, konkret korrupsiya faktlarını özündə əks etdirən hesabatlar açıqlayır. Quruma Heydər Əsədovun (hazırda kənd təsərrüfatı naziridir - red.) rəhbərliyi dövründə Hesablama Palatası formal bir qurum təsiri bağışlayırdı. 2013-cü ildə quruma Vüqar Gülməmmədov yeni sədr gətirildi. Bəzi ekspertlər qeyd edirlər ki, V.Gülməmmədov qruplaşma oyunlarında ciddi iştirakçı olmadığı üçün onun dövründə qurum obyektiv yoxlamalar həyat keçirməyə müvəffəq olub. Həmçinin o da iddia edilir ki, V.Gülməmmədov yalnız iki-üç nazir-oliqarxın nəzarətindəki qurumlar istisna olmaqla, bütün dövlət orqanlarındakı maliyyə vəsaitlərinə dair real vəziyyəti rəhbərliyə çatdırmaqda sərbəstdir və ona kimsə təzyiq göstərmir. Ancaq təbii ki, mövcud idarəetmə sistemində yalnız 4 qurumun maliyyə pozuntularına yol verdiyi də inandırıcı deyil. Hər halda, görünən budur ki, hesabatda daha çox yeyinti olduğu şübhə doğurmayan qurumların adlarına rast gəlinmir. Bu səbəbdən iddia olunur ki, məlum hesabatın hazırlanmasında subyektiv meyarlar da rol oynayıb.

Nəticələri dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vahid Əhmədov "Şərq”ə açıqlamasında söyləyib ki, palatanın fəaliyyəti getdikcə təkmilləşir: "Yoxlamalar aparılıb. Faktiki olaraq müəyyən nöqsanlar aşkarlanıb. Buna müvafiq olaraq 9 milyon manat məbləğində cərimələr tətbiq olunub. Bu çox ağır məbləğdi. Yoxlamalara görə, əsasən əmək haqları və məzuniyyət pulları yeyilib. "Mühasibat uçotu haqqında” qanun var. Bu haqda beynəlxalq təşkilatların da normativ sənədləri mövcuddur. Mühasibat uçotu o normativ sənədlərə uyğunlaşdırılmır. Ümumiyyətlə, mühasibat uçotunda işləyən insanlar normativ sənədlərlə işləməyi bacarmırlar”.

Deputatın sözlərinə görə, məlum qanunsuzluqlara görə, yuxarı deyil, daha çox aşağı təbəqə cərimələnir: "Yuxarı təbəqə ilə mülayim rəftar edirlər. Lakin məsələni əsasən yuxarıdan həll etmək lazımdır ki, ciddi problemlər yaranmasın”.

Müsahibimizin fikrincə, cərimələri sərtləşdirməklə bu cür halların ortadan qaldırılmasına nail olmaq mümkündür: "Palatanın kifayət qədər səlahiyyəti var. Müəyyən prosedurlara dair sənədləri prakraturaya göndərir. Hətta korrupsiyaya qarşı mübarizə idarəsi ilə birgə müəyyən yoxlamalar aparırlar. Buna rəğmən düşünürəm ki, qurum fəaliyyətini daha da ciddiləşdirməlidir. Milli Məclisin ötən iclasında belə bir təklif verdim ki, iri - yüz, 2 yüz milyon vəsait ayrılan layihələri yoxlamaq lazımdır. Belə olan halda şəffaflıq prinsipləri qorunar. Korrupsiya halları azalar”.

V.Əhmədov diqqətə çatdırıb ki, palatanın builki hesabatı ilə ötənilki hesabatı arasında fərq çoxdur: "Qurumun işindəki təkmilləşmə hiss olunur. Baxın, palatanın özünü də yoxlayan təşkilat var. O təşkilat beynəlxalq dünya bankının nəzdində fəaliyyət göstərir. Həmin qurumun palataya dair hesabatını gözdən keçirdim. Onlar da palatanın müsbət addımını qeyd ediblər. Hesab edirəm ki, palata daha ciddi nəzarət mexanizmi həyata keçirməlidir ki, şəffaflıq təmin olunsun. Problem yaranmasın”.

Ayyət Əhməd