İçim, içməyim? - Hamı hər gün içdiyi suya indi yan baxır

119 uşaq xəstəxanalıq oldu, Səhiyyə Nazirliyi isə məsələdən yayınır
Necə ola bilər ki, 119 uşaq eyni vaxtda xəstəxanaya yerləşdirilsin, onların nədən zəhərləndiyi bilinməsin və kimsə də məsuliyyət daşımasın?!

Su kabusu bitmir. Çünki 119 uşağın zəhərlənməsindən 4 gündən artıq müddət keçir, amma hadisənin nədən baş verdiyi hələ də dəqiqləşdirilməyib.

Bu isə əhali arasında narahatlığa səbəb olur. Hansı körpədə ishal, qusma, qızdırma müşahidə edilirsə, valideynin həyəcanı artır və bu halın hansısa yeni virusla bağlı olması şübhələri çoxalır. Son günlər dilimizə rotavirus ifadəsi daxil olub, ondan. Gərginliyin əsas səbəbi isə əlbəttə ki, uşaqlar arasındakı zəhərlənmə ilə əlaqəli dövlət qurumlarının yekun rəylə çıxış etməmələridir. Hamı çaş-baş qalıb, şəffaf, lətafətli suya yan baxır; içim, içməyim? Təkcə böyüklər olsa nə vardı ki?! Söhbət uşaq sağlamlığından, uşaq həyatından getdiyi məqamda səhvlərə yer yoxdur. Olmamalıdır. Amma...

Səhiyyə Nazirliyi ehtimallara "söykənir”...

Səhiyyə Nazirliyi hələ ki, ehtimallarla danışır. Dünən "Şərq”ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova medianı ajiotaj yaratmaqda, yanlış məlumat yaymaqda suçladı və dedi: nazirlik zəhərlənmənin konkret sudan baş verdiyini bildirməyib. Uşaqlardan götürülmüş analizlərdə aşkarlanan rotavirusun sudan keçməsi ehtimal olunur. İndi hər şey qaydasındadır”.
Nazirliyin su anbarlarının, ötürücü-paylayıcı qurğuların yoxlanılmasını, təhqiqat aparılmasını tələb etməsinə gəlincə, L.Bayramova "biz heç kimdən tələb edə bilmərik” söylədi. Ölkədə vətəndaşların sağlamlığına cavabdeh olan bir dövlət strukturunun bu şəkildə yaxasını kənara çəkməsi, sadəcə, təəssüf doğurur.

"Azərsu”: "Suyumuz təmizdir”

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara tam uyğun olduğunu bir daha vurğuladı:

- Suyun keyfiyyət göstəriciləri standartlara uyğundur. İyunun 5-i, 6-sı, 7-si, 8-i, 9-da aparılmış monitorinqlərdə bir dənə olsun kənarlaşma faktı aşkarlanmayıb. Bir daha bildiririk ki, xəstəxanaya yerləşdirilmiş uşaqların yaşadıqları əraziyə 3 fərqli mənbədən su verilir. Zəhərlənmə, ehtimal olunduuğu kimi sudakı rotavirus vasitəsilə baş veribsə, digər ərazilərdə yaşayanlar da bu virusa yoluxmalı idilər. Bir ehtimal da irəli sürülür ki, bəlkə suya kanalizasiya xətti qarışıb. O zaman virus paytaxta qədər yayılmalıydı. Şollar su mənbəyindən Bakıya qədər çəkilmiş su xətti H.Z.Tağıyev, Müşfiqabad qəsəbələrinə, Xırdalanın bir hissəsinə, Sulutəpəni keçməklə Yasamal su anbarına tökülür və Bakı şəhərinə paylanır. Rotavirus suda olsaydı, bu ərazilərdə də yayılardı. "Azərsu” əhalinin su təminatına cavabdehdir və birmənalı şəkildə bildiririk ki, su şəbəkəsinə daxil olan heç bir qurğuda problem yoxdur.
Səhiyyə Nazirliyi virusun suda olduğunu ehtimal edirsə, biz də belə ehtimal edirik ki, virus hansısa qida məhsulu vasitəsilə uşaqların orqanizminə düşüb. Çünki virus içməli sudan götürülmüş nümunələrdə deyil, məhz uşaqların nəcisində aşkarlanıb. O zaman bu ehtimaldan çıxış edərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzi uşaqların yaşadığı ərazidə yerləşən marketlərdə, satış nöqtələrində satılan qida məhsullarından nümunələr götürüb analizə verməlidir. Ancaq onlar bunu edə bilmir.

"Gigiyena və Epidemiologiya Mərkəzi daha çox məsuliyyət daşıyır”

Bu mülahizəni isə "Şərq”ə açıqlamasında sabiq MTN zabiti İlham İsmayıl irəli sürdü:
- Təxribat izi olsaydı, Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyətə keçərdi və bilinərdi ki, zəhərlənmə virusdandımı, yoxsa bu, həqiqətən də kimlərinsə ortaya atdığı bir təxribatdır. Əgər ortaya bir şey çıxmayıbsa, deməli, təxribat variantı aradan qalxır. Hesab edirəm ki, bu halda müstəqil ekspertiza qrupu yaradılmalıdır. Nə Səhiyyə Nazirliyindən asılı, nə də hansısa digər strukturdan. Bu müstəqil ekspertiza da hadisənin bütün tərəflərini araşdırmalı və səbəbləri aşkarlamalıdır, əhaliyə də bu haqda məlumat verilməlidir. Əhalinin narahatlığı tamamilə anlaşılandır. Çünki maarifləndirmə işi aparılmayıb. Virusla bağlı əhaliyə heç bir məlumat verilməyib. Bir-iki mətbuat orqanında və ya xəbər saytında məlumat yerləşdirilməsi, hələ əhalinin kütləvi məlumatlandırılması demək deyil. Televiziyalarda bu məsələ geniş işıqlandırılmalı və vətəndaşlara məlumat verilməlidir ki, insanlar sakitləşsin. Həm də kimsə mütləq cəzalanmalıdır. Necə ola bilər ki, 119 uşaq eyni vaxtda xəstəxanaya yerləşdirilsin, onların nədən zəhərləndiyi bilinməsin və kimsə də məsuliyyət daşımasın?! Mən belə hesab edirəm ki, burada "Azərsu”dan daha çox, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məsuliyyət daşıyır. Çünki məhz bu qurum suyun keyfiyyət göstəricilərinə daim nəzarət etməlidir. Su - içməli su strateji məhsuldur. Suya nəyinsə qarışması, tərkibinin dəyişməsi böyük təhlükələrə səbəb ola bilər. Sadəcə, bir çox sahələrdə özbaşınalıq olduğu kimi, bu sahə də başlı-başına buraxılıb. Lazımi nəzarət yoxdur.

Məlahət Rzayeva

P.S.
Rotavirusun əsasən məişət əlaqələri nəticəsində çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxduğu, bəzi hallarda isə hətta hava-damcı yoluyla yayıla biləcəyi bildirilir. Daha dalaşmaq, biri-birini günahlandırmaq nəyə lazım? Günah keçisi tapmağa nə var; meyvə-tərəvəzi yaxşı yumayan analar və bir də, gözəgörünməz hava-damcılar...