"Heydər Əliyev Ter-Petrosyan bu məsələni dəqiqliklə izah edib"




"Ermənistanda hətta bu ölkədə yaşamayan ermənilər arasında da LevonTer-Petrosyanın Dağlıq Qarabağ ətrafı rayonlarının qaytarılması fikrinə rəğbət bəsləyənlər artır”.

Bunu Sherg.az-a Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır” açıqlamasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

Deputat qeyd edib ki, Ter-Petrosyan Ermənistanın prezidenti olduğu dövrdə danışıqlar ərəfəsində Ulu Öndər Heydər Əliyev ona bu məsələni dəqiqliklə izah edib:

"İşğal olunmuş Qarabağətrafı rayonların Azərbaycana qaytarılmasına eks-prezident də razılıq vermişdi. Ter-Petrosyan özünün prezidentliyi dövründə bu razılaşmanın güdazına getdi. Yəni Ermənistana prezidentləri təyin edib, çıxaran qüvvə onu hakimiyyətdən uzaqlaşdırdı. Erməni prezidentlərin təyin olunması erməni xalqından asılı deyil. Xaricdən Ermənistanı idarə edən və bizim torpaqlarımızı tarixən işğal edib, düşmən ölkəyə bağışlayan həmin qüvvə bu prosesləri həyata keçirir”.

Prezidentlik kürsüsündən uzaqlaşdırıldıqdan sonra da Ter-Petrosyanın dəfələrlə belə bəyanat verdiyini diqqətə çatdıran E.Məmmədovun sözlərinə görə, Ermənistanda baş tutacaq prezident seçkiləri ərəfəsində torpaqların qaytarılması məsələsi daha tez-tez gündəmə gətirilir:

"Erməni keçmiş prezident izah edir ki, işğal olunmuş ərazilər qaytarılmasa, sülh baş tutmayacaq, Ermənistan isə hazırkından da pis vəziyyətə düşəcək. Beynəlxalq qurumlar bir qədər haqq ədalətə yaxın gələrsə, Ermənistana qarşı müxtəlif cəza tədbirləri, sanksiyalar tətbiq oluna bilər. Bu, reallıqdır. Təbii ki, onun məlum fikri hazırda Ermənistanda hakimiyyətdə olan hərbi-quldur dəstəsini qane etmir. Ancaq erməni cəmiyyətinin müəyyən dairələrində bu fikir müsbət qarşılanır. Siyasi dairələrdə sağlam düşüncəyə malik olan şəxslər düşünür ki, Ter-Petrosyan bu fikrində haqlıdır. Əgər müharibənin alovlanmasını istəmirlərsə, Dağlıq Qarabağ ətrafı torpaqlardan çıxmalıdırlar. Dağlıq Qarabağ isə gələcək danışıqlara uyğun şəkildə Azərbaycanın tabeliyində qalmaqla, beynəlxalq aləmdə mövcud olan ən yüksək muxtariyyətlə təmin oluna bilər”.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın sözlərinə görə ermənilər bunu könüllü etməsə, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq.

Aysel Aslan