“Həyat yoldaşlarının heç biri onun qədrini bilməyib”

Arzu: “Mənim malına-puluna görə onunla ailə qurduğumu deyənlər də tapıldı”

"Hətta axşam yeməkdən sonra zibil paketini özü bağlayıb qapıya qoyardı”
Bu dəfə onu yada salmaq istədik. İstədik yoxluğunda belə böyük hörmətlə anılan, Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qapısını döyək. Özündən sonra yadigarı olan balaca qızı və həyat yoldaşı, ömrünün son saatlarını bölüşdüyü Arzu xanımla həmsöhbət olaq. Hacını xatırlayaq.
H.Bağırov bir neçə dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.
Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib, Aleksandr isə 60 yaşındadır.
Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə, Almaz adlı qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, Xalq artistinin bu nikahdan övladı olmayıb.
Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən özününküləşdirib və "Bağırov” soyadına keçirib. Bu arada maraqlı bir faktı da qeyd edim. "Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub.
Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı var.
Hacıbaba Bağırov müxtəlif dönəmlərdə iki dəfə müəyyən müddətdə teatrda qalmalı olub. Qısaca desək, karifey sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.
Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin ovaxtkı sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır.
Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində 3 otaqlı mənzil verilir.
Hacıbaba Bağırov Azərbaycan teatr və kino sənətinin karifeylərindəndir. Sənətkarın geniş şaxəli yaradıcılığıyla yanaşı, maraqlı və eyni zamanda da təzadlı şəxsi həyatı olub. Hamının sevdiyi böyük sənətkarın onsuz qalan yuvasında qonaq olduq.
Bizi Hacının həyat yoldaşı Arzu xanım qarşıladı. İçəri daxil olanda diqqətimizi ilk Hacıbaba Bağırovun divarda asılmış portreti çəkdi.
Arzu xanımla çay süfrəsi ətrafında söhbətə başladıq.
- Arzu xanım, bilirəm ki, sizin üçün də Hacını xatırlamaq çətindi. Amma istərdim bu gün ondan danışaq. Hacıbaba Bağırov necə insan olub?
- İnsan kimi çox gözəl qəlbə sahib idi. Mən Hacıye nə qədər ömür sürdümsə, onun kimi insan görmədim ki, ailəsini sevsin. O qədər ailəcanlı idi ki. O, ailəsinə görə hər şeydən keçərdi.
- Baxmayaraq ki, aranızda böyük yaş fərqi vardı?
- Qətiyyən. Bizim aramızda yaş problemi olmayıb heç vaxt.
O çox ailəsinə bağlı insan idi. Deyim ki, tək mənimlə belə olub? Yox. O, digər qadınlarla da ailəli olanda belə olub. Hacı ailə üçün yaranmışdı. Vallah, billah deyirəm. Sadəcə onun qədrini bilən bir insan olmalıydın, bu ona bəs edirdi.
- Yəni onun qədrini bilən olmayıb?
- Mən heç kimdən çəkinmədən deyirəm ki, bəli, onun qədrini bilməyiblər. Heç kimin xətrinə dəyməsin. Demək ki, Hacının qədrini bilmədilər, ona dəyər verə bilmədilər. Ona dəyər verilməyib. Hacının dostları yox idi ki, getsin restoranda kef çəksin yesin, içsin. Hacının iki getdiyi məkan var idi. Teatr, ev. Kimdən soruşsaz bunu təsdiqləyər. O pulunu, vaxtını restoranlarda dostlarla keçirən insan deyildi. O restorana gedərdi, yalnız o halda ki, həyat yoldaşı da onunla gedərdisə. Mənim yadıma düşmür ki, mən onunla bir yerdə olduğum 6 il yarımda o mənsiz restorana əylənməyə harasa gedəydi. Heç kim deyə bilməz ki, Hacı mənimlə filan yerə gedib yeyib, içdi. O içkidən uzaq insan idi. O, ailəsi ilə gedərdi. Toyu sevmirdi. Onunla toya da gedəndə yarım saat, uzağı, bir saat oturardı. O da o insan gərək o qədər əziz olaydı ki, bir saat oturaydıq. Bir dəfə icazə vermişəm ona mənsiz gedib xaş yeməyə. İcazə alıb məndən. O da mən istəyirmiş gedim. Səhər saat 6-da durub bir qarın xaşdan ötrü yuxuma haram qatmaq istəmədim. Zarafat da etdim ki, xaşa görə mən səhər dura bilmərəm. O işə və evə gedirdi. Dükana qədər də mənimlə gedirdi.
- Axı sizə qədər çətin bir həyatı olub.
- 3 rəsmi, 1 qeyri-rəsmi olub. 3-4 nikahının rəsmi olduğunu dəqiq bilirəm. Çünki arxivimdə onların boşanma kağızları durur.
- Dediniz ki, qədrini bilməyiblər. Qədrini bilməyiblər deyəndə nə demək istəyirsiz ki?
- Canım mənim, biz hamımız qadınıq da. Burda çəkinəcək nə var ki? Mən qadınları pisləmək istəmirəm də. Almaz xanım həyatda deyil. Digəri ilə olan həyatının aqibəti necə olub bəllidir. O barədə çox danışmaq istəmirəm. Amma çəkinmədən deyirəm ki, Hacıbabanın qədrini bilməyiblər. Hacının fikri-zikri ailəsini dolandırmaq olub. O bilirsiz ki, necə kişi olub? Onun həyat yoldaşı çörəyin olub-olmadığından xəbəri olmayıb. O özü maraqlanardı ki, evdə nə var, nə yox. O, ailəsinə korluq yaşadan kişi olmayıb.
- Ona necə müraciət edirdiz?
- Ooo, müraciət formalarım çox idi. Əsas Baba deyə müraciət edirdim. Babaş da deyirdim. Hər şey deyirdim. Qocam deyirdim, "aşkım” deyirdim. O da mənə gözəl sözlər deyirdi. Əsas ceyranım deyərdi.
- Onun son müsahibələrindən biri məhz "Şərq” qəzetinə olub. O zaman artıq qızınız dünyaya gəlmişdi. Siz ona teatra yemək gətirmişdiz...
- Bəli, Hacı üçün günorta da, axşam da isti yemək bişirilməliydi. Günorta yeməyini çox vaxt işə gətirirdim, orda onu yedirdirdim. Bilirsiz, o, diqqəti sevirdi və buna layiq kişi idi.
O mənə əziyyət verməyib. Hacı o qədər təmizkar idi ki. Hətta axşam yeməkdən sonra zibil paketini özü bağlayıb qapıya qoyardı. Az insan tanıyıram ki, onun kimi ailəyə dəyər versin.
- Sizə qədər olan həyat yoldaşlarından özü sağ ikən də narazılığını dilə gətirmişdi Hacı. Bu qədər ailəcanlı birinin həyatı niyə gətirmirdi ki?
- Vallah, nə bilim. Hacı olsaydı, deyərdi. Özü olsaydı, danışardı. Mənim danışmağım düz olmaz. Mən desəm ki, Hacı kim haqqında nə deyirdi? Çoxlu arxivim var, video görüntülərim. Amma istəmirəm onları ortaya qoyum. Nələr yoxdu o arxivdə. Dəhşətlər...
- Hər sözə o arxivdə bir cavabınız var deyəsən...
- Var. Həm də Hacının öz dilindən olan cavablar. Məndən qabaq nə olubsa, istəmirəm deyim, danışım. Təkcə onu deyirəm ki, mən Hacının məhəbbətdə son əsəri olmuşam. Özü də bunu mahnılarından birində yazıb ki, sən mənim son yazım, son baharımsan. Mənim üçün Hacı bir neçə mahnı yazdırıb. Qeyd də olunub ki, ithaf edilir Hacıbaba Bağırovun həyat yoldaşı Arzu xanıma. Vahid Əziz, Baba Vəziroğlu Gövhər Həsənzadə, Xanım İsmayılqızı, İsmayıl Dadaşovun və başqaların müəllifi olduğu mahnıları Hacı mənim üçün sifariş edib. Xanım İsmayılqızının mənə ithaf etdiyi mahnı isə əsərdi. Mən onu əsər kimi dəyərləndirirəm. "Sev məni dəlilər kimi. Ruhum gəlib tapacaq ruhunu!”
- Gəlir Hacının ruhu evə?
- İnanın, gəlir. Desəm o qədər möcüzələr olub bu evdə. Deyərəm deyərlər, Arzu başqa yerə yozur. Amma Hacının ruhunu hiss edirəm evdə. Yuxuda görürəm, mənə nəyisə çatdırır. Yuxuda deyirəm gəl də, Hacı? Deyirəm ki, zarafatla, Ay Hacı, sənə belə qəşəng qulluq edirdim, niyə getdin?
- Niyə məni qoyub getdin demək istəyirsiz də...
- Hə, deyirəm ki, məni niyə qoyub getdin ki?
- Sevgi iz qoyub da sizə...
- Əlbəttə. Bir ömür o sevgi məni izləyəcək. Mən evimdə olum, hardasa çörək yeməyə gedim, Hacını yad etməyim.
- Hacıbaba Bağırovun ölümü teatrda bir çoxlarını sözün əsl mənasında yetim qoydu. Xüsusilə Xanım Qafarovanı. Necə idi münasibətiniz Xanım Qafarova ilə?
- Çox gözəl. Xanımla münasibətim çox yaxşı idi. Hacı 8 ildi yoxdu. Onun dostları, efirlər mənə xəbər vermirlər ki gəlirik. Çünki qapım Hacını sevənlər üçün həmişə açıq olub. Həqiqətən Hacı insan kimi yaxşı idi deyə onu sevirdilər. O çoxlarına bu sənətdə kömək edib. Bizim süfrəmiz də hər zaman ruzili olub.
- Həmişə belə süfrəniz bol olur?
- Hə, biz belə öyrəşmişik, belə görmüşük. Evimiz qonaqlı olub. Hamı bilir ki, Arzunun qapısını nə vaxt döysək, yeməyi var. Hacı da buna öyrəşmişdi. Hacı üçün hər gün isti yemək qazandan çəkilirdi. O, yeganə dolmanı isti sevməzdi. Ən azı 10 nəfərlik yemək hər gün bişirilirdi. Teatra aparardım. Hacı tək yeməyi də sevməzdi. Teatrda Hacının kənarda bir balaca otağı var idi. Orda yeyərdi. Mən uşaq kimi qulluğunda durmuşam.
- Necə tanış olduz Hacı ilə?
- Onu ilk dəfə teatrda yaxından gördüm. Bizi aktrisa Lütfiyyə xanım tanış etdi. Onunla yaxşı münasibətlərimiz var idi. Qonşuyduq. Hacıbaba Bağırov bizi çay içməyə dəvət etdi. Mənim üçün çay süzdü. Özüm haqqımda onu deyim ki, o zamanlar işləmirdim. İyirmi səkkiz yaşım var idi. Yaşımdan daha gənc görünürdüm. "Bir könüldən min könülə aşiq olmaq” deyirlər ha, bax, Hacıbaba belə hisslər keçirirdi. İkimiz də çaşqın vəziyyətdəydik. Mən sevdiyim aktyorla, o isə gənc xanımla qarşılaşdığına görə özünü itirmişdi. Özünü əsl centlmen kimi aparırdı. Mənim
üçün çayı nəlbəkiyə özü süzdü. Bilmirdi neyləsin ki, onu bəyənim. İlk görüşümüz qısa oldu. Mehribanlıqla ayrıldıq.
O görüşün səhəri aramızda telefon zəngləri başladı. İlk görüşümüzdən bir, ya iki gün sonra mənə dedi: "Bilmirəm bəyənəcəksən, ya yox, sənə ətir alıb göndərmişəm. Sürücü gətirəcək”. Sürücü gəldi. Hacı (Arzu xanım Hacıbaba Bağırovu belə çağırırmış - red.) mənə böyük qızılgül buketi, bir də fransız ətri göndərmişdi. Bu, Hacının mənə ilk jestlərindən biri oldu...
Biz tanış olanda o, böyük həyat təcrübəsi keçmişdi. Hacının dediyi kimi, onun yanında mən bəbəydim.
Amma həyatdan baş çıxarmayan balaca uşaq da deyildim. Elə ilk görüşümüzdən mən də onu çox bəyəndim. Alicənablığı, xanımlara diqqət göstərməsi xoşuma gəldi.
İşdə iki-üç telefonu var idi. Görürdün, eyni vaxtda biri ilə ev, o biri ilə cib telefonumu yığır. Gecə saat 4-də belə mənə zəng vururdu. Amma desəm ki, bu məni narahat edirdi, yalan olar. Hacı məni hər gün görmək üçün direktoru olduğu Musiqili Komediya Teatrına işə götürdü. Getdim gördüm balaca yerdir. Qayıtdım Hacının yanında, dedim, mən işləyə bilmərəm, ora nə gündədir. "Sən tələsmə, özün görəcəksən”, - dedi. Bir də gördük, otaqda bütün əşyaları təzələməyə başladılar. Yerə xalça salındı, kreslo, stol dəyişdirildi, divara saat vuruldu. Televizor gətirilib qoyuldu. Novruz (aktyor Novruz Qartal nəzərdə tutulur - red.) bilirdi bunlar məndən ötrüdür. Başqa işçilər ondan xəbər aldılar: "Otağınızda təmir gedir? Bu nə dəyişiklikdir?”. Novruz dəhlizdə onlara mahnı oxudu: "Evimizə gəlin gəlir”.
Görüşümüzdən mənə sevgi sözləri deyirdi. Hərdən söyləyirdi: "Mən səni sevirəm. Bu yaşımadək çox az qadına bu sözü deyə bilərdim”. Bir də hər zaman deyirdi: "Elə bilirəm ilk dəfə sevirəm. Heç vaxt belə sevməmişəm”. Mənə mahnılar yazdırmağa başladı. Təzə görüşdüyümüz vaxtlarda Xanım İsmayılqızına dedi ki, bir mahnı yaz, kişi çox yaşlıdır, qadın isə çox cavandır. Xanım İsmayılqızı mahnı yazdı. Sözləri belə idi: "Ruhum gəlib tapacaq ruhunu. Sev məni dəlilər kimi”. Ondan əvvəl ilk mahnını isə bəstəkar İmruzə xanıma yazdırmışdı: "Gəldin saçım ağaranda. Gəldin könlüm ağlayanda”... Hacının şou-konserti oldu. Birinci sırada əyləşmişdim. Hacı gəlib həmin mahnını mənim qarşımda oxudu. Onda hələ evli deyildik. Hacının tamaşalarında, şou-konsertlərində əvvəllər birinci sırada, sonralar lojada əyləşirdim. Mənə baxa-baxa oxuyurdu. Barmağını tuşlayırdı, yəni, bu mahnıları məhz sənin üçün oxuyuram. Deyirdi: "Sən mənə ruh verirsən. Elə bil, mənə nəfəs gəlib”. Onun həyatına ən çətin zamanında gəlmişdim. Biz rastlaşanda Hacının ömrünün çox ağır məqamlarından idi. Evsiz-eşiksiz qaldığı vaxtlarıydı. Həyat yoldaşının bankdan götürdüyü kredit borcuna görə evindən olmuşdu. Əyin paltarlarını çamadanlara yığıb teatra gəlmişdi. Özü də bir var gənc olasan, düşünəsən həyatın qabaqdadır, hər şey əldə edə biləcəksən. Amma yaşlı insanlar belə zərbə alanda həyatdan qopmuş kimi olurlar. Hacı da stres içindəydi. İş yerində kabinetində tibb işçiləri onun damarına sistem qoşurdular. Bəlkə biz rastlaşmasaydıq, o belə də sönüb gedəcəkdi. Ancaq Hacı məni gördü, tanıdı. Həyatdan daha möhkəm yapışdı. Bir müddət görüşəndən sonra qərara aldıq evlənək. Məclis qurduq. Qohum-əqrəbanı, Hacının aktyor yoldaşlarını yığdıq.
Yaxşı ki, anam sevgimə qarşı çıxmadı. Hacını tanıyandan, onun necə insan olduğunu biləndən sonra o məni çox dəstəklədi. Həmişə deyirdi, bu dünyadan arxayın köçəcəyəm, bilirəm məndən sonra Hacı var. Nə biləydik, həyatımız belə gətirəcək...
- Çoxları üçün o zaman təəccüblü oldu sizin evliliyiniz. Axı aranızda yaş fərqi vardı...
- Məşhur aktyorun özündən xeyli cavan qızla evlənməsi o zaman çoxuna təəccüblü göründü. Mənim malına-puluna görə onunla ailə qurduğumu deyənlər də tapıldı. Ancaq həmişə zarafatla deyirəm: onda Hacıbabanın bir quru canı idi, bir Xalq artisti adı, bir də "Şöhrət” ordeni.
(ardı var)
Tahirə Məmmədqızı