Hökumət qurulacaqmı?

Türkiyədə iqtidar-müxalifət liderlərinin təmasları başlayıb
Kılıcdaroğlu şərtlərindən bir addım geri çəkilməyəcəklərini bildirib



Dünəndən etibarən Türkiyədə koalisiya hökumətinin qurulması üçün rəsmi danışıqlar başlayıb. Parlament seçkisində ən çox səs toplayan və Türkiyə prezidenti Ərdoğanın hökumət qurmaq üçün mandat verdiyi baş nazir Əhməd Davudoğlu ilk rəsmi görüşünü seçkidə ikinci olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə keçirib.

Növbəti görüş isə iyulun 14-də seçkidə 80 deputat mandatı qazanan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı ilə olacaq. Davudoğlunun üçüncü görüşü iyulun 15-də Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəttin Dəmirtaşla baş tutacaq. Görüşlərdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürəcəklər. Ramazan bayramından sonra isə görüşlərin ikinci turuna start veriləcək. Məlumat üçün deyək ki, CHP sədri ilə ilk görüşdə Davudoğlunu müavini Numan Kurtulmuş, İnkişaf naziri Cevdet Yılmaz, Mədəniyyət və Turizm naziri Ömer Çelik müşayiət ediblər. Kamal Kılıcdaroğlu isə müavinləri Haluk Koç, Selin Sayek və Faik Öztrak ilə görüşə qatılıb. Görüş mətbuata bağlı keçirilib.

AKP-nin koalisiya mesajları

Xatırladaq ki, Türkiyədə 16 ildən sonra yenidən koalisiya hökuməti ilə bağlı görüşlər keçirilir. Buna görə də baş nazir Əhməd Davudoğlu koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya liderləri ilə bir araya gəlməyi düşünür. Davudoğlunun ilk olaraq CHP ziyarətində "bölgədəki proseslər və iqtisadi faktorlar siyasi sabitliyin son dərəcə zəruri olduğunu göstərir. Bu baxımdan biz koalisiya hökumətinin qurulmasını səmimi olaraq istəyirik” mesajı verməsi gözlənilir. Verilən məlumata görə, Davudoğlu ilk görüşlərdə hər hansı şərtlərdən, qırmızı xətlərdən söz açmayacaq. Sadəcə ümumi şəkildə hökumət qurmaqla bağlı müzakirələr aparılacaq və partiya liderlərinin mövqeləri öyrəniləcək. CHP ilə görüş sırasında Prezident Ərdoğanın Ankarada deyil, İstanbulda olması da kulislərdə müzakirəyə səbəb olub. Siyasilər görüş öncəsi hakim partiyada narahatlığın, CHP-də isə həyəcanlı hay-küyün olduğunu deyiblər.

"4 illik güclü hökumətə ehtiyac var”

CHP-nin İstanbuldan olan millət vəkili Akif Hamzaçebi Türkiyənin bir seçim hökumətinə deyil, dörd illik güclü bir hökumətə ehtiyacı olduğunu deyib. Onun sözlərinə görə, əgər alınarsa, bir reform hökuməti qurulmalıdır: "Müvəqqəti kreslo paylaşımından ibarət olan bir koalisiya hökumətinin Türkiyəyə heç bir yararı olmaz. Təklif sahibi hörmətli baş nazirdir. Hansı təklifi edəcək və ya ümumiyyətlə təklif edəcəkmi, yoxsa sadəcə nəbzimizi ölçəcək, bütün bunlar görüşdən sonra aydın olacaq”.

"Baş nazir olsam, prezident sarayına getməyəcəm”

CHP sədri Kamal Kılıçdaroğlu jurnalistlərə açıqlamasında koalisiya hökumətində baş nazirin müavini olmayacağını istisna etməyib. Kılıcdaroğlu baş nazir olacağı təqdirdə saraya getməyəcəyini və Ərdoğanın Baykalla görüşdüyü şəkildə prezidentlə bir araya gələcəyini bildirib. O həmçinin, AKP ilə CHP arasında əvvəllər mövcud olan etimadsızlığın indiki danışıqlarda problem yarada biləcəyini və koalisiya hökumətinin qurulması üçün 14 maddəlik şərtlərin dəyişməz qaldığını vurğulayıb: "Biz CHP-MHP və kənardan HDP-nin dəstəkləyəcəyi bir hökumət qurmağı nəzərdə tutmuşduq. Mənim istəyim bu idi. Ancaq təəssüf ki, reallaşmadı”.
Ancaq koalisiya müzakirələri baş tutarsa, CHP vazkeçilməz iki şərtini irəli sürəcək - növbəli baş nazirlik və daxili işlər nazirliyi. Ancaq konkret nəticə üçün partiya liderləri dəfələrlə bir araya gəlməlidir.

MHP gözləmə vəziyyətindədir

Ayın 14-də Davudoğlunu qəbul etməyə hazırlaşan MHP bütün diqqətini AKP-CHP görüşünə yönləndirib. Bu görüşdən sonra veriləcək açıqlamalar millətçilər tərəfindən müzakirə ediləcək və iki partiyanın razılaşmaya yaxın olub-olmadıqları dəyərləndiriləcək. Ondan sonra MHP hakim partiya ilə ilkin olaraq hansı məsələləri danışacağını və qəti şərtlərini müəyyən edəcək.

İsmayıl